30 illik hay tamaşasının pərdəarxası
Siyasət

30 illik hay tamaşasının pərdəarxası

Ermənistan hakimiyyətinin bu günə qədər həyata keçirdiyi siyasət hamıya məlumdur. Qərb qonşumuz müharibə dönəmində yaş həddinə baxmadan hər kəsi döyüş bölgəsinə yollayırdı. Həmin vaxtlarda 10 mindən çox fərarisi olan Ermənistan bildirirdi ki, onun "güclü" ordusu var və "öz torpaqlarını" tez bir zamanda azad edəcək. Reallıq isə bunun tam əksini sübut edirdi - əsgərlər yeməyə, içməyə heç nə tapmır, geyimləri olmadığı üçün soyuqdan donur və özlərinin olmayan ərazilər üçün isə vuruşmaq istəmirdilər. Etiraz edən əsgərlər ağır işgəncələrə məruz qalırdılar. Başqasının torpağında, məqsədsiz şəkildə vuruşmaq əlbəttə ki, erməni əsgərləri üçün mənasız olub. "Güclü" ordusu olan Ermənistan isə öz eybini çox gizlədə bilmədi. 44 gün ərzində Azərbaycan unudulmaz dastan yazaraq dünyaya haqlı olduğunu qəti sübut etdi.

Bu gün Ermənistan siyasi və iqtisadi çöküşdədir. Lakin hələ də siyasi səhnədə süni monoloqla çıxış edir ki, guya qüdrətli orduları və onlara yüksək səviyyədə qiymət verən hakimiyyət var. Qələbəmizlə barışa bilməyən Qərb qonşumuz öz məğlubiyyətini görməzdən gəlir. Ordu ilə bağlı məsələləri, əsgərlərinə göstərdiyi rəftarı inkar edir. Lakin Ermənistan üçün artıq yolun sonudur. Belə ki, bir çox beynəlxalq qurumlar hüquqi çərçivədə Qərb qonşumuzun haqsız mövqeyini görür və tənqid edir. Avropa İnsan Haqları Məhkəməsinin (AHİM) bu yaxınlarda qəbul etdiyi qərar Ermənistanın daha əvvəl işğal altında saxladığı Azərbaycan ərazilərində nəzarətinin və ya yurisdiksiyasının olmamasına dair uzunmüddətli mövqeyini ifşa edib. Məhkəmənin 17 oktyabr 2023-cü il tarixli "Hovhannisyan və Karapetyan Ermənistana qarşı" işi üzrə verdiyi hökmdə Ermənistan Respublikasının vətəndaşları R.Hovhannisyanın və A.Sarqsyanın 2009 və 2008-ci illərdə Ermənistan ordusuna çağırıldıqları və "Dağlıq Qarabağ silahlı qüvvələri"nin 36 535 saylı hərbi hissəyə göndərildikləri qeyd edilib. Bildirilib ki, 2010-cu ilin iyulunda hər iki hərbi qulluqçu öz hərbçi yoldaşları tərəfindən daxili insident nəticəsində qətlə yetirilib və öldürülən hərbçilərin valideynləri təzminat üçün Ermənistanı məhkəməyə verib. Bu isə hərbidə öldürülən əsgərlərə Ermənistanın heç bir hörmət qoymadığı ilə bağlı ilk şikayət deyil. Müharibə zamanı ölən bir çox gəncin nəşi aylar sonra ailəsinə təhvil verilir və ya itkin statusu alırdı. Öz əsgərinə su, yemək verməyən hakimiyyət müharibədən sonra da ölülərinə sahib çıxmırdı. Buna görə də 3 ildir ki, gözü yaşlı analar erməni hakimiyyətinə etiraz edir, aksiyalar keçirirdi. Lakin Hayastan bunu görməzdən gəlməklə yanaşı, acılı anaları həbsə də atırdı. Ölüm pulu və ya təzminat ödəmək istəməyən Ermənistan bu kimi addımlar atmaqla öz xalqının nifrətindən başqa heç nə əldə etmir.

Qeyd edək ki, AİHM artıq digər işlərdə Ermənistanın sözügedən ərazi üzərində yurisdiksiyası məsələsini araşdırıb və müəyyən edib ki, Ermənistan Dağlıq Qarabağ və ətraf ərazilər üzərində effektiv nəzarət həyata keçirib. Qərb qonşumuz o zamanlar işğal altında saxladığı Azərbaycanın ərazilərində törədilən istənilən cinayətə görə dövlət məsuliyyətindən qurtulmaq məqsədilə uzun müddət bu ərazilər üzərində heç bir nəzarəti və ya yurisdiksiyası olmadığı mövqeyindədir. Qısacası məhkəmə Ermənistanın dürüst olmadığını bildirib.

Təəssüf ki, 30 il müddətində torpaqlarımızın işğal altında olması, minlərlə vətəndaşın işgəncələr nəticəsində dünyasını dəyişməsi məsələsinə bu günə qədər ötəri yanaşılıb və hər hansı hüquqi qərar qəbul edilməyib. İnsan haqlarının əsas məğzi ondan ibarətdir ki, hər kəs eyni hüquqa malik olmalıdır və bu hüquqlar izahata ehtiyac duyulmadan hamıya aid edilir. Buna əsasən, beynəlxalq hüquq digər dövlətlər kimi, Azərbaycanın irəli sürdüyü məsələləri araşdırmalı və bir nəticəyə gəlməlidir.

Töhfə SƏMƏDOVA,

"Respublika".