İlk M60T tankı Silahlı Qüvvələrə təhvil verilib
Türk dünyası

İlk M60T tankı Silahlı Qüvvələrə təhvil verilib

Türkiyə

Ankaranın Şereflikoçhisar rayonunda, Türkiyə Quru Qoşunları Komandanlığının modernizasiya ehtiyaclarını qarşılamaq məqsədilə tanklara qabiliyyət əlavəsi (TİYK) - M60T-nin təhvil olunma mərasimi keçirilib.

Layihə Müdafiə Sənayesi Rəyasət Heyətinin (SSB) təşəbbüsü ilə baş tutub. Mərasimdə Müdafiə Sənayesi başçısı professor Haluk Görgün, Quru Qoşunları Komandanı general Selcuq Bayraktaroğlu, ASELSAN baş direktoru Ahmed Akyol, Türkiyə Silahlı Qüvvələri və sektor nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən H.Görgün keçən dövrdə xarici şirkətlər tərəfindən aparılan təkmilləşdirmələrlə konfiqurasiyaları yenilənən M60 tanklarına texniki qulluq, yaşanan çətinliklər, məhsul və xidmət göstərən ölkələrin üzləşdiyi problemlərdən bəhs edib. O deyib: "Layihə çərçivəsində tankın əsas elementləri, xüsusilə yanğın idarə sistemi, yerli dizayn məhsulları ilə formalaşdırılıb. M60T tankları güclü hərəkət sistemləri, effektiv atəş gücü və davamlılığı ilə tanınır. Ölkəmiz bu tankları modernləşdirmə işləri ilə yeniləmiş və müasir texnologiyaya uyğunlaşdırmışdır. Yanğına nəzarət sistemlərimizi xaricə ixrac məhsulları kimi satmaqla bu sahədə texnoloji üstünlüyümüzü dünya ölkələrinə tanıtmışıq. Dizayn və istehsal proseslərinin yerli və milli səviyyədə həyata keçirilməsi, bu sistemin bütün dünyada müxtəlif konfiqurasiyalı tanklara uyğunlaşmasına yol açır".

Quru Qoşunların komandanı, ordu generalı Səlcuq Bayrataroğlu vurğulayıb: "Aparılan araşdırmalar nəticəsində Türkiyə Silahlı Qüvvələrimizin inventarına hər gün yeni məhsullar daxil edilir və ordumuzun imkanları davamlı olaraq təkmilləşdirilir. Quru əməliyyatlarının mühüm manevr elementlərindən biri olan tanklar atəşi, sürəti və zireh gücü ilə döyüş meydanının əsas silahlarından biri olmağa davam edir. Bu kontekstdə mövcud tanklarımızın yerli və milli sistemlərlə inteqrasiyası birbaşa taktiki sahədə və döyüş əməliyyatlarında əldə olunan uğurlarla bağlıdır. Bu faktı əsas götürərək, Quru Qoşunlarımızın daha təsirli və güclü olması istiqamətində səylərimizin konkret nəticəsi olaraq bu gün M60T tanklarına yeni imkanlar əlavə edirik. Bu yolla düşməni daha tez aşkar edib, daha dəqiq vurub, uzaqdan məhv edəcəyik. Bütün yerli və milli müdafiə sənayesi məhsul sistemlərinin inteqrasiya olunduğu bu gün ilk tədarük olan tankı M60T1 adlandırırıq. Və qüvvəmizi gücləndirəcək bu tankın inventarlaşdırılacağı ilə fəxr edirəm".

Təqdimat mərasimində atəşə nəzarət sistemi modernləşdirilmiş tankla da atış aparılıb. ASELSAN-ın yerli yanğın idarəetmə sistemi ilə modernləşdirilən M60T tankında ilk atışı, atıcı mütəxəssis mühəndis Büşra Doğru edib. Türkiyənin ilk qadın tank personalı Büşra hədəfləri tam dəqiqliklə vurub.

Onu da qeyd edək ki, FIRAT-M60T layihəsi çərçivəsində həyata keçirilən modernləşdirmə işlərinin davamı olaraq tanklara qabiliyyət əlavəsi (TİYK) - M60T layihəsi, ASELSAN tərəfindən lokallaşdırılıb və modernləşdirmə prosesi son mərhələyə çatıb. Bu mərhələdə M60T tanklarındakı bütün elektron sistemlər milli qaynaqlarla istehsal edilib və güc qrupundan başqa xarici asılılıq aradan qaldırılıb. FIRAT-M60T layihəsi ilə modernləşdirilən M60T tankları Türkiyənin sərhədyanı əməliyyatlarında da öz vəzifələrini uğurla yerinə yetirib.

Quru Qoşunları Komandanlığının ehtiyaclarına uyğun olaraq xarici mənşəli atəş nəzarət sistemi əvəzinə milli atəş nəzarət sistemi VOLKAN-M sisteminin hazırlanmasına da başlanılıb. Layihə çərçivəsində M60T tankına, VOLKAN-M yanğın idarəetmə sistemi, tank komandiri nəzarət rabitə informasiya sistemi, əlavə zireh mühafizəsi və ekipaj oturacaqları daxil edilib. Layihədə ROKETSAN-dan əlavə zireh qorumaları və T-Kılıp şirkətindən ekipaj oturacaqları tədarük edilib. Layihənin hazırkı mərhələsində iki modernləşdirilmiş M60T tankı Quru Qoşunları Komandanlığının inventarına əlavə olunub. Layihənin sonrakı mərhələlərində müvafiq modernləşdirmə layihəsinin Quru Qoşunları Komandanlığının inventarında olan digər M60T tanklarına da şamil edilməsi nəzərdə tutulur.

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.