Ermənistanı məhvə sürükləyən qüvvələr
Siyasət

Ermənistanı məhvə sürükləyən qüvvələr

Ermənistanda gərginlik getdikcə məcrasından çıxmağa başlayır. Daxili çaxnaşma, narazılıqlar, sosial rifah halının aşağı düşməsi, işsizlik problemi ölkədə vəziyyəti daha da ağırlaşdırır. Qarabağdan İrəvana köç edən ermənilərlə yerli əhali arasında qarşıdurmalar gərginliyi daha da artırır. İkinci Qarabağ müharibəsindəki biabırçı məğlubiyyətdən sonra ard-arda üzləşdikləri uğursuzluqlar nəticəsində narazı kütlə ölkə rəhbərliyinin istefasını tələb edir. Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasından sonra erməni vətəndaşlar arasında yaranmış gərginlik artıq pik nöqtədədir. Sakinlər kəndləri boşaltmaq istəmir. Sözsüz ki, burada kənar qüvvələrin də təsir mexanizmi öz rolunu oynayır. Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası prosesi ətrafında baş verən son hadisələr Ermənistanın keçmiş hakimiyyət təmsilçiləri və din xadimlərinin birgə həyata keçirdikləri təxribatların nəticəsidir. Bu isə o deməkdir ki, Ermənistanda ötən zamanlardan miras qalan kilsə nəzarəti və siyasi məsələlərə müdaxilə prinsipi hələ də özünü qoruyub saxlayır. Aydındır ki, ölkə daxilində iğtişaşlar törətməyi qarşısına məqsəd qoyan qüvvələr həmin klanın ayrı-ayrı nümayəndələrinə arxalanırlar.

Erməni apostol kilsəsinin Tovuz yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyan sülhə qarşı mübarizənin önündə gedənlərdəndir. Son günlər Tovuzdakı etiraz aksiyalarını məhz o idarə edir. Sülh və əmin-amanlığa çağırışlar əvəzinə, erməni apostol kilsəsi hakimiyyətə qarşı mübarizədə kənar qüvvələrin alətinə çevrilib. Buna görə də Qareginin rəhbərlik etdiyi kilsə cəmiyyətdə parçalanmaya da səbəb olur. Ermənistan parlamentində təmsil olunanlar arasında məsələ ilə bağlı narazılıqlarını bildirib, dinin dövlət siyasətinə qarışmasından narahatlıq keçirənlər də var. Məsələn, parlamentdə hakim "Vətəndaş müqaviləsi" fraksiyasından Artur Hovannisyan qeyd edir ki, kilsə və müxalifətin təklifləri Ermənistanın dövlətçiliyi üçün təhlükədir: "Bu qəti şəkildə qeyri-məqbuldur və özündə Ermənistan Respublikası üçün hüquqi, siyasi, diplomatik və hərbi risklər ehtiva edir".

Vəziyyət o hala gəlib ki, narazı insanlar yolları bağlayır, paytaxtla əyalətlərin əlaqəsini kəsməyə çalışır, Azərbaycanla Ermənistan arasındakı sərhədin müəyyən edilməsinə qarşı çıxırlar. Artıq günlərdir aksiyalar davam edir. Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, kəndlərin qaytarılması Ermənistanın ərazi bütovlüyünün təmini üçündür. Vəziyyətdən istifadə edərək süni gərginlik yaradan və əlverişli şəraitdən şəxsi mənafeləri üçün istifadə edənlər baş verənlərin ssenari müəllifləridir. Köçəryan və Sarkisyan cütlüyü erməni kilsəsinin bəzi nümayəndələri ilə birləşərək ölkədaxili vəziyyəti gərginləşdirib, hakimiyyəti ələ keçirmək məqsədi güdürlər. Ola bilsin ki, erməni cəmiyyəti arasında bəzi zümrələr ötən illərdə, Sarkisyan və Köçəryan hakimiyyəti dövründəki "uğurları" xatırlayıb adıçəkilən şəxslərin yalançı vədlərinə inanır. Əslində isə bu, kökündən yanlış təbliğatdır.

