Abşeron yarımadasında suvarılan torpaq sahələri artırılacaq
İQTİSADİYYAT

Abşeron yarımadasında suvarılan torpaq sahələri artırılacaq

Abşeron yarımadası (Bakı və Sumqayıt şəhərlərini və Abşeron inzibati rayonunu əhatə edir) əsasən sənaye zonası kimi inkişaf edib. Adları çəkilən rayon və şəhərlərdə 30-dan artıq qəsəbə mövcuddur. Yarımadanın torpaqları qeyri-münbit, az məhsuldar olduğundan və torpağın müəyyən hissəsi neftlə çirkləndiyindən bura aqrar sahənin inkişafı üçün çox da səmərəli deyil.

Amma buna baxmayaraq, yarımadanın müəyyən hissələrində, kəndlərdə heyvandarlıq, üzümçülük və bağçılıq inkişaf etmişdir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bildirir ki, son illər Abşeronda kənd təsərrüfatının inkişafı istiqamətində xeyli işlər görülüb. Hər il artan meyvə bağlarının və digər kənd təsərrüfatı bitkilərinin suvarılması Abşeron Suvarma Sistemləri İdarəsi tərəfindən fasiləsiz olaraq yerinə yetirilir. Hazırda idarənin texnikaları vasitəsilə suvarmada önəmli yerə malik olan Abşeron magistral kanalında lildən və yosunlardan təmizləmə işləri həyata keçirilir. Kanalın uzunluğu ümumilikdə 103 kilometr təşkil edir. Abşeron Magistral Kanalında və paylayıcı beton üzlüklü kanallarda 13 min kvadratmetr sahə əl ilə kol-kosdan, 70 min kubmetr sahə isə lildən təmizlənib. Bundan başqa, magistral kanalın ətrafı və içərisi məişət tullantıları və yad cisimlərdən təmizlənərək kənar ərazilərə daşınıb.

Abşeron Suvarma Sistemləri İdarəsi bu ilin əvvəlindən suvarma mövsümünə hazırlıq və suvarmanın gedişi dövründə balansda olan nasos stansiyalarında 23 ədəd aqreqatın mexaniki və elektrik avadanlıqlarında cari təmir işlərini apararaq saz vəziyyətə gətirib. Bu işlər çərçivəsində Zabrat nasos stansiyasında istismara yararsız 2 ədəd OV tipli şaquli nasos aqreqatı yeni müasir nasoslarla əvəzlənib. Zabrat-1 nasos stansiyasında isə 1 ədəd yeni tipli aqreqat quraşdırılaraq istifadəyə verilib.

Qeyd edək ki, idarə tərəfindən meliorativ tədbirlər çərçivəsində əkin sahələrini və heyvandarlıq təsərrüfatlarını suvarma suyu ilə təmin edən müxtəlif diametrli boru xətlərinin qəzalı hissələri təmir edilərək istismara yararlı vəziyyətə gətirilib.

Nəriman CAVADOV,

"Respublika".