Uğurlu diplomatiyamızın təcəssümü - Brüssel  formatı
Siyasət

Uğurlu diplomatiyamızın təcəssümü - Brüssel  formatı

Azərbaycan 30 il davam edən tarixi ədalətsizliyə 2020-ci il 10 noyabr tarixində son qoydu.

Noyabr ayının 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanatla münaqişənin hərbi mərhələsi başa çatdı, Azərbaycan torpaqları Ermənistanın uzun illər davam edən işğalından azad olundu. Bundan sonra sülh sazişinin imzalanması üçün bir sıra formatlarda görüşlər keçirildi. Bunlardan ən önəmlisi isə Brüssel görüşləridir.

Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir. Belə üçtərəfli formatda görüşlərə 2021-ci ilin 14 dekabrında start verildi. Bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyuldu. Proseslərin davamı və inkişafı olaraq tərəflər arasında intensiv təmaslar aparıldı, telefon danışıqları keçirildi.  Sözügedən üçtərəfli görüşdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatında əldə olunan razılaşmalarla bağlı bir sıra xüsusi məqamlar vurğulanıb ki, bu da, ilk növbədə, Azərbaycanın diplomatik uğuru kimi qiymətləndirilir. Ayrıca olaraq nəqliyyat kommunikasiyasının açılması məsələsinə də Şarl Mişel açıq dəstəyini ifadə edib. Bu isə o deməkdir ki, Azərbaycanın mövqeyi Avropa İttifaqı tərəfindən də dəstəklənir.

Növbəti Brüssel görüşü 6 aprel 2022-ci ildə baş tutub. Həmin gün görüşdən qabaq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Prezident İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla ayrılıqda təkbətək görüşüb. Təkbətək görüşdə Prezident İlham Əliyev üçtərəfli görüşün "nəticəyönümlü olacağına ümidvar" olduğunu deyib.

Azərbaycan Ermənistanla beynəlxalq hüquq normaları əsasında sülh sazişi imzalamağa hazır olduğunu dəfələrlə bəyan edib və bu məqsədlə qarşı tərəfə beş bənddən ibarət təklif göndərib. Brüssel görüşündə bu məsələ də diqqət mərkəzində olub. Bir sözlə, görüşdə tərəflər zəruri məsələləri əhatə edəcək sülh sazişinin hazırlanması üzərində işləmək üçün xarici işlər nazirlərinə müvafiq tapşırıq vermək barədə razılığa gəldilər. Görüşdə qarşılıqlı etimad mühitinin yaradılması, humanitar addımlar, itkin düşən şəxslərin taleyi, minatəmizləmə prosesi ilə bağlı müsbət yanaşmalar ortaya qoyuldu.

2022-ci il mayın 22-də İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan arasında üçüncü Brüssel görüşü oldu. Ölkə başçımız görüş zamanı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, bu xüsusda Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan beş prinsipin təqdim olunması, iki ölkə arasında münasibətlərin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası ilə bağlı müzakirə olunan məsələlərə toxunub.

Dövlət başçısı İlham Əliyev qeyd edib ki, bu, görüş xatirinə görüş deyil. Bu predmetli görüşün keçirilməsi, Ermənistan tərəfindən də addımların atılması, işartıların görünməsi növbəti görüşü zəruri etdi. Bunun nəticəsidir ki, 31 avqust 2022-ci il tarixində dördüncü Brüssel görüşü keçirildi. Ümumiyyətlə, 31 avqust Brüssel görüşü Azərbaycanın, region xalqlarının maraqları, sülhün təmin edilməsi istiqamətində çox uğurlu və nəticəyönümlü bir proses oldu.

Növbəti Brüssel görüşü cari ilin 14 may tarixinə təsadüf etdi. Hər iki tərəf Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin Brüssel formatının bərpası ilə bağlı məmnunluqlarını ifadə etdilər. Prezident İlham Əliyev Şarl Mişelə bu istiqamətdə göstərdiyi səylərə görə minnətdarlığını bildirdi. Görüş çərçivəsində son aylar ərzində Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı baş verən hadisələr, Vaşinqton danışıqları, Azərbaycan-Ermənistan sərhədində vəziyyət müzakirə olundu.

Ermənistandan fərqli olaraq Azərbaycan məqsədyönlü, sistemli, sözü ilə əməli bir olan davranış sərgiləyir. Biz bunu sayca 6-cı dəfə keçirilən Brüssel görüşü zamanı da müşahidə etdik. Həmin Brüssel toplantısı da  15 iyulda  Şarl Mişel, ölkə başçımız İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutdu. Ölkə başçımızın diplomatik məharəti, həyata keçirdiyi xarici siyasət dövlətimizin mövqeyini daha da gücləndirir.  Bu görüşdə bir çox məsələlər ilk dəfə səsləndi. İlk dəfə olaraq Avropa İttifaqı "Laçın yolu" terminindən istifadə etdi. Bu da o deməkdir ki, Aİ birmənalı şəkildə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır.

Son illər Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər yeni inkişaf səviyyəsinə yüksəlib. Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun daha da yüksəlməsi, Prezident Şarl Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və təmaslar, Azərbaycanla Ermənistan münasibətlərinin normallaşması sülh müqaviləsi üçün mühüm şərtdir.

Röya RÜSTƏMLİ,

"Respublika".