Çünki nə Ermənistan 30 il öncəki ölkədir, nə də Azərbaycan. Bu gün regionun güc mərkəzi, söz sahibi, Cənubi Qafqazın aparıcı dövləti məhz Azərbaycandır. Bu səbəbdən də erməni vətəndaşlar həm özlərinin gələcək rifahı, həm ölkəsinin inkişafı, həm də ümumi regionun sülh və sabitlik şəraitində olması üçün süni canfəşanlıq edən qüvvələrin təsirindən çıxmalıdırlar. Bu gün həmin qüvvələr insanları küçələrə çıxarmağa, yolları bağlamağa, vətəndaşları qarşıdurma yaratmağa dəvət edirlər.

Digər tərəfdən, sözügedən kəndlər tarixi Azərbaycan kəndləridir və işğaldan əvvəl bu yerlərin sakinləri azərbaycanlılar olub. Onu da qeyd etmək lazımdır ki, Qarabağ ərazisindən kifayət qədər aralıda yerləşən Qazax rayonunun 7 kəndi Ermənistan tərəfindən işğal edilmişdir. Ötən ay geri qaytarılan 4 kənddən biri olan Bağanis Ayrım - Coğaz çayının sahilində yerləşir. Keçmiş adı Seyid Ayrımdır. Yaşayış məntəqəsi ayrımların seyidli qoluna mənsub ailələrin yaşadığı Bağanis kəndi yaxınlığında salındığı üçün belə adlandırılıb. Seyidlilər XIX əsrin əvvəlində 108 ailədən ibarət tayfa olublar. Kənd 1990-cı il martın 24-də erməni silahlıları tərəfindən işğal olunub. Digər kəndimiz Xeyrimli 1992-ci il martın 8-də, Barxudarlı və Sofulu aprelin 27-də, Yuxarı Əskipara iyunun 8-də, Qızıl Hacılı həmin ayın 11-də, Aşağı Əskipara isə 14-də ermənilər tərəfindən işğal edilib. İşğal edilən 7 kəndin 7 mindən çox əhalisi Qazax rayonu ərazisinin müxtəlif yerlərində məskunlaşıb. Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində kəndlərdə olan bütün tarixi mədəniyyət abidələri dağıdılaraq yandırılıb. Təkcə Yuxarı Əskipara kəndində V-VII əsrlərə aid Alban məbədi, XII əsrə aid yeraltı su kəməri, XII əsrdə inşa edilən Qüllə, Türbə, Qatır körpüsü, Kazım körpüsü, Qulucanlı körpüsü, Koroğlu qülləsi və qədim hamam qalıqları, XIV əsrdə salınan yeraltı yol, XVI əsrdə inşa edilən Şəhərgah qalası və s. yerlə-yeksan edilib. Digər işğal edilən kəndlərdə dağıdılan tarixi mədəniyyət abidələri az deyil. Toponimlərdən də aydın olur ki, sadalanan bütün yer adlarının hamısı Azərbaycan adlarıdır.

İlk dəfədir ki, hər iki dövlət ortaq məxrəcə gələrək razılıq əldə edib. Son zamanlar Ermənistan hakimiyyətində bir yumşalma, sülh prosesinə doğru addım atmaq cəhdi sezilir. Belə olan halda, müxalif qüvvələrin yersiz səyləri ölkəni daha da bataqlığa sürükləmək və məhvə doğru aparmaqdan başqa bir şeyi ifadə etmir. Bunu erməni xalqı da anlamalı və inkişaf, tərəqqi yolunda Azərbaycan dövləti ilə razılığa gəlməlidir. Anlaşılan odur ki, Ermənistanda radikal və revanşist qrupların yenidən baş qaldırması Cənubi Qafqazda davamlı sülhdə maraqlı olmayan regiondankənar qüvvələrin təbliğatıdır.

Ramidə YAQUBQIZI,

"Respublika".