Özbaşınalığı demokratiya adlandıran Fransa
Siyasət

Özbaşınalığı demokratiya adlandıran Fransa

Ötən il noyabr ayının 1-də Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "Mən bu gün şəhidlərin xatirəsini yad etdim, Şəhidlər memorialını, eləcə də Mücahidlər Muzeyini ziyarət etdim və gördüklərim mənə çox təsir etdi. Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir".

İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda nazirlər görüşündə çıxışı zamanı ölkə başçımız qətlə yetirilən insanların kəllə sümüklərinin hələ də Paris muzeyində saxlanmasını Fransa hökuməti üçün utancverici olduğunu bildirmiş və Emmanuel Makrondan bu qəhrəmanların qalıqlarının Əlcəzairə təhvil verməsini tələb etmişdir.

1830-cu ildə Əlcəzairin ərazilərini tutan Fransa işğalçılıq siyasətini 1862-ci ilə qədər davam etdirmiş, 30 ildən çox müddətdə Əlcəzair xalqının başına misli görünməmiş müsibətlər gətirmişdir. Bu günlərdə Fransanın Nanter şəhərində 17 yaşlı Əlcəzair əsilli yeniyetmənin polis tərəfindən qətlə yetirilməsi özünü Avropanın demokratiya mərkəzi adlandıran Fransanın tarixi boyu həyata keçirdiyi əməllərini hələ də davam etdirdiyini, digər xalqlara qarşı dözümsüzlüyünü bir daha sübuta yetirdi. İnsan hüquq və azadlıqlarından dünyaya "dərs keçən", özünü demokratik dəyərlərə sahib ölkə kimi göstərməyə çalışan bu müstəmləkəçi ölkədə baş verənlər Fransanın iç üzünü açıb göstərdi. Belə ki, irqi ayrı-seçkilik zəminində bir gəncin polis tərəfindən güllələnməsi və polisin bunu ört-basdır etməklə yalana əl atması hökumətin ədalətsiz siyasətinin təzahürüdür. Çünki bütün dövlətlərdə olduğu kimi, Fransada da polis yalnız özünə, yanında olan digər həmkarına və ətrafdakı insanlara təhlükə yarandığı halda silaha əl ata bilər. Gənc yeniyetmənin isə adi yol hərəkəti qaydalarını pozması səbəbindən polisə tabe olmamasına görə güllənməsi Fransa hökumətinin hansı siyasət apardığını aydın şəkildə nümayiş etdirir. Qeyd edək ki, ötən il bu zəmində hadisələr zamanı 13 nəfər həyatını itirmişdir. Bu il isə polisin qətlə yetirdiyi yeniyetmənin ölümü ikinci hadisədir.

Bu gün dünyanın bütün sivil ölkələrində mətbuat, söz azadlığı mövcuddur və medianın sərbəst fəaliyyətinə dövlətlər tərəfindən lazımi şərait yaradılır. Bəs Fransada necə?.. Dünyanın "demokratiya beşiyi"ndə isə hadisələr tamamilə əksinə cərəyan edir. Belə ki, Nael adlı 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra baş verən hadisələri, küçələrə axışan etirazçıların kütləvi nümayişlərini işıqlandıran jurnalistlərin iğtişaşçılar tərəfindən fiziki hücumlara məruz qalması bu ölkədə söz, fikir, mətbuat azadlığının olmadığını göstərir. Digər tərəfdən isə media nümayəndələrinə qarşı amansız davranışlar Fransada cinayət hadisələrinin adi hal aldığını göstərir. Qeyd edək ki, Azərbaycan Televiziyasının Fransada çəkiliş aparan əməkdaşları vəzifələrini yerinə yetirərkən iğtişaşçılar tərəfindən hücuma məruz qalıblar. Müxbir və operator əllərindən alınan texnikaları tələb etdikdə isə onları silahla hədələyiblər. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter hesabındakı paylaşımında qeyd olunub: "Jurnalistlərə qarşı törədilən bu hücumun qısa müddət ərzində Fransa hüquq-mühafizə orqanları tərəfindən araşdırılacağını, cinayətkarların müəyyən edilərək cəzalandırılacağını gözləyirik".

Kanada, Cibuti, Haiti, Vyetnam, Əlcəzair, Mərakeş, Tunis, Karib dənizi sahilləri və s. kimi bir çox əraziləri işğal etmiş, sərvətlərini talamış, xalqlarını əsarətdə saxlamış Fransa indi özünü humanist ölkə kimi göstərməyə çalışır. Lakin dünyanın 50-dən artıq ölkəsinin ərazilərini talan edən, əsrlər boyu işğalçılıq siyasəti yürüdən, müharibə cinayətləri törədən, yüz minlərlə insanın həyatına son qoyan bu ölkənin keçmişi də, indisi də bütün dünyaya məlumdur. Müstəmləkəçi dövlət olan Fransada neokolonializm hələ də davam etdirməyə çalışır. Lakin tarix boyu işğalçılıq siyasəti yürüdən bu "demokratik" ölkənin qoşunlarının bu yaxınlarda Mali və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin artıq uğursuzluğa məhkum olduğunu göstərdi.

Özbaşınalığı demokratiya adlandıran Fransa hökuməti irqi, dini, etnik ayrı-seçkiliyi dərinləşdirir ki, bu da cəmiyyət arasında Makron hakimiyyətinə qarşı nifrəti daha da artırır. Eyni zamanda, ölkədə xeyli müddətdir ki, pensiya islahatına - təqaüd yaşının 62-dən 64-ə qaldırılması haqqında qanun layihəsinin qəbul olunmasına qarşı etiraz aksiyaları səngimir, Emmanuel Makronun həyata keçirdiyi ikiüzlü siyasət ölkə vətəndaşları arasında itaətsizlik, etimadsızlıq yaradıb. Nəticədə isə insanlar polis tərəfindən zorakılığa, hətta güllələnməyə məruz qalırlar. Ölkəsini idarə edə bilməyən Fransa Prezidenti Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəçisi kimi çıxış etməsi sözün əsl mənasında gülüncdür. Müstəqilliyini tələb edən korsikalıları terrorçu adlandıran, işğal etdiyi ərazilərin milyonlarla əhalisinə muxtariyyət verməyən Fransa Azərbaycanın daxili işlərinə müdaxilə edərək, birmənalı olaraq hüququ çatmayan məsələlərə qarışır, Azərbaycan ərazilərində yaşayan ermənilərə status verilməsini tələb edir. Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda nazirlər görüşündə bu barədə də fikirlərini bildirən ölkə başçımız Fransanın Qarabağ bölgəsində erməni separatizmini dəstəklədiyini və Cənubi Qafqazda "Orientalizm" müstəmləkəçilik siyasətini həyata keçirmək istəyini diqqətə çatdırıb.

Qeyd edək ki, bu il may ayının 1-də BMT-nin İnsan Haqları Şurası Fransada insan hüquqlarının vəziyyətini araşdırdıqdan sonra ölkəni polis zorakılığına və irqi ayrı-seçkiliyə son qoymağa çağırıb. Bu çağırışa ABŞ, Tunis də daxil olmaqla bir çox ölkə qoşulub. ABŞ nümayəndəsi Kelli Billinqs "Fransaya antisemitizm və müsəlmanlara qarşı dini nifrətdən qaynaqlanan cinayətlər və zorakılıq təhdidləri ilə mübarizə səylərini gücləndirməyi tövsiyə edirik", - deyə vurğulayıb.

Dünyada müstəmləkəçi ölkə olaraq tanınan Fransada irqi ayrı-seçkilik, ksenofobiya, islamofobiya hər zaman olub. Emmanuel Makronun hakimiyyətində isə bu meyillər daha da güclənib. Bütün bunları nəzərə alaraq Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası vətəndaşlarının zəruri olmadığı təqdirdə, Fransaya səfər etməmələrini, səfər edənlərə isə ehtiyatlı olmalarını tövsiyə edir.

Mehparə ƏLİYEVA,

"Respublika".