Dünyada güclü təşkilat nümunəsi TDT
Siyasət

Dünyada güclü təşkilat nümunəsi TDT

Coğrafi baxımdan əsasən Asiyada və Şərqi Avropada yerləşən Türk xalqları qədim tarixə malikdir. Hazırda türk dilində danışan 200 milyondan çox əhali var. Bu faktın özü belə Türk dövlətlərinin nə qədər köklü tarixə mənsub olduğunu sübut edir. Daim qardaşlıq, dostluq nümayiş etdirən bu xalqların tarixində 2009-cu il oktyabrın 3-ü xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Naxçıvan Muxtar Respublikasında həmin gün türkdilli ölkələrin dövlət başçılarının iştirakı ilə baş tutan Zirvə Görüşündə Naxçıvan Sazişi imzalanıb. Sənədə əsasən 2012-ci ilin 1 noyabr tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) yaradılıb. 2021-ci ildə təşkilatın adına dəyişiklik edilib və hazırda Türk Dövlətləri Təşkilatı adı ilə fəaliyyətini davam etdirir.

1992-ci ildən davamlı şəkildə keçirilən türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşlərindən qaynaqlanan ümumi siyasi iradənin nəticəsi olaraq yaradılmış TDT müstəqil türk respublikaları və xalqları arasında təhsil, elm, mədəniyyət, iqtisadiyyat, nəqliyyat, həmçinin turizm də daxil olmaqla bir çox sahələrdə tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsinə yönəlmiş müzakirələrin aparıldığı, təkliflərin irəli sürüldüyü mühüm siyasi platformadır. Ümumilikdə təşkilatın çoxşaxəli fəaliyyətində aparıcı istiqamətlər regionda və dünyada sülhün bərqərar edilməsi yönündə birgə səylərin gücləndirilməsi, tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi, habelə beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi, ortaq maraqlara əsaslanan bütün sahələrdə regional və ikitərəfli tərəfdaşlığın yüksəldilməsi, ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılmasıdır.

TDT-nin öz vəzifələrini yerinə yetirə bilməsi və qarşıya qoyulan məqsədlərə nail olması üçün xüsusi struktur formalaşdırılıb. Burada Dövlət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, Yüksək Vəzifəli Şəxslər Komitəsi, Ağsaqqallar Şurası və katiblik mövcuddur. Həmçinin TDT-nin Dövlət Başçıları Şurasının iclasına (Zirvə Görüşü) evsahibliyi edən üzv ölkə növbəti zirvəyə qədər TDT-yə sədrlik edir.

1993-cü ildə təsis edilən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) üzv ölkələr arasında elm, təhsil, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq səviyyədə türk dünyasının ortaq dəyərlərinin tanıdılması və təşviq edilməsi, eləcə də türkdilli ölkələr arasında mədəni əlaqələrin dərinləşdirilməsinə xidmət edir. TÜRKSOY-un qərargahı Ankarada yerləşir. Türkdilli ölkələr arasında qurulan ilk beynəlxalq təşkilat olan TÜRKSOY bu günə qədər bir çox mötəbər tədbir keçirib.

Hazırda Şuşada və Bakıda I Beynəlxalq TÜRKSOY Teatr Festivalı keçirilir. Oktyabrın 31-dən noyabrın 4-dək keçiriləcək festival Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileyləri münasibətilə gerçəkləşib. Tədbir çərçivəsində Şuşada TÜRKSOY-a üzv ölkələrin dövlət teatrları rəhbərləri şurasının 9-cu toplantısı keçirilib.

Türkdilli Ölkələrin Parlament Assambleyasına (TÜRKPA), Türk xalqlarının dili, ədəbiyyatı, mədəniyyəti və etnoqrafiyasının tədqiqini koordinasiya və təşviq etmək məqsədilə fəaliyyət göstərən Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası, Türk Ticarət və Sənaye Palatası, Türk İnvestisiya Fondu daxildir.

Ölkəmiz təşkilatın prinsiplərinə əsasən addımlar atır, təkliflər irəli sürür. Prezident İlham Əliyev hər dəfə keçirilən Zirvə toplantılarında bizi birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsas olduğunu vurğulayır. Sözsüz ki, türk dövlətləri ilə konstruktiv əməkdaşlıq münasibətlərinin qurulması ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan digər türkdilli dövlətlərin də yüksəlməsinə, inkişaf etməsinə xüsusi önəm verir. Qeyd etmək yerinə düşər ki, 2019-cu il oktyabrın 15-də Bakı şəhərində TDT-nin 7-ci Zirvə görüşü keçirilib və Özbəkistanın təşkilata üzvlüyü təsdiq edilib. Bu münasibətlə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi də öz bəyanatında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daha bir türkdilli ölkənin - Özbəkistanın qoşulması qərarının türk xalqları arasında çoxəsrlik köklərə əsaslanan mədəni və tarixi qardaşlığı daha da möhkəmləndirəcəyindən əminliyini ifadə edib.

2022-ci ilin 11 noyabr tarixində Özbəkistanın Səmərqənd şəhərində təşkil olunmuş TDT-nin 9-cu Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib və görüşdə vacib qərarlar qəbul olunub. Həmçinin Kubanıçbek Omuraliyev TDT-nin yeni baş katibi təyin edilib. Azərbaycan təşkilata sədrliyi dövründə ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın daha da dərinləşməsi yönündə səy göstərib, ciddi addımlar atıb. Qardaş ölkə Türkiyədə bu ilin fevral ayında baş verən dəhşətli zəlzələdən sonra Türk Dövlətləri Təşkilatı martın 16-da Fövqəladə Zirvə görüşü keçirib. Strateji əhəmiyyətə malik olan bu təşkilatın növbəti görüşünün isə Şuşada keçirilməsi nəzərdə tutulurdu. Lakin Türkiyədə baş verən zəlzələ səbəbi ilə Prezident İlham Əliyev görüşün Türkiyədə keçirilməsini təklif edib, digər iştirakçı ölkələrin rəhbərliyi ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. Türkiyənin paytaxtı Ankarada baş tutan görüş "Təbii fəlakət-fövqəladə halların aradan qaldırılması və humanitar yardım" mövzusuna həsr olub. Əsas müzakirə isə Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə həll edilməsilə bağlı olub. Görüş zamanı Prezident İlham Əliyev Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğana bir daha başsağlığı verib və hadisədən çox kədərləndiyini bildirib. Sammitin sonunda Ankara Bəyannaməsi imzalanıb. Burada bildirilib ki, fəlakətdən sonrakı ehtiyacların qiymətləndirilməsi, təsirə məruz qalmış bölgələrin bərpası və yenidən qurulması işində Türkiyəyə dəstək davam etdiriləcək.

Növbəti görüş isə cari ilin noyabrında Qazaxıstan Respublikasında baş tutub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) "Türk Əsri" çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə iştirak edib.

Dezinteqrasiya və bölücülük meyillərinin getdikcə gücləndiyi müasir dünyamızda Türk Dövlətləri Birliyi dünya siyasi sistemində konstruktiv hərəkətverici qüvvə rolunu oynayır. Təşkilat bundan sonra da qlobal problemlərin həllinə kömək edəcək, mövcud konfliktlərin həlli istiqamətində mühüm addımlar atacaq.

Töhfə SƏMƏDOVA,

"Respublika".