Qubadlı  öz sakinlərinə qucaq açacaq
Sosial həyat

Qubadlı öz sakinlərinə qucaq açacaq

Artıq iki ildir ki, şəhər və kəndlərimizin erməni əsarətindən azad edilməsinin ildönümlərini qeyd edir, sevincimiz aşıb daşır, qürurumuz göylərə yüksəlir, qalib Azərbaycanın övladları olduğumuz üçün fəxr edirik. Eyni zamanda, torpaqlarımızın azad edilməsi uğrunda həlak olan oğullarımızın əziz xatirəsi uca tutulur, adları sonsuz minnətdarlıqla yad edilir, qazilərimizə çox böyük diqqət və qayğı göstərilir.

Vətən müharibəsində həyata keçirilən uğurlu hərbi əməliyyatlar nəticəsində Cəbrayıl və Zəngilan rayonları işğaldan azad olunandan sonra düşmən ordusu geri çəkilməyə məcbur oldu və silahlı qüvvələrimizin bölmələrinin mənəvi-psixoloji üstünlüyü daha da artdı. Ordumuz bundan kifayət qədər ustalıqla yararlandı. 2020-ci il oktyabrın 25-də yüksək peşəkarlıqla həyata keçirilən döyüş əməliyyatları nəticəsində, əsgər və zabitlərimizin igidliyi sayəsində Qubadlının şəhər mərkəzi ilə yanaşı, 41 kəndi işğaldan azad edildi. Digər 52 kənd isə noyabrın 10-da qüvvəyə minmiş birgə Bəyanatın imzalanmasından sonra əraziyə yerləşdirilən Rusiya sülhməramlıları tərəfindən erməni silahlılarından təmizlənərək Azərbaycana qaytarıldı.

Bu müzəffər, mükəmməl, peşəkar, Şuşa qalasına bayraq sancan ordu Qalib Ali Baş Komandan İlham Əliyevin ordusudur. Şanlı ordumuz 30 ilə yaxın Ermənistanın işğalı altında qalan əzəli torpaqlarımızı murdar düşmənin tapdağından azad edib, ən keçilməz sədləri aşaraq işğalçılara sarsıdıcı zərbələr endirib. Yurdumuzun ən gözəl guşələrindən olan Qubadlı istiqamətində də ağır və şiddətli döyüşlər aparılıb, Ermənistan silahlı qüvvələrinin bölmələrinə ciddi zərbələr vurulub. Düşmənin silah-sursat və yanacaq ehtiyat anbarları sıradan çıxarılıb. Qeyd edək ki, ilk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri azad edildi və digər strateji yüksəkliklər ələ keçirildi. Hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, Qubadlının azad olunmasında Azərbaycan Ordusunun Quru Qoşunları, Xüsusi Təyinatlı Qüvvələri, Hərbi Dəniz Qüvvələrinə aid bir neçə elit bölmələri iştirak etdi. Düşmənin Qubalıda itirdikləri hərbçilərin sayı təxminən 800 nəfər idi. Yaralıların sayının isə bundan iki-üç dəfə çox olduğu ehtimal edilir. Qubadlının azad olunmasının strateji, hərbi, siyasi, iqtisadi, mənəvi-psixoloji əhəmiyyəti var. Bu rayonun azad edilməsi Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyünü möhkəmləndirdi. Azərbaycan Qubadlını azad etməklə həm də Ermənistanla olan dövlət sərhədini son 27 ildə ilk dəfə bərpa etdi.

Qubadlı rayonu ölkəmizin cənub qərbində yerləşir və faydalı qazıntı yataqlarına malikdir. Səthi əsasən dağlıqdır. Rayon qərbdən 120 km məsafədə Ermənistanla, şimaldan Laçın, Xocavənd, şərqdən Cəbrayıl, cənubdan isə Zəngilan rayonları ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çaylarının ətrafında yerləşir. Yeri gəlmişkən deyək ki, Qubadlının torpaqları münbit və bərəkətlidir. "Yazı düzü", "Gəyən" və "Məzrə" adlanan düzlərində işğaldan əvvəl bol məhsul yetişdirilib. Ümumilikdə rayonda 79812 hektar torpaq fondu vardır. İşğala qədər bundan 14956 hektarı əkin, 850 hektarı çoxillik bitki, 631 hektarı biçənək, 17192 hektarı örüş-otlaq, 543 hektarı həyətyanı, 13160 hektarı meşə, 582 hektarı bağ və üzümlüklər idi. Rayonun ərazisindən Bərgüşad, Həkəri və onların qolları - Ağa çayı, Kiçik Həkəri, Meydandərəsi çayları axır. İşğaldan öncə Qubadlıda 13160 hektar meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir. Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur.

Xatırladaq ki, Qubadlı 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti olaraq məskunlaşıb. Ermənilər tərəfindən 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekt, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılıb və yararsız vəziyyətə salınıb. İşğal illərində Ermənistan rayonun Xanlıq kəndində qanunsuz məskunlaşma aparıb. Xarici ölkələrdən gətirilən erməni ailələri burada qanunsuz olaraq yerləşdirilib. Cenevrə konvensiyalarına görə isə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur.

Əslində, Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. 2020-ci il noyabrın 26-da "Qubadlının azad olunmasına görə" medalı təsis edildi. Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş silahlı qüvvələrimizin 15209 nəfər hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib. Qarabağ müharibəsində Qubadlıdan 238 nəfər şəhid, 146 nəfər isə əlil olub. Bu gün Qubadlı sakinləri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş həmyerliləri Əliyar Əliyev, Bəylər Ağayev, Aslan Atakişiyev, Səfa Axundov, Ələkbər Əliyev, Kazımağa Kərimov, Aqil Məmmədov, Kərəm Mirzəyev, Vasili Əliyevlə fəxr edirlər. Xalqımıza rəşadətli Qələbəni yaşadan hərbçilərimizdən biri olan general-mayor Mais Bərxudarov Qubadlı torpağının yetirməsidir.

Otuz ilə yaxın ermənilər Qubadlıda nə qədər vandallıq və vəhşilik törətsələr də, bu yerlərdən azərbaycanlıların izini silə bilməyiblər. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qubadlı rayonunda da genişmiqyaslı quruculuq işlərinə başlanılıb. Prezident İlham Əliyevin tapşırığına əsasən Şərqi Zəngəzur iqtisadi rayonunda infrastrukturun yenidən qurulması və bərpası, şəhərlərin Baş Planlarının hazırlanması onu göstərdi ki, işğaldan azad edilən bütün yaşayış məntəqələri ən müasir texnologiyalarla inşa ediləcək. Ölkə başçısı işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin səmərəliliyinin artırılması məqsədilə 24 noyabr 2020-ci ildə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında" sərəncam imzaladı. Azad edilmiş torpaqlarda, o cümlədən Qubadlıda hər bir iş ardıcıllıqla, yüksək keyfiyyətlə və böyük məhəbbətlə icra olunur. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il dekabrın 23-də və 2021-ci il oktyabrın 25-də Qubadlının işğaldan azad edilməsinin ildönümündə rayona səfəri zamanı təməlqoyma mərasimlərində iştirak edib, ictimaiyyət nümayəndələri ilə görüşüb.

Qələbədən dərhal sonra ilk növbədə, dağıdılmış və viran qoyulmuş yolların çəkilməsinə başlanıldı. Hazırda tikinti işlərinin getdiyi Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 66 kilometrdir. Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər 17 kilometr uzunluğunda yeni avtomobil yolunun da inşası nəzərdə tutulub. Layihələndirilən yolların ümumi uzunluğu 83 kilometrdir. Dövlət başçısının tapşırığına əsasən Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yollarının bölgənin gələcək inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı, birinci texniki dərəcəyə uyğun olaraq inşası davam etdirilir. Yeni Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yolları işğaldan azad edilmiş Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçir. Avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, sözügedən rayonların 30-dan artıq yaşayış məntəqəsini əhatə edir. Ən önəmli sahələrdən biri olan enerji təsərrüfatının qurulması işləri uğurla başa çatdırılıb. Ötən il oktyabrın 25-də sistem əhəmiyyətli 110/35/10 kV-luq "Qubadlı" yarımstansiyası istifadəyə verilib. Yarımstansiyanın tikintisi ilə paralel olaraq Qubadlının Azərbaycanın ümumi enerji sisteminə qoşulması, rayonun dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi üçün "Şükürbəyli" yarımstansiyasından "Cəbrayıl" yarımstansiyasına giriş-çıxış olmaqla 76 kilometr məsafədə ikidövrəli 110 kV-luq yüksəkgərginlikli "Qubadlı-1", "Qubadlı-2" elektrik verilişi xətti çəkilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2021-ci il oktyabrın 25-də 110/35/10 kV-luq "Qubadlı" yarımstansiyasının açılışında iştirak ediblər. İşğaldan azad olunan ərazilərin içməli su təminatı üçün Bərgüşad və Həkəri çayları üzərində su anbarları inşa ediləcək.

İki çayın arasında yerləşən Qubadlıya uzun illərdən sonra həyat qayıdır, bu yerlərdə quruculuq işləri aparan azərbaycanlıların ayaq səslərinə torpaqlarımız sevinir. İki çay bu torpaqlara əmin-amanlığın, sabitliyin gəlməsinə sanki nəğmələr oxuyur. Çox keçməz ki, Qubadlı abadlaşıb öz doğma sakinlərinə qucaq açar.

Salman ALIOĞLU,

"Respublika".