Xocalı dəhşətləri: xarici mətbuat səhifələrində
Tarix

Xocalı dəhşətləri: xarici mətbuat səhifələrində

1992-ci il fevralın 26-da bəşəriyyət daha bir insanlıq faciəsinə şahid oldu. Faşist Almaniyasının yəhudilərə qarşı törətdiyi Holokost, Ruanda soyqırımı, Nankin qırğını və Srebrenitsa qətliamı kimi tarixin utanc dolu səhifələrinə Xocalı soyqırımı da əlavə olundu. Birinci Qarabağ müharibəsi zamanı - 1992-ci il fevralın 25-i axşam vaxtı Azərbaycanın Xocalı şəhərinə hücum edən azğınlaşmış erməni hərbi birləşmələri dinc sakinlərə qarşı xüsusi amansızlıq törətdilər. Misli görünməmiş faciəyə  məruz qalan Xocalı tarixi ədalətin bərpasını gözləyirdi.

19-20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun məhz Xocalını separatçılardan, Ermənistan ordusunun tör-töküntülərdən təmizlənməsindən sonra bu gün şəhər öz yaralarını sarır. 32 il ərzində xarici mətbuat Xocalı ilə bağlı dərc olunan yazılarda erməni vandallığının ifşasına geniş yer verərək bəşəriyyətin bir daha belə səhvləri təkrarlamamalı və soyqırıma layiqli cəzanın verilməli olduğu qənaətinə gəlib.

Ötən ilin iyulunda vəfat edən "Azərbaycan Gündəliyi" kitabının müəllifi, tanınmış amerikalı yazıçı və jurnalist Tomas Qoltz 15 il Türkiyə və postsovet ölkələrində jurnalist fəaliyyəti ilə məşğul olmuş, Birinci Qarabağ müharibəsi dövründə Xocalı faciəsini yaxından müşahidə etmişdir. Jurnalist faciə haqqında ilk dəfə bu sözləri demişdi: "Erməni hərbi birləşmələrinin çərşənbə günü işğal etdiyi anklavda yerləşən Azərbaycan şəhərindən gətirilmiş 17 nəfəri dəfn ediblər. 6.000 nəfər əhalisi olan Xocalı şəhərində hücum zamanı qadın və uşaqlar daxil olmaqla 500 nəfərin öldürüldüyünü dedilər. Ağdam məscidinin direktoru Səid Sadıqov bildirdi ki, Xocalı şəhərindən olan qaçqınlar çərşənbə günündən bəri onun məscidinə 477 meyit gətiriblər. Sağ qalanların sözlərinə görə, erməni əsgərləri 450-dən çox azərbaycanlıya atəş açmış və süngüdən keçirmişlər. Onların çoxu uşaq və qadınlar idi. Yüzlərlə, bəlkə də minlərlə insan itkin düşmüş və ölmüşdür".

O dövrdə "Sunday Times" nəşrində çalışan Tomas Qoltzun faciəni işıqlandırması dünyanın diqqətini bir anda Cənubi Qafqaza yönəltdi. Sonradan dəfələrlə Ümummilli lider Heydər Əliyevlə görüşən və yaddaşlarda "Heydər Əlyevin dostu" olaraq qalan jurnalist əsl həqiqətlərin anbaan dünyaya çatdırılmasında böyük rol oynamışdır.

"İndependent", 29 fevral 1992 - "Xocalıda vəziyyət pisləşib"

Ağdamdakı müxbir Elif Kaban məlumat vermişdir ki, çərşənbə günü baş verən qırğından sonra azərilər yüzlərlə insan dəfn edirdilər, hansılar ki, bu bölgənin ikinci böyük yaşayış mərkəzi olan Xocalı şəhərinin ermənilər tərəfindən işğalı zamanı öldürülmüşdü. Dəfndə iştirak edənlərdən biri jurnalistlərin üstünə qışqıraraq demişdir: "Dünya burada baş verənlərə göz yumur. Biz ölürük, siz isə baxırsınız".

"Times", 2 mart 1992 - "Qarabağda cənazə təpələri"

Müxbir Anatol Liven erməni qoşunları tərəfindən həyata keçirilən kütləvi qırğın barədə məlumat toplayan zaman atəşə tutulub. O deyir ki, biz Dağlıq Qarabağın qarla örtülmüş dağlarından aşağı düşərkən səpələnmiş meyitləri gördük. Görünür, qaçqınlar qaçarkən onlara atəş açmışdılar. Bu hadisədən sonra jurnalistlər azərbaycanlı operator tərəfindən çəkilmiş kadrlara baxdılar. Kadrlarda bizim keçdiyimiz həmin dağların müxtəlif hissələrində onlarla insan cənazələri əks etdirilirdi. Ağdama qayıdan zaman mülki vertolyotun yığdığı cənazələrə baxdıq. İki nəfər yaşlı kişi və kiçik bir qız qanına qəltan edilmiş, onların əlləri və ayaqları donmuşdu.

"Reuters", 2 mart 1992 - "İnsanların başlarının dərisi soyulmuşdur"

Azərbaycanın Qarabağ bölgəsində erməni hərbçilərinin mülki vətəndaşlara qarşı törətdiyi soyqırımı haqqında bu gün yeni bir məlumat əldə olunmuşdur. Vertolyotla bölgəyə gedən Azərbaycan jurnalistləri və rəsmiləri qayıdan zaman özləri ilə üç uşaq meyiti gətirmişlər. Onların başlarının arxa hissəsi tamamilə dağıdılmışdı. Onlar dedi ki, ermənilərin atəş açması onlara meyitləri yığmağa imkan vermədi.

"New-York Times", 3 mart 1992 - "Ermənilərin törətdiyi qırğın"

Canlı yayımda olan "BBC" müxbiri xəbər vermişdir ki, o, 100-dən çox azərbaycanlı kişi, qadın, uşaq, hətta körpənin çox qısa məsafədən başlarından güllə ilə vurulduğunu görüb. Hadisə yerində çəkilmiş şəkil dağlardan çoxlu sayda insan meyitlərinin yığılmasını təsdiq edir. Müxbir xəbər verir ki, operator və Qərbdən olan jurnalistlər ermənilərin qırdığı yüzdən çox kişi, qadın və uşaq meyitlərini görüblər. Onlar 1 metrdən də az məsafədən başlarından vurulmuşdu. Şəkildə, həmçinin təxminən 10 nəfərin, bunlar əsasən qadınlar və uşaqlar idi, başından güllə ilə öldürüldüyü göstərilir. Azərbaycan iddia edir ki, erməni qüvvələri mindən çox mülki insanı qətlə yetiriblər.

"Washington Times", 3 mart 1992 - "Vəhşiliklər insanı dəhşətə gətirir"

Qarabağda onlarla insan meyitləri səpələnmişdir və bu, 4 ildən bəri döyüşlərdə törədilmiş ən dəhşətli soyqırımın sübutudur. Bu şəhərdən yenicə qayıdan Azərbaycan rəsmiləri özləri ilə 3 uşaq meyiti gətiriblər və onların başlarının arxa hissəsi tamamilə dağıdılıb. Yerli məsciddə daha 6 meyit var idi və onların əlləri və ayaqları donmuş, üzləri isə soyuqdan qaralmışdı. Qadınlardan biri öldürülmüş atasının sinəsinə qəzəblə vuraraq "Telman!" deyə qışqırırdı. Cənazə arxası üstə uzanmış və sağ əli havada donmuşdu.

"Boston Globe", 3 mart 1992 - "Ermənilər 1000 nəfəri öldürüb"

Dünən Azərbaycan erməni hərbçilərini keçən həftə kişi, qadın və uşaqları Qarabağdakı bir şəhərdən çıxarmaqda və onları qətlə yetirməkdə ittiham etdi.

Azərbaycan rəsmiləri Xocalı şəhərində 1000 nəfər azərbaycanlının - qarla örtülmüş dağlardan qaçan kişi, qadın və uşaqların erməni hərbçiləri tərəfindən öldürüldüyünü deyir. Erməni rəsmiləri isə bunları inkar edir. İşğal zamanı Xocalıda çoxlu sayda dinc əhalinin öldürülməsini təsdiq edən faktlar get-gedə artır.

Bütün bunlar faciə haqqında ilkin təəssüratlardan bir qismi idi. Xocalı faciəsini işıqlandırmış xarici müxbirlərin bəziləri daha sonralar psixoloji pozuntular yaşamış və hadisənin dəhşətini unuda bilməmişlər. 1992-ci il fevralın 26-da ermənilərin törətdikləri vandallıq xarici mətbuat tərəfindən birmənalı olaraq qınanmış, həmin hadisələr daha əvvəl dünyada baş vermiş faciələrlə bir tutulmuşdur. Lakin təəssüf ki, ötən ilin sentyabrına qədər işğal altında qalan Xocalıda törədilən soyqırımından 32 il keçməsinə baxmayaraq, faciəyə hələ də layiqli qiymət verilməyib. Son illərdə beynəlxalq mətbuatın diqqətindən uzaqlaşdırılmağa cəhd edilmiş Xocalı soyqırımı hələ də tarixin ən dəhşətli faciələrindən biri olaraq qəbul edilir.

Bəşəriyyətin qara ləkələrindən biri olan Xocalı soyqırımı yüz illər ötsə də, yaddaşlardan silinməyəcək. Faciəyə layiqli qiymət verilməsi üçün mətbuatın rolu çox vacibdir.  Ermənilərin törətdikləri cinayət əməllərinin onların bugünkü yazıq simasından uzaq olduğunu hər kəs bilməli və dünya Xocalı soyqırımına susmamalıdır. Bəşəriyyətin ən qanlı qırğınından biri olan Xocalı faciəsi ötən 32 il ərzində dünyanın müxtəlif KİV-ləri tərəfindən işıqlandırılıb.

Tacir SADIQOV,

"Respublika".