“Ac” erməni niyə öz ölkəsinin humanitar yardımını qəbul etməsin?
Digər xəbərlər

“Ac” erməni niyə öz ölkəsinin humanitar yardımını qəbul etməsin?

Zaman göstərəcək ki, Qarabağda yaşayan erməni əsilli vətəndaşların problem və çətinliklərini həll edəcək yeganə dövlət Azərbaycandır. O səbəbdən də nə İrəvanın yalan vədlərinə, nə də Fransa və digər ölkələrin dilənçi payına aldanmamalıdırlar. Əlbəttə ki, Ermənistan rəhbərliyi kimi, Fransa və digər dövlətlərin də öz maraqları, regiona müdaxilə etmək planları var. Qarabağ erməniləri bir məsələni unutmamalıdır ki, bu məqsədlər arxasında sürünən kölgələr müvəqqətidir. Azərbaycan isə öz fikrində qətidir və hər bir vətəndaşının kimliyindən, milliyyətindən asılı olmayaraq problemlərini həll etməyə hazırdı. Bunu Ermənistan da çox gözəl bilir. Artıq Ermənistan hakimiyyəti Azərbaycanın qarşısında acizdir.

44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdıqdan sonra ölkəmiz Ermənistanın qarşısında dəfələrlə şərt qoyub ki, qanunsuz erməni birləşmələri Qarabağdan çıxarılmalı, ərazilərimizdə yaşayan mülki ermənilər Azərbaycan cəmiyyətinə reinteqrasiya edilməlidir. Əlbəttə ki, bu şərtlər gerçəkləşəcəyi təqdirdə, Qarabağdakı erməni əsilli əhalinin nə humanitar yardıma ehtiyacı olacaq, nə də Ermənistan da daxil olmaqla hər hansı xarici dövlətin himayəsinə. Ancaq Ermənistan sözdə Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanısa da, praktiki olaraq separatizmi dəstəkləməkdə davam edir. Bu da son nəticədə Qarabağdakı erməni əhalini Xankəndidəki cinayətkar ünsürlərin təsiri altda saxlanılmasına rəvac verir. Ermənistan dəfələrlə şər-böhtan xarakterli şoular göstərməyə cəhd etmiş, hər dəfə də onların yalan ssenarilər üzərində qurulan şoularının axırı özünüifşa ilə bitmişdir. Gec, ya tez Qarabağ bölgəsindəki ermənilər Azərbaycan qanunları altında yaşamalı olacaq və onlara zəruri mallar Ermənistandan və yaxud da xaricdən yox, Azərbaycandan çatacaq. Hələ ki, ermənilər buna müqavimət göstərməyə çalışır, süni maneələr yaradır. Özlərinin fəaliyyəti isə əsasən Laçın yolunda "TIR şousu" göstərmək, "blokada" tamaşaları verməklə məhdudlaşır. Sözsüz ki, bu, ermənilərin növbəti xain planlarıdır. Əgər doğrudan da Xankəndidə ərzaq qıtlığı yaranıbsa, ermənilər acından ölürlərsə, o zaman Azərbaycanın humanitar yardımını qəbul etməli idilər. Təəssüflər olsun ki, separatçı rejim siyasi və revanşist mövqeyindən əl çəkmir, Ağdam-Xankəndi yolu ilə gələn yardımlardan imtina edir. Sözsüz ki, bunun da arxasında duran gizli qüvvələr var. Qarabağ ermənilərini hər vəchlə Azərbaycana qarşı kin-nifrət və düşmənçilik ruhunda kökləməyə çalışırlar. Məsələn, bu günlərdə Qarabağda yaşayan bir erməni qadın, Herminə Xaçaturyan Azərbaycanın göndərdiyi humanitar yardıma etiraz olaraq fikirlərini kəskin şəkildə belə ifadə edirdi: "Türkün verdiyi unu yeməkdənsə, ac qalaram". Sual olunur, Qarabağ ermənisi kimi, bu vaxta qədər bəs kimin çörəyini yemisiniz? İşğaldan öncəki dövrü götürsək, Azərbaycan çörəyi yeyirdiniz, 30 illik işğal dövrünü nəzərə alsaq, yenə də Azərbaycan çörəyini yeyirdiniz. Nəinki, siz, hətta, Ermənistan özü belə. Çünki münbit Qarabağ torpaqlarında əkilən buğda hamınızı çörəklə təmin edirdi.

İstənilən halda reallıq ondan ibarətdir ki, Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərə humanitar yardım göndərməsi bir daha ölkəmizin öz vətəndaşlarına diqqətini və humanistliyini aşkar şəkildə nümayiş etdirir. Bu yardımın göndərilməsi Ermənistanın bir aydan çox müddətdir ki, "Laçın" sərhəd-buraxılış məntəqəsinə yaxın ərazilərdə göstərdiyi "humanitar yardım" şousuna, eyni zamanda bu tamaşaya qoşulmaq istəyən Fransa hökumətinə də sillə kimi cavabdır. Çünki mahiyyət etibarilə götürsək, həqiqətən də Qarabağda yaşayan erməni icmasının ərzağa ehtiyacı varsa, onlar Azərbaycanın humanitar yardımından istifadə etməlidirlər. Əgər buna etiraz edib, qəbul etmək istəmirlərsə, deməli, heç də vəziyyət ermənilərin dediyi kimi acınacaqlı deyil. Və yaxud da onların heç bir humanitar yardıma ehtiyacı yoxdur. Digər tərəfdən, açıq şəkildə sezilir ki, sadə vətəndaşlar Azərbaycan tərəfinin vətəndaşına etdiyi yardımı qəbul etməyə hər an hazırdır. Lakin istər Xankəndi, istər İrəvan, istərsə də xaricdə olan revanşist dairələr bölgədə insan haqları pərdəsi altında mahiyyət etibarilə əmin-amanlığın yaranmasına əngəl törətməyə çalışırlar. Anlaşılan odur ki, sadalanan qüvvələr üçün erməni əsilli əhalinin problemləri maraqlı deyil. Əslində, bu qüvvələrin hərəsinin öz marağı və pərdəarxası oyunları var. Fransanın Azərbaycan ərazisinə humanitar yardım adı altında giriş etmək cəhdi isə başlanan şounun davamı kimi qiymətləndirilir. Ümumiyyətlə, Qarabağ ərazisində heç bir humanitar böhrandan söhbət gedə bilməz. Çünki Azərbaycan vətəndaşı hansısa bir humanitar böhran və çətinliklə rastlaşarsa, Azərbaycanın bu böhranı aradan qaldırmağa kifayət qədər gücü və potensialı var. Fransa isə yaxşı olardı ki, öz ölkəsində baş verən daxili çəkişmələr və problemlərlə məşğul olsun. Əks təqdirdə, hər zamankı kimi, Azərbaycan tərəfinin "yerində otuzdurma" əməliyyatına məruz qalacaq. Necə ki, Azərbaycan Prezidenti İlham Əliyev Fransanı da, onun rəhbərini də dəfələrlə fakt qarşısında susdurmuşdur. Makronun sonuncu zənginə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin verdiyi cavab isə həm Ermənistan, həm Fransa, həm də digər xarici qüvvələrə qarşı "dəmir yumruq" zərbəsi oldu.

Azərbaycan isə hər zaman vətəndaşının yanındadır. Yaranmış problemlə bağlı dövlətimiz ilkin mərhələdə 40 ton un məmulatları göndərib və bildirilib ki, ehtiyac olduğu təqdirdə, Qarabağda yaşayan erməni əhali üçün daha sonra da yardımlar göndərəcəklər. Bu, dövlətimizin öz vətəndaşına olan diqqətidir. Bütün hallarda Azərbaycan qanun çərçivəsində hərəkət edir və bu, dövlətimizi uğura doğru aparır. Yox, əgər Qarabağda olan erməni əsilli vətəndaşlarımız həqiqətən də qida qıtlığı yaşayırsa, o zaman “ac” erməni öz dövlətinin humanitar yardımına niyə etiraz edir ki?