18 dekabr 1997-ci ildə “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərman imzalanmışdır
Ermənistanın əzəli Azərbaycan torpaqlarına olan ərazi iddiaları XX əsrdə ən dəhşətli dövrünü yaşayıb və bunun nəticəsində azərbaycanlı əhali müxtəlif dövrlərdə indiki dədə-baba torpaqlarından mərhələli şəkildə deportasiyaya məruz qalmışdır. XX əsrdə Ermənistandan kütləvi köçürülmənin 3 əsas mərhələsindən birini təşkil edən 1948-1953-cü il deportasiyası SSRİ-nin irqi ayrı-seçkilik siyasətinin bariz nümunəsi olmuşdur.
XX əsrin ortaları Azərbaycan tarixinin ağrılı-acılı səhifələrindən, faciələrlə dolu dövrlərindən biri kimi qeyd edilir. Radikal erməni millətçilərinin məkrli siyasəti və sovet rejiminin dəstəyi nəticəsində on minlərlə soydaşımız "könüllülük" adı altında, məcburi şəkildə doğma yurdlarından zorla çıxarılmışdır. İkinci Dünya müharibəsindən sonra daha da güclənmiş etnik təmizləmə fəaliyyəti SSRİ-nin süqutuna qədər daimi tendensiya halını aldı.
İkinci Dünya müharibəsinin davam etdiyi bir ərəfədə - 1943-cü il noyabrın 28-dən dekabrın 1-dək SSRİ, ABŞ və İngiltərənin dövlət rəhbərləri - Stalin, Ruzvelt və Çörçillin iştirakı ilə baş tutan Tehran konfransında Sovet-İran münasibətləri müzakirə olunarkən erməni diasporu SSRİ xarici işlər naziri V.Molotova müraciət edib İranda yaşayan ermənilərin Sovet imperiyasına köçürülməsinə icazə istəmişdi. Razılıq əldə olunandan sonra ermənilərin köçürülməsi üçün azərbaycanlıların doğma yurdundan deportasiya olunması barədə qərar verilir. SSRİ Ali Soveti Rəyasət Heyətinin 19 oktyabr 1946-cı il tarixli qərəzli fərmanında SSRİ-yə qayıdan hər hansı bir millətin nümayəndəsi sadəcə "demiqrant" (mühacirətdən qayıdan adam) kimi qeyd edildiyi halda, erməni "repatriant", yəni "vətənə qaytarılan" adlanırdı. Bununla da tarixi Azərbaycan torpaqları olan Ermənistan SSR-dən azərbaycanlıların kütləvi şəkildə qovulması prosesinin növbəti mərhələsinə start verildi. Azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi barədə SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli qərarı İ.Stalinin imzası ilə qəbul edilmişdi. "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" Fərman Azərbaycan xalqı üçün böyük maddi və mənəvi zərbə idi. 1948-ci il mart ayının 10-da SSRİ Nazirlər Soveti "Kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında" 1947-ci il 23 dekabr tarixli qərarına əlavə də edilmiş, bu qərar da Stalin tərəfindən imzalanmışdı. Fərmana əsasən, 100 min nəfərlik azərbaycanlı əhalinin 1948-1950-ci illər ərzində Ermənistandan köçürülməsi nəzərdə tutulurdu. 23 dekabr 1947-ci ildə verilən qərarda göstərilirdi ki, Ermənistan SSR-dən 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min, 1950-ci ildə isə 50 min azərbaycanlı (cəmi 100 min) Azərbaycan SSR ərazisinə köçürülməlidir. Bu qərar 1953-cü ilə qədər qüvvədə qaldı və 1948-1953-cü illərdə Ermənistan SSR ərazisindən Azərbaycana 150 min azərbaycanlı köçürüldü.
Tarixi torpaqlarından köçürülən soydaşlarımıza güzəştlər və kreditlər verilsə də, öz torpaqlarından, tarixlərindən, mədəni irslərindən, ata və babalarından miras qalmış şəxsi evlərindən, bütün daşınmaz əmlakından məhrum olundular.
Tez-tələsik hazırlanmış qərarlar birbaşa olaraq erməni millətçiliyinə xidmət edirdi. Çünki qərarın 11-ci maddəsində qeyd olunurdu ki, Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar onların boşaltdıqları tikililər və yaşayış evlərindən xaricdən gələn erməniləri yerləşdirmək üçün istifadə etsin.
Ermənilərə hər cür şərait yaradıldığı halda, azərbaycanlıların çətin durumu heç bir halda nəzərə alınmırdı. Deportasiyaya məruz qalmış azərbaycanlılar pis şəraitdən, kəskin iqlim dəyişkənliyi ucbatından sağlamlıqlarında ciddi problemlər yaranır, hətta faciəvi şəkildə ölürdülər. Öz torpaqlarını tərk etmək istəməyənlər isə məcburi şəkildə, təhqir və təhdid olunaraq evlərindən çıxarılırdı.
Sovet rəsmi sənədlərində bir çox köçürülmələrə hüquqi-siyasi qiymət verildiyi halda, azərbaycanlıların deportasiyası heç vaxt qeyd olunmurdu. Hətta SSRİ Ali Sovetinin 1989-cu ilin noyabrında məcburi köçürülməyə məruz qalmış xalqlara qarşı repressiya aktlarının qeyri-qanuniliyi bildirilsə də, Ermənistan SSR-dən köçürülməsi deportasiya hesab edilmədi.
Azərbaycan yalnız müstəqilliyini bərpa etdikdən sonra 1948-1953-cü illərdəki deportasiyaya xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən düzgün və obyektiv hüquqi-siyasi qiymət verildi. Ulu öndərin 1997-ci il 18 dekabrda imzaladığı Fərmana əsasən 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə Dövlət Komissiyası yaradılmışdır. Həmin Fərmanda son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımızın ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə, mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalması, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəninin dağıdılıb viran edilməsi göstərilmişdir. Sənəddə qeyd olunur ki, SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli və 1948-ci il 10 mart tarixli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktıdır. Bu qərarlar əsasında 1948-1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur. Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşdur. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o dövrkü Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır. Qərbi azərbaycanlıların gördüyü haqsızlıqları önə çıxaran, onların tarixi ədalətsizliyə uğramasını hər zaman dilə gətirən Heydər Əliyev tarixi əhəmiyyətli Fərmanı ilə bugünkü Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanmasına zəmin yaratmışdır.
Qərbi Azərbaycan İcması tərəfindən hazırlanan bu konsepsiya indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir. Heydər Əliyevin Qərbi Azərbaycan məsələsi ilə bağlı tutduğu mövqe, əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti tərəfindən layiqincə və uğurla davam etdirilir. Məhz dövlət başçısının diqqəti sayəsində Qərbi Azərbaycan məsələsinə istər ölkə daxilində, istərsə də xaricdə böyük maraq göstərilir.
Musa BAĞIRLI,
"Respublika".