DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

EMMANUEL MAKRONUN YENİ KALEDONİYAYA SƏFƏRI

Fransa prezidenti Emmanuel Makron ölkənin dənizaşırı ərazisi olan Yeni Kaledoniyaya səfər edib. Bu barədə məlumatı “Le Figaro” qəzeti yayıb. Səfərin məqsədi ərazidə sabitliyin və təhlükəsizliyin yenidən təmin olunmasıdır.

Makron qeyd edib ki, Yeni Kaledoniyada baş verən iğtişaşlara görə əraziyə göndərilən hüquq-mühafizə orqanlarının təqribən 3000 əməkdaşı hələ orada qalacaqlar. Fransa lideri Yeni Kaledoniyaya daxili işlər, müdafiə və dənizaşırı ərazilər üzrə nazirləri ilə birgə səfər edib.

Bununla yanaşı, Emmanuel Makron Yeni Kaledoniyaya səfərindən sonra keçirilən mətbuat konfransında bildirib ki, Fransa hakimiyyəti Yeni Kaledoniyaya əlavə zirehli texnika və helikopterlər göndərəcək.

Fransa prezidenti həmçinin Yeni Kaledoniyada seçki islahatını təxirə salıb: “Bu islahatın indiki kontekstdə zorla həyata keçirilməyəcəyini söz vermişdim və dialoqun bərpasına imkan vermək üçün özümüzə bir neçə həftə vaxt veririk”.

LONDONDA RUSİYA KƏŞFİYYATINA YARDIM EDƏN ŞƏXS SAXLANILIB

Böyük Britaniyanın şərqində yerləşən Harlou şəhərinin sakini Rusiya kəşfiyyatına kömək etməkdə ittiham olunub. Bu barədə “BBC” agentliyi London polisinə istinadən məlumat yayıb.

Açıqlamaya əsasən, 64 yaşlı Hovard Maykl Fillips Londonun mərkəzində terrorla mübarizə polisi tərəfindən həbs edilib. Onun işinə Vestminster magistrat məhkəməsində baxılacaq.

London polisi bildirib ki, bu işdə ictimaiyyət üçün daha geniş təhlükə yoxdur, həmçinin bu həbs 2023-cü il Milli Təhlükəsizlik Aktı ilə irəli sürülən digər istintaq və ittihamlarla bağlı deyil.

Məlumata görə, Fillips polisin insanları onların xarici gücdən gələn təhdidlə əlaqəli fəaliyyətlərdə olduğundan şübhələnmək üçün ciddi əsaslar yarananda heç bir order olmadan saxlamağa icazə verən bu qanunun müddəasına əsasən həbs edilib.

Polis şübhəlinin hərəkətlərinin təfərrüatlarını açıqlamayıb, lakin onları Birləşmiş Krallıqla bağlı fəaliyyətlərin həyata keçirilməsində xarici kəşfiyyat xidmətinə maddi yardım kimi təsnif edib.

ABŞ LİVİYADA MÜVƏQQƏTİ DİPLOMATİK NÜMAYƏNDƏLİK AÇMAQ NİYYƏTİNDƏDİR

ABŞ Rusiyanın Liviyadakı təsirinə qarşı mübarizə aparmaq üçün bu ölkədə müvəqqəti diplomatik nümayəndəlik açmağı planlaşdırır. “TASS” agentliyinin xəbərinə görə, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilən dinləmələrdə dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Barbara Lif bildirib.

“Sizin Dövlət Departamentinin Liviyada müvəqqəti diplomatik nümayəndəlik yaratmaq planlarını dəstəkləməyiniz Rusiyanın bu ölkədəki destruktiv təsirinin artması fonundan diplomatiyamızı genişləndirməyə imkan verəcək”, - deyə Barbara Lif vurğulayıb.

Eyni zamanda, dövlət katibinin köməkçisinin sözlərinə görə, ABŞ hökuməti Liviyanın demokratik, sabit və vahid dövlətə keçidini dəstəkləməkdə davam edir.

Xatırladaq ki, rəsmi Vaşinqton 2014-cü ildə Tripolidəki səfirliyini bağlayıb. Liviyadakı ABŞ vətəndaşlarına lazımi diplomatik yardım Birləşmiş Ştatların Tunisdəki səfirliyi vasitəsilə həyata keçirilir.

ÇİNİN AY PROQRAMI NASA-NIN NARAHATLIĞINA SƏBƏB OLUB

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) direktoru Bil Nelson Çinin Ay proqramı ilə bağlı narahatlığını bildirib. “Report” agentliyinin xəbərinə görə, bu barədə NASA rəhbəri ABŞ Senatının Təxsisatlar Komitəsində keçirilən dinləmələrdə çıxışı zamanı bəyan edib.

NASA rəhbəri vurğulayıb ki, ABŞ-ın Ay proqramı ona həvalə olunmuş idarənin cari fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir.

“Ayın Cənub qütbünə getmək istəməyimizin səbəbi bildiyimiz qədəri ilə orada daimi kölgədə olan qaya yarıqlarında buzun olmasıdır. Orada həqiqətən də hidrogen və oksigen varsa, deməli, söhbət dəyərli resursdan gedir. Buna görə Çin də Cənub qütbünə doğru gedir. Mən bununla bağlı narahatlığımı açıq şəkildə bildirmişdim və mövqeyimlə bağlı dəyişən bir şey yoxdur”, - deyə NASA rəhbəri əlavə edib.

Xatırladaq ki, Çin tarixdə ilk dəfə Ayın əks tərəfindən torpaq nümunələrini toplamaq üçün mayın əvvəlində “Çanye-6” avtomatik kosmik stansiyasını kosmosa göndərib. Ayın uzaq tərəfində eniş yeri olaraq Cənub Qütbü-Eytken hövzəsində yerləşən Apollon krateri seçilib. Bildirilir ki, zond Ayın orbitinə uğurla daxil olub.

AVROKOMİSSAR GÜRCÜSTANIN BAŞ NAZİRİNİ SUİ-QƏSDLƏ HƏDƏLƏYİB

Gürcüstanın baş naziri İrakli Kobaxidze “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu ilə əlaqədar Avropa komissarı tərəfindən təhdidlərə məruz qaldığını açıqlayıb. “Report” agentliyinin xəbərinə görə, bu barədə baş nazir çıxışı zamanı bəyan edib.

“Qərbdən uzun müddətdir davam edən şantaj fonunda Avropa komissarlarından biri ilə telefon danışığında mənə qarşı hədə heyrətləndirici idi. Avropa komissarı mənimlə söhbətində bu qanuna veto aradan qaldırılarsa, Qərb tərəfdaşlarının görə biləcəyi bir sıra tədbirləri sadalayıb və daha sonra qeyd edib: Fitso ilə hansı hadisənin baş verdiyini gördünüz, çox diqqətli olmalısınız”, - deyə baş nazir vurğulayıb.

Eyni zamanda, İrakli Kobaxidze bildirib ki, Slovakiyanın baş naziri Robert Fitsoya sui-qəsd cəhdi ilə bağlı ölkələrdən birinin xüsusi xidmət orqanlarının izi aşkarlanıb və bu dövlət “qlobal müharibə tərəfdarları” ilə xüsusilə sıx bağlıdır.

BÖYÜK BRİTANİYADA PARLAMENT SEÇKİLƏRİNİN VAXTI MƏLUM OLUB

Böyük Britaniyanın baş naziri Rişi Sunak Nazirlər Kabinetinin  iclasından sonra ölkədə iyul ayı üçün növbədənkənar parlament seçkilərinin keçiriləcəyini elan edib. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Rişi Sunak jurnalistlərə verdiyi açıqlama zamanı deyib: “Növbədənkənar seçkilər 4 iyulda keçiriləcək. Kral III Çarlzdan parlamentin buraxılması üçün icazə istədim. Parlament növbəti həftə buraxılacaq. Artıq Britaniyanın öz gələcəyini seçmək vaxtıdır”.

Qeyd edək ki, bir müddət öncə Böyük Britaniyanın baş naziri parlamentdə çıxışı zamanı seçkilərin erkən keçiriləcəyi ilə bağlı iddiaları təkzib edərək seçkilərin ilin ikinci yarısında keçiriləcəyini qeyd etmişdi.

İnflyasiyanın azalması, Beynəlxalq Valyuta Fondunun artım proqnozlarını yüksəltməsi, Böyük Britaniyanın tənəzzüldən çıxması kimi göstəricilər baş nazirin erkən seçkilərə getməsinə səbəb kimi qeyd olunur.

RUSİYA URANINA QADAĞA QOYULSA Aİ CİDDİ ENERJİ PROBLEMİ İLƏ ÜZLƏŞƏCƏK

“Avropa İttifaqının “yaşıl enerji” siyasəti uğursuzluğa məhkumdur. Əgər Brüssel Rusiya uranının idxalını qadağan etmək qərarına gəlsə, onun üçün xüsusi olaraq Rusiyadan olan yanacaqdan ötrü nəzərdə tutulmuş reaktorların təhlükəsizliyini təmin etmək çətin olacaq”. “Sputnik” informasiya agentliyinin xəbərinə görə, bu fikri Rusiya Xarici İşlər Nazirliyinin Birinci Avropa Departamentinin direktoru Artyom Studennikov bildirib.

Bundan əvvəl Belçikanın energetika naziri Tinne van der Straten ölkəsinin Rusiyadan atom elektrik stansiyaları üçün uranın tədarükündən ötrü yeni müqavilələrin bağlanmasına qarşı ümumavropa səviyyəsində çıxış etməyə hazır olduğunu bəyan edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi vurğulayıb ki, Belçika və bir çox digər Avropa ölkələri Rusiyaya zərər vermək fikrinə o qədər aludə olublar ki, bunun üçün öz ziyanlarına hərəkət etməyə hazırdırlar.

Eyni zamanda, XİN rəsmisi xatırladıb ki, Belçika hökuməti sanksiyaların doğurduğu enerji böhranı səbəbindən atom elektrik stansiyalarının istismar müddətini 2035-ci ilə qədər uzatmaq məcburiyyətində qalıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.