Siyasət

"3+3" formatı sülhə və təhlükəsizliyə təminat verir

İkinci Qarabağ müharibəsindən sonra regionda yeni geosiyasi vəziyyət formalaşıb. Ölkəmiz sülhün və sabitliyin təmin olunmasına mühüm töhfələr verir. Qardaş Türkiyə tərəfindən uğurlu hərbi və diplomatik dəstək də Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Rəsmi Bakı və Ankara bölgədə baş verən proseslərdə əsas geosiyasi aktorlar kimi çıxış edirlər. Bu isə Cənubi Qafqaz üçün yeni perspektivlər açır.

Məlum olduğu kimi, son dövrlər regionda aktual məsələlərdən biri də "3+3" formatı ilə bağlıdır. Sözügedən formata Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistan daxildir. Azərbaycan və Türkiyənin təşəbbüsü ilə irəli sürülən "3+3" platformasının əsas məqsədi region ölkələrini bir məkanda birləşdirməklə Cənubi Qafqazda daimi sülh, əməkdaşlıq mühitini formalaşdırmaqdır. Bu yaxınlarda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə Qafqazdakı prosesləri yerli aktorların və regiondakı qonşuların iştirakı ilə həll etməli olduqlarını bildirib. Bu isə "3+3" formatının regional məsələlərin həlli üçün effektiv mexanizm olduğunu təsdiq edir. Oktyabrın 10-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı ilə də bu məsələni müzakirə ediblər. Hətta Nikol Paşinyan belə rəsmi İrəvanın "3+3" formatında görüşlər keçirməyə hazır olduğunu bəyan edib. İlk vaxtlar bu formatda görüşlərin baş tutacağına şübhə ilə yanaşan ölkələrin indi maraq göstərməsi, onların Bakı və Ankaranın yaratdığı reallıqları dərk etdiyini söyləməyə əsas verir. Həmçinin bütün dövlətlər indiki beynəlxalq mühitin bu cür qarışıq olduğu bir zamanda təkbaşına nəyəsə nail olmağın mümkünsüzlüyünün fərqindədirlər. Dəfələrlə, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "3+3" platformasının reallaşmasının sadə proses olmadığını bildiriblər. Çünki burada bəzi regional oyunçuların siyasi iradəsi vacibdir.

Azərbaycanla Ermənistan arasındakı gərginlik, həmçinin İranın məsələyə destruktiv yanaşması, eləcə də Rusiya və Gürcüstan arasında olan problemlər "3+3" formatının baş tutmasına mane olurdu. Son zamanlar rəsmi İrəvan Azərbaycanla münasibətlərini normallaşdırmaqdan başqa çıxış yolu olmadığını dərk edir. Ermənistanın pozucu mövqeyinə yenidən qayıtmayacağı təqdirdə normallaşma prosesinin uğurla gedəcəyi gözlənilir. Bundan başqa, cənub qonşumuz İranla da münasibətlərdə normallaşma müşahidə edilir. Əsas məsələ isə Rusiya ilə Gürcüstan arasındakı münasibətlərin düzəlməsidir. Amma rəsmi Tbilisi Moskva ilə eyni platformada təmsil olunmaqda maraqlı deyil.

Regionda sabitliyə, təhlükəsizliyə böyük önəm verən Türkiyə Moskva ilə Tbilisi arasında problemlərin aradan qalxmasına səy göstərir. Bu baxımdan, yaxın gələcəkdə müəyyən irəliləyişin əldə olunacağına dair ümidlər var.

Bütün bunlar "3+3" platformasının həyata keçirilməsinin reallaşacağına ümid yaradır və Azərbaycan ilə Türkiyənin regionun təhlükəsizliyində mühüm rol oynadığı təsdiqini tapır.

Nəzrin ELDARQIZI,

"Respublika".