Xocavənd azadlığına qovuşub
Tarix

Xocavənd azadlığına qovuşub

Üç il bundan əvvəl Azərbaycanın taleyinə Günəş doğdu, düşmən əsarətində qalan torpaqlarımız azad edildi, Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yurd yerlərimizin işığı yenidən yandırıldı. Tarixi bir anın diqtəsi 30 illik erməni işğalına son qoydu, əslində bu ana, məqama doğru otuz il yol gəlmişdik, Liderimizlə xalq arasında polad kimi əyilməz və sınmaz birlik yaranmışdı, müasir və güclü ordu qurulmuşdu. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin yüksək peşəkarlığını, döyüş qabilliyyətini, qəhrəmanlığını, torpaq və bayraq məhəbbətini bütün dünyaya nümayiş etdirdi.

İkinci Qarabağ müharibəsində 2020-ci il oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsi və 37 kənd qəhrəman silahlı qüvvələrimizin həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində işğaldan azad edildi. Qeyd edək ki, Xocavənd istiqamətində silahlı qüvvələrimizin bölmələri yüksək döyüş əzmi və qəhrəmalıq nümayiş etdiriblər. Hər qarış torpaq uğrunda döyüşçülərimiz cəngavər kimi vuruşub, çətin relyefi, maneələri, istehkamları, minalanmış əraziləri igidliklə dəf ediblər. Qürurla deyə bilərik ki, müharibənin hər bir günü qəhrəmanlıq dastanıdır, bizim yaddaşımızdır, kədərimizdir, eyni zamanda qürurumuz, ləyaqətimizdir. Ordumuzun qeyrətli, vətənpərvər, qəhrəman oğulları, cəsur, cəngavər əsgərləri, zabitləri, hava hücumundan müdafiə qüvvələrinin bölmələri Ali Baş Komandanın rəhbərliyi ilə illərdir həsrət qaldığımız bölgələrimizi, qədim yurd yerlərimizi canları, qanları bahasına azad etdilər. Uzun illər xocavəndlilərin qəlbində gəzdirdiyi nisgil, kədər, həsrət indi sevincə çevrilib, yəqin ki, hər kəsin fərəhdən ürəyi köksünə sığmır. Xocavəndlilər yeni bir həyata başlayırlar, onlar doğma yurd yerlərinə qayıtdıqdan sonra görəcəkləri işləri götür-qoy edir, dədə-baba torpaqlarının işığını yandıracaqları günlərə tərəf inamla addımlayırlar.

İkinci Qarabağ müharibəsində ərazisinin böyük hissəsi erməni işğalından azad edilən Xocavəndin bəzi yerlərində separatçılar, silahlı dəstələr, təxribatçılar, terrorçular Rusiya sülhməramlılarının arxasında gizlənmişdilər. Vətən müharibəsindən keçən dövr ərzində ermənilər tərəfindən Qarabağ iqtisadi rayonuna qanunsuz yolla silah və hərbi sursat gətirilməsi davam edirdi, silahlı erməni terrorçuları tərəfindən təxribatların ardı-arası kəsilmirdi. Xankəndidəki separatçılar, terrorçular demək olar ki, hər gün Azərbaycana böhtan, iftira atır, alçaq hərəkətlərə yol verirdilər. Uzun illər haylar anlamırdılar ki, onların Qarabağ torpaqlarında kökləri yoxdur, onlar adi daş parçası kimi başqa yerlərdən gətirilərək sadəcə bu torpağın üzərinə qoyulublar və istənilən vaxt həmin daşları götürüb atmaq mümkündür. Əslində, torpaqlarımızı həmin kələ-kötür daşlardan təmizləmək üçün "dəmir yumruğa" ciddi ehtiyac yarandı. Təbii ki, bu vəziyyət uzun müddət davam edə bilməzdi. Azərbaycan Qarabağ iqtisadi bölgəsində lokal antiterror tədbirləri keçirməyə məcbur oldu. Peşəkar ordumuzun hərbi əməliyyatları nəticəsində 23 saat ərzində separatçılar və terrorçu qüvvələr ağ bayraq qaldıraraq təslim oldular. Prezident, Qalib Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xocavənd şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Qeyd edək ki, Xocavənd şəhəri 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Şəhər 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılardan təmizləndi.

Rayonun tarixinə qısa nəzər salaq. Xocavənd rayonu 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazası əsasında yaradılıb. Xocavənd rayonu ilə Bakı şəhəri arasındakı məsafə 334 kilometrdir. Əlverişli coğrafi mövqeyə və zəngin təbii sərvətlərə malik olan Xocavənd Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl və Xocalı rayonları ilə həmsərhəddir. Erməni işğalına qədər Xocavənd kənd təsərrüfatı rayonu olub, üzümçülük, taxılçılıq və heyvandarlıq rayonun iqtisadiyyatında mühüm yer tutub. Bundan başqa, rayon ərazisindən axan dağ çayları bağçılığın və bostançılığın inkişafına da müsbət təsir göstərib, təbiəti isə ecazkar və füsunkar gözəlliyə malikdir. Qədim tarixi olan yurd yerimizdə əsrlərdən bəri yerli əhali bu bərəkətli torpaqlarda bağ salaraq təsərrüfat işləri ilə məşğul olub. Rayon Ağdam-Füzuli avtomobil yolunun kənarında, dağətəyi düzənlikdə yerləşir.

2020-ci ilin sentyabr ayında Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə qərar verildi. Müharibənin ilk günlərindən etibarən, qəhrəman ordumuzun şəxsi heyəti, tank və raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edərək məhv etdilər. Ordumuz torpaqlarımızın işğaldan azad edilməsi üzrə tapşırıqları yüksək döyüş əzmi və igidliklə icra etdi. Müharibənin gedişində Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətləri, işğaldan azad edilən ərazilər haqqında təbrikləri və ürək sözləri, həmçinin hərbi komandanlığın müraciətləri, əldə edilən qələbələr barədə operativ məlumatlar şəxsi heyətin və mülki əhalinin ruh yüksəkliyinə səbəb oldu.

Üç il bundan əvvəl ordumuzun şücaəti ilə qazanılan Hadrut qələbəsi Ermənistan silahlı qüvvələrinin belini qırdı, onlarla hərbi texnikası, yüzlərlə döyüşçüsü məhv edildi. Hadrut Qarabağın ən dilbər guşələrindən biri, Xocavənd rayonunun qəsəbəsidir. Haylar Hadrutu Qarabağın açarı adlandırırdılar. Məlumat üçün bildirək ki, Hadrut Qozluçayın dərəsində, Ərgünəş dağının ətəklərində yerləşir. Hadrutun alınması həm hərbi, həm də strateji baxımdan xüsusi önəm daşıyırdı. Bu ərazidə düşmənin çoxlu sayda qüvvəsi olduğundan, eyni zamanda qəsəbənin ətrafındakı təpələr geniş əraziyə nəzarət etməyə imkan verdiyindən Hadrutu götürmək çox çətin idi. Lakin düşmən nə qədər dirəniş göstərsə də, Azərbaycan Ordusunun döyüş əzmkarlığı və qələbəyə olan inamı nəticəsində Hadrut işğalçılardan tam azad edildi, şəhidlərimizin qanı, canı bahasına, hərbçilərimizin şücaəti, qəhrəmanlığı hesabına uzun illər düşmən tapdağı altında qalan tarixi torpaqlarımıza qovuşduq.

Hadruta ermənilər İrandan XIX əsrdə köçürülüblər. Bunu hamı bilir. O vaxta qədər burada erməni yaşamayıb. Tarixi saxtalaşdırmaqda pərgar olan haylar bu gün eyni rəzilliklə, hiyləgərliklə bölgədə yaradılan reallıqları saxtalaşdırır, dezinformasiya yayır, həqiqətlərin üzərinə kölgə salmağa cəhd edirlər. Öz xoşları ilə Xankəndini, Xocavəndi və digər əraziləri tərk edib gedən haylar yalan və həyasız bəyanatlar verərək, dünyanı çaşdırmaqla məşğuldurlar. Artıq Azərbaycanda Qarabağ erməniləri adlı toplum yoxdur, indi erməni əsilli Azərbaycan vətəndaşları var və onlara da hərtərəfli dövlət yardımları göstərilir.

Xocavəndlilərin ən xoş duyğularını və minnətdarlığını ifadə edən sözlər Prezidentimizə ünvanlanıb. Bildirilir ki, Hadrut qəsəbəsinin işğaldan azad edilməsinin birinci ildönümünü Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə bir yerdə qeyd etməyiniz bizim üçün xüsusi önəm kəsb etdi. Qarabağımız işğaldan azad ediləndən dərhal sonra bərpa və yenidənqurma işlərinin başlanılması, bu işlərə bilavasitə nəzarət etməyiniz, şəhər və kəndlərin bünövrəsinə təməl daşını qoymağınız onu göstərir ki, doğma yurd-yuvamıza tezliklə qayıdacaq və burada asudə, xoşbəxt yaşayacağıq. Biz Sizə güvənirik, Sizinlə fəxr edirik! Hər zaman Sizin arxanızdayıq, yürütdüyünüz siyasəti həmişə müdafiə edəcəyik.

Salman ALIOĞLU,

"Respublika".