1918-ci il Göyçə soyqırımı – Daşkənd
Tarix

1918-ci il Göyçə soyqırımı – Daşkənd

XX əsrin bəlası – Deportasiya

XVIII əsrin əvvəllərində imperator I Pyotrun himayədarlığı ilə ermənilər Cənubi Qafqazda türk-müsəlman əhalisinə qarşı təhlükəli qüvvəyə çevrildilər. 1828-ci ildə Türkmənçay sülh müqaviləsinə uyğun olaraq İran və Türkiyədən Cənubi Qafqaza köçürülən ermənilər Rusiya imperiyasına sığınsalar da, hökumət əleyhinə baş verən hadisələrdən öz mənafeləri üçün məharətlə istifadə edirdilər.

Tarixi türk torpaqları hesabına ərazilərini genişləndirməyə çalışır, ata-baba yurdlarında yaşayan türk-müsəlman əhaliyə qarşı amansız soyqırımları törədirdilər. XX əsrdə ermənilərin soyqırımı, terror və deportasiya siyasəti 4 mərhələyə bölünür:

1905-1907-ci illər. 1905-1907-ci illərdə baş vermiş Birinci Rus inqilabı dövründə Bakıda, Qubada, Şamaxıda, Qarabağda, Zəngibasarda, Vedibasarda, Zəngəzurda, Ağbabada, Şörəyeldə və Naxçıvanda olduğu kimi, Göyçə mahalında da ermənilərin Azərbaycan türklərinə qarşı təcavüzkar niyyətləri qanlı hadisələrə, qətliamlara gətirib çıxardı. Daşkənddə də əhalinin şəxsi təsərrüfatları talan edilir, mal-qaraları, məişət əşyaları əllərindən zorla alınırdı. Erməni təcavüzündən cana doyan əhali kənddən çıxmağa məcbur olaraq Kəlbəcərə pənah aparmış və bir neçə ildən sonra yenidən doğma yurdlarına qayıtmışdılar.

1917-1922-ci illər. Rusiyada 1917-ci il Oktyabr silahlı çevrilişi nəticəsində Cənubi Qafqazda siyasi dəyişikliklər baş vermiş və burada 3 yeni dövlət yaranmışdı. Göyçə mahalı və onun bir hissəsi olan Göyçə gölü Azərbaycan Xalq Cümhuriyyəti ilə Ermənistan Respublikası arasında mövcud sərhədin bir hissəsini təşkil edirdi. Göyçə gölünün şərq hissəsindəki ərazi "Göyçə dairəsi" inzibati statusu ilə Azərbaycana məxsus idi. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin qəbul etdiyi son qanun Göyçə mahalı ilə bağlı olmuşdur.

1918-ci ildə ermənilər antitürk niyyətlərini reallaşdırmaq üçün Göyçədə qətliamlar törədəndə Daşkənd ən çox zərərçəkən yurd yerlərimizdən biri oldu.

Həmin ilin sonlarında quldur Andranikin dəstələri Qarabağda bir çox azərbaycan kəndlərinə hücum edərək kütləvi qətllər törədir, rotmister Sulikovun başçılığı ilə daşnakların silahlı quldur dəstələri Göyçə mahalında azərbaycanlıların yaşadığı kəndlərə basqın edərək əhalini qətlə yetirir, kəndləri talan edirdilər. Sulikov, Xaçaturov və onun adyutantı silahlı dəstə ilə 1918-ci ilin əvvəlində yerli əhalinin gözünü qorxutmaq məqsədilə əvvəlcə Zod kəndinə gəlir, yerli əhalidən silahlı dəstənin ərzaqla, atların yemlə təmin olunmasını tələb edirlər. Sulikovun amansız, qəddar hərəkətlərinə dözməyən əhali bu qaniçəni qətlə yetirir.

Erməni talanları ilə bağlı məlumatlar arxiv sənədlərində əks olunmuşdur. İrəvan Quberniyası Yenibayazit qəzası Daşkənd kənd sakinləri olan Məşədi Qasım Hacı Kərim oğlu və Böyük Əli Hacı Mirzə Ələkbər oğlunun Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirinin adına 23 yanvar 1919-cu il tarixli xahişnaməsində deyilir:

"Erməni hökuməti qoşunlarla məmur qismində müsəlman kəndlərinin sakinlərini tamamilə talan etdi: Zağalı, Daşkənd, Zod, Hüseynquluağalı, Sarıyaqub, Böyük Qaraqoyunlu, Kiçik Qaraqoyunlu, Aşağı Narçamor, Yeni Keti, Qayabaşı, Qoşabulaq, Ağkilsə, Zərzibil, İnəkdağı, Sultanəliqışlağı, Oğruca, Böyük Məzrə, Bala Məzrə, Kəsəmən, Şişqaya, Sətənə-xaç, Qızıl-Payka. Qoşunlar hər kənddə 5-6 gün qalırlar. Talan etdikdən sonra çıxıb başqa kəndə gedirlər".

1918-ci il yanvarın 24-də Göyçənin Çamırlı kəndinə basqın edən daşnak terrorçuları 4 kişinin başını, 6 qadının döşünü kəsərək 10 sakini vəhşicəsinə qətlə yetirirlər. Bunu eşidən Məşədi Qasım həmkəndlilərindən ibarət dəstə ilə Çamırlıya köməyə gedir. Digər kəndlərdən gəlmiş silahlı dəstələrin köməyilə erməni-daşnak terrorçuları geri oturdulur.

Aprel qırğınlarından xeyli əvvəl daşnaklar Zod yaxınlığında ciddi məğlubiyyətlə üzləşir və Andranikin silahdaşı Sulikovun qətlində daşkəndli Məşədi Qasımın, Hacı Rəhimin və Aşıq Nəcəfin də olması erməniləri təbdən çıxarır. Basarkeçərli Avetis ağa başda olmaqla ermənilər Sulikovun qətlə yetirilməsi və Zod məğlubiyyətinin qisasını almaq üçün hiylə işlədirlər. Göyçənin tanınmış ağsaqqallarını: Ağkilsədən Aşıq Ələsgəri və oğlu Bəşiri, Qaraimandan Məşədi İsəni, Daşkənddən Aşıq Nəcəfi və Məşədi Qasımı, Şişqayalı Kor Tanrıverdini barışıq adı ilə "qonaqlığa" dəvət edirlər. Aşıq Ələsgər və Bəşir bunun hiylə olduğunu anlayır, "qonaqlığa" getmirlər. Məşədi Qasım da hiylədən xəbər tutur. Ermənilərə atəş açaraq geri çəkilir. Silahlı ermənilər onu təqib etsələr də ermənilərin bir neçəsini güllələyərək xilas olur. Onlar Daşkəndə və digər kəndlərə basqın edərək əhalinin xeyli hissəsini əsir götürürlər. Əsir götürülənlər arasında Aşıq Nəcəfin oğlanları (Şəmiddin, Şəmistan, Mikayıl, Aslan), Həsənqulu, arvadı Şərəbanu da vardı. Aşıq Nəcəfi və oğlanlarını xüsusi mühafizə olunan bir dama salırlar. Həsənqulu, Şərəbanu və qalan əsirlər digər kəndlərdən olan əsirlərlə birlikdə Tüstülüdə bir tövləyə doldurulur. Xüsusi silahlı dəstə tövləni mühafizə edir. Həsənqulu, Şərəbanu və bir neçə nəfər gecə keşikçilərin yuxulamasından istifadə edərək tövlənin bacasından çıxıb qaça bilirlər. Hiylə ilə danışığa dəvət edilərək girov götürülən Məşədi İsə və Kor Tanrıverdini "Küllü təpə" deyilən yerdə güllələyirlər. 5 fevral 1919-cu ildə erməni polkovniki Bolyanikin başçılığı ilə "Küllü təpə" deyilən yerdə Aşıq Nəcəfin belinə odlu samovar bağlayaraq oğlu ilə birlikdə vəhşicəsinə qətlə yetirirlər.

Ermənilərin Daşkəndə talançı basqınları mütəşəkkil xarakter daşıyırdı. Kəndin sakinləri Məşədi Qasım, Kərbəlayı Zeynal (Rəsullular), Əliş, İdris (Qızılhacılılar), Qocaman oğlu Mədət, Hacı Rəhim, Koroğlu Məhəmməd, Vəli (Koralılar), Ziyad (Babakişilər), Nağı bəy, Tağıoğlu Məhərrəm, Hacı Dünyamalı oğlu Abbasəli və başqaları kəndin müdafiəsini təşkil edirlər. Ermənilər ciddi müqavimətlə rastlaşaraq geri çəkilməyə məcbur olurlar.

Erməni-daşnak dəstələrinin kəndlərə vaxtaşırı basqınlarına davam gətirmək üçün Daşkənd əhalisi Azərbaycan Xalq Cümhuriyyətinə müraciət edir. Müraciət "Azərbaycan" qəzetinin 1919-cu il 9 fevral nömrəsində "NƏZARƏTLƏRDƏ (NAZİRLİKLƏRDƏ) başlıqlı yazıda öz əksini tapmışdı: "Şubatın 6-sından Rəisi-vükəla namına (Baş nazir adına) Gəncədən böylə bir teleqram alınmışdır:

Ətraf kəndlərin erməniləri bir neçə gün bundan əqdəm (qabaq) bir neçə nəfərimizi dəhşətli bir surətdə qətl etdikdən sonra Qızılvəng kəndini talan etmişlər.

Rica ediriz ki, bizi və işbu Hüseynqulu ağalı, Daşkənd, Sarıyaqub və başqa Novo-Bayəzid qəzası kəndləri əhalisini dəhşətlərdən qurtarasınız. Rica edirlər ki, mühafizədən ötrü bizə min nəfərdən ibarət bir qoşun qitəsi (dəstəsi) verəsiniz. Bütün məxaricatı (xərcləri) öz üzərimizə götürürüz. Gəncədə əmrinizi bəkləyiriz.

Daşkənd camaatı müvəkkili:

Hacıbala Rəsul oğlu".

Örkülüdə ermənilər Alçalı, Kəminli, Yarpızlı, Qanlı, Kərki-baş, Çaxırlı, Kefli-Kürdü və Böyük Məzrə kəndlərini tamamilə yandırmışlar.

Erməni-daşnak qüvvələri Daşkəndə vaxtaşırı hücum edərək qətl və talanlar törədirdilər. Hadisə şahidlərinin verdiyi məlumatlar mətbuat səhifələrində yer alırdı.

Azərbaycan Xalq Cümhuriyyətinin orqanı olan "Azərbaycan" qəzetində (3 fevral 1919-cu il, nömrə 104) dərc olunmuş "İrəvan: Erməni-müsəlman məsələsi: yeni vicdansız təcavüzlər" məqaləsində yazılır: "...ermənilər 1918 sənəsi may aylarında məzkur (deyilən) müsəlman kəndlərinin üstünə hücum etmişlərdi. ...bura müsəlmanları ... erməni hücumlarının qarşısında dayana bilmişdilər. Hətta ermənilər beş-altı yüzə qədər tələfat vermişdilər". Daha sonra məqalədə deyilir: "...Göyçə göl müsəlmanları içindən 17 yanvarda gəlmiş məlumatlı gənc ... danışdı: "Mən Qazaxlıyam. ...Daşkəndə qonaq getmişdim. ...750 nəfərdən ibarət erməni əsgərləri 3 pulemyot, 2 topla Novo-Bəyazid ... xərc yığmaq üçün müsəlman kəndlərin üstünə gəlmişdilər. ... Sonra "Daşkənd" denilən kənddən otlu, taxıllı, neftli və talan olaraq 280 min manatlıq qarət və zəbt etdilər. Bundan savayı həmin kəndin sakini Məşədi Qasımın 120 baş qoyununu, 24 baş qaramalını, 50 araba otunu və 10 min manatlıq miqdarında ev müxəlfəlatını (ev əşyasını) aldılar".

1919-cu il aprelin 13-20-də daşnakların Göyçəyə növbəti basqısı zamanı 60 min nəfər əhalisi olan 22 kənd yenidən dağıdıldı. Əhalinin böyük hissəsi məhv edildi, bir hissəsi Qazax və Gədəbəy ərazisinə, 15 min əhali Cavanşir qəzasının dağlıq ərazilərinə qaçmaq məcburiyyətində qaldı. Dağlıq zolağın "V" sahəsinin müsəlman əhalisi üzrə müvəkkil İ.Sultanovun bu faciə barədə verdiyi məlumatda ("Azərbaycan" qəzeti 19 may 1919-cu il) dağıdılmış kəndlərin siyahısında birinci sırada yenə də Daşkəndin adı gəlir. Ermənilərin Daşkəndə qarşı budəfəki aqressiyası isə səbəbsiz deyildi.

Artıq Aşıq Nəcəf sağ deyildi, o, aprel qırğınlarında faciəli surətdə qətlə yetirilsə də, bu da daşnakların ürəyini soyutmamışdı, onlar bu haqq aşığının nəslinin və Daşkənd əhalisinin qanına susamışdılar...

Ermənilər top və pulemyotla silahlanaraq yenidən Daşkəndə hücum edirlər. Daşkəndlə Basarkeçər arasında, Qara burunda və Səngər təpəsi deyilən yerdə müdafiəçilər istehkam qurmuşdular. Bir neçə saat ciddi müqavimət görən ermənilər topdan atəş açırlar. Top mərmisi Məşədi Qasımın olduğu səngərin yaxınlığına düşür. Məşədi Qasım yaralanır və torpağın altında qalır. Əliş, İdris və Kərbəlayı Zeynal ona köməklik göstərib döyüş meydanından çıxarırlar. Ağır yaralanmış Məşədi Qasımı Kəlbəcərin Bəzirxana kəndinə gətirirlər. Sağaldıqdan sonra Qarabağa gələrək Sultan bəylə ermənilərə qarşı mübarizəsini davam etdirir. Müdafiəçilər ermənilərlə vuruşa-vuruşa geri çəkilirlər. Əhali kəndi tərk etməyə məcbur olur. Didərgin, yurd-yuvasından qovulan əhali Yelli dərə və Tərsə-Keyti istiqamətində Kəlbəcərə üz tutur. Erməni təcavüzündən qurtulan bir çox insanlar sərt şaxtada donub həlak olurlar. Erməni quldurları kəndə daxil olub evlərini tərk edə bilməyən qocaları, əlsiz-ayaqsız insanları qətlə yetirib talançılıq edirlər.

Daşnakların təzyiqi və silahlı müdaxiləsi nəticəsində yaşayış yerini tərk edən əhali Cavanşir qəzasının kəndlərində yerləşməyə məcbur olur.

Didərgin düşmüş əhali Sovet hakimiyyəti qurulduqdan sonra yenidən yurd-yuvasına qayıdır. 1922-ci ildə kəndə qayıdanların sayı cəmi 882 nəfər, yəni 1916-cı ildəki əhalinin 40 faizi həddində idi ki, bu da Daşkəndin 1919-cu ildə yaşadığı faciənin miqyasını tam mənada təsəvvür etməyə imkan verir...

Deportasiyaya məruz qalmış Daşkənd kəndinin sakinləri, o cümlədən də Göyçə əhalisi ermənilər tərəfindən insanlığa sığmayan qəddarlıqla qətlə yetirilmişlər.

1916-cı ildə Göyçə bölgəsində 50 754 nəfər azərbaycanlı yaşayırdısa, 1926-cı ildə bu rəqəm 14065 nəfərə enir. Yəni on il müddətində bu bölgədə əhali 36 689 nəfər azalır.

1947-1953-cü illər. Sovet hakimiyyəti illərində də Göyçədə erməniyönümlü siyasət, etnik təmizləmə prosesi davam etdirildi. Kolxozların yaradılması məqsədilə əhalinin əmlakı əlindən alınır, müqavimət göstərənlər qolçomaq damğası ilə həbs olunaraq sürgün edilirdilər. Kərbəlayı Zeynal və Cəmşid həbs olunaraq Kəvər qalasına salınmışdı. 1947-ci il dekabrın 23-də İ.V.Stalin "Ermənistan SSR-dən kolxozçuların və digər əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" SSRİ Nazirlər Sovetinin 4083 nömrəli qərarını imzaladı. Həmin qərara uygun olaraq əhalinin köçü mərhələ-mərhələ həyata keçirilməli idi. 1953-cü il mayın 18-də əhalinin bir hissəsi Daşkənddən yük maşınları ilə Uluxanlı (Zəngibasar) stansiyasına, oradan isə yük vaqonları ilə Yevlax stansiyasına gətirilərək 130 ailə, 621 nəfər kənddən deportasiya olundu. Əhalinin istəyilə Bərdə ilə Tərtər arasında Çinarlıq deyilən yerdə Yeni Daşkənd kəndinin əsası qoyuldu. Stalinin ölümündən sonra köç dayandırıldı. Əhalinin qalan hissəsi doğma Daşkənddə qaldı. 17 ailə yenidən Daşkəndə qayıtdı.

XX əsrin 60-80-ci illərində ölkədəki quruculuq işləri Daşkənddə də əhalinin gəlirlərinin artmasına, sosial və mədəni səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərdi. Kənddə onillik məktəb, univermaq, poçt, avtomat telefon stansiyası, mədəniyyət klub, kino zal, kitabxana, məişət evi, yeməkxana, dəyirman fəaliyyət göstərirdi. Burada traktor parkı və qaraj vardı. Kolxoz təsərrüfatına 60-dan çox avtomobil, traktor, kombayn və digər avadanlıqlar daxil idi.

Kolxozun əsas təyinatı maldarlıq, əkinçilik idi, fermalar da 20-dən çox qaramal naxırı və qoyun sürüsü bəslənirdi. Deportasiya zamanı kolxozun əmlakı və bütün əhalinin mal-qarası, şəxsi təsərrüfatı ermənilər tərəfindən talan edildi.

Qərbi Azərbaycanın digər bölgələrində olduğu kimi, Göyçədəki yurd adları, toponimlər erməniləşdirilirdi. 1969-cu ildə rayon mərkəzi Basarkeçərin adı dəyişdirilərək Vardenis adlandırıldı. Daşkəndin "Karaguğ" adlandırmaq təşəbbüsü Daşkənd Kənd Sovetinin sədri Xasay Zeynalovun inadlı müqaviməti ilə boşa çıxdı.

Erməni məkri kadr siyasətində də özünü göstərirdi. Partiya və dövlət orqanlarında çalışan qulluqçulara və ziyalılara qarşı təzyiqlər artırılır, onlar sıxışdırılırdılar. Ona görə də məcburiyyətdən köçüb başqa respublikalara gedirdilər.

Bu qədim tarixi yurdun türklərin məskəni olduğu erməni mənbələrində də öz təsdiqini tapmışdır. Erməni tarixçisi Z.Korkodyanın "Sovet Ermənistanının əhalisi 100 ildə: 1831-1931" kitabında rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, Daşkəndin türk əhalisinin sayı 1873-cü ildə 560, 1897-ci ildə 1004, 1916-cı ildə 1954 nəfər və sonrakı illərdə artaraq 1979-cu ildə 1973 nəfər olmuşdur.

1987-1991-ci illər. 1987-ci ilin məlumatına görə Daşkənd kəndinin 458 ailə təsərrüfatı və 2343 nəfər əhalisi olmuşdu.

"Böyük Ermənistan" iddiasında olan ermənilərin məkrli siyasəti nəticəsində Qərbi Azərbaycanın digər ərazilərində olduğu kimi, Daşkənd kəndinin əhalisi zorakılıqla 1988-ci ilin noyabr-dekabr aylarında tamamilə deportasiya edilmişlər. Deportasiyadan sonra kolxozun və əhalinin əmlakı talan edilmiş, evlər, mədəniyyət abidələri və hətta qəbiristanlıqlar, türbələr dağıdılmışdır. Kənddəki bəzi evlər ermənilər tərəfindən zəbt edilmiş, qalan evlər xarabalığa çevrilmişdir.

Daşkəndin türk əhalisi deportasiya olunduqdan sonra Ermənistan Respublikası Ali Sovetinin 9 aprel 1991-ci il tarixli qərarı ilə Daşkənd toponimi "Ayrk" sözü ilə əvəz olunmuş və buraya ermənilər yerləşdirilmişdir. Kəndə 2001-ci ildə 441, 2008-ci ildə 471, 2010-cu ildə 520, 2011-ci ildə 597 nəfər erməni yerləşdirilmişdi.

1988-ci ildə Daşkənddən deportasiya edilən türklərin bir qismi xarici ölkələrdə: Rusiyada, Ukraynada, Qazaxıstanda, Özbəkistanda, əsas hissəsi isə Bakıda, Gəncədə, Bərdədə və Azərbaycanın digər bölgələrində: Tovuzda, Qazaxda, Göygöldə, Goranboyda, İsmayıllıda, Şamaxıda məskunlaşmışlar.

Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurlu və uzaqgörən siyasəti sayəsində doğma tarixi ata-baba yurdlarımıza qayıdacağıq! Biz buna əminik!

Nazim ZEYNALOV,

tarixçi, tədqiqatçı-publisist.