30 il sonra Ağalıda ilk toy...
Sosial həyat

30 il sonra Ağalıda ilk toy...

Ailənin başçısı, müharibə veteranı Baloğlan Mirzəyev kiçikdən-böyüyə bütün sakinləri kənddə 30 ildən sonra ilk dəfə keçirilən toya dəvət etdi və bununla da işğaldan azad olunmuş rayonlarda toy mərasimlərinin təməli qoyuldu.

Strateji cəhətdən böyük əhəmiyyət kəsb edən mövqedə yerləşən Zəngilan rayonu füsunkar təbiəti, böyük iqtisadi potensialı və turizmin inkişafında əhəmiyyətli rolu və bir də Ağalı kəndi ilə də tanınır. Kənd bir sıra yenilikləri və üstünlükləri ilə məşhurdur. Belə ki, 30 illik düşmən əsarətindən sonra kənddə müasir şəraitdə yeni həyat qurulub.

Respublikamızda ilk "Ağıllı kənd"in təməli işğaldan azad edilən Zəngilanda qoyuldu və inşası qısa vaxt ərzində başa çatdırıldı. Böyük qayıdışın ilk ünvanı olan kənd insanı valeh edir. Burada sülhü təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi yaradılıb. "Ağıllı kənd" üçün "ağıllı həllər" nəzərdə tutulub. Məqsəd yaşayış səviyyəsinin yüksəldilməsindən ibarətdir.

Kənddə müasir şəhərsalma standartları tətbiq olunub və hazırda 871 sakin yaşayır. Küçələrin "ağıllı" işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir.

Prezident İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışından sonra Zəngilan rayonunun Ağalı kəndində "ağıllı kənd" layihəsi çərçivəsində görülən işlərlə tanış olublar. Beləliklə də regionda həyat şəraiti ilə diqqəti cəlb edən kənd əhalisinin qonaqpərvərliyi, zəhmətkeşliyi və milli dəyərlərə bağlılığı ilə də seçilir.  30 illik yurd həsrətindən sonra kəndə qayıdan sakinlərin keçirdiyi ilk toy da bir sıra özəllikləri ilə yadda qaldı. Oğluna doğma yurdunda toy edən müharibə veteranı Baloğlan Mirzəyevin bütün kənd sakinlərini toya dəvət etməsi hər kəs tərəfindən razılıq hissilə qarşılandı və toy el-oba şənliyinə çevrildi.

Kənd sakini Ramazan kişi qeyd etdi ki, 30 illik həsrətdən sonra bu, ən böyük arzumuz idi. Müharibədə vuruşanda bu günümüzü arzulamışam. Şükürlər olsun bu günümüzə, Prezidentimiz İlham Əliyevin qətiyyəti sayəsində işğaldan azad olunan torpaqlarımızda belə bir müasir şəraitdə kənd salınıb. Biz bunu yüksək dəyərləndirir və dövlət başçısının xalqa bağlılığının əyani göstəricisi hesab edirik. Toyda qonaqlarla bərabər, kəndimizin bütün sakinlərinin şənlənməsi isə mehribanlığımızın göstəricisidir. Toy isə 30 illik torpaq həsrətimizi, bu illər ərzində qarşılaşdığımız bütün çətinlikləri və ağrıları canımızdan çıxardı. Biz Ulu Öndərimiz Heydər Əliyevin müdrik siyasətinə və qalib Prezidentimiz İlham Əliyevin qətiyyətinə inanaraq bu günümüzü böyük səbrsizliklə gözləmişik. Ən çətin anımızda bu günə qovuşacağımızı və ürəkdən sevinəcəyimizi düşünmüşük.

Bəyin anası Zilfünaz Mirzəyeva xoş gününə gələn bütün qonaqlara təşəkkürünü bildirməklə bunun ailənin hər bir üzvünün ən böyük arzusu olduğunu vurğuladı. Qeyd etdi ki, gəlinim şəhərdə yaşasa da, bura köçəcək. Çünki "Ağıllı kənd" hamını valeh edir. Böyük oğlumun toyudur, çox sevinirəm. Elimizin adəti ilə kəndimizin bütün sakinlərinin qapılarını döyərək toya dəvət etmişik, respublikamızın digər bölgələrindən də toya qonaqlarımız gəlib.

...Ağalı kəndində 30 ildən sonra müharibə veteranının ocağında "Vağzalı" sədası eşidildi. Müharibə veteranı olan Xanoğlan Mirzəyev Mehriban Mirzəyeva ilə doğma yurdunda ailə həyatı qurdu. Tarixi qəhrəmanlığı ilə seçilən xalqımız bu toy-büsatı ilə ən çətin məqamlardan Prezidentinin ətrafında sıx birləşməklə çıxdığını və çadır düşərgələrdən qurtularaq qalib xalq kimi müasir şəraitdə tikilən kənddə yaşadığını göstərməklə adət-ənənəyə uyğun toy etdi.

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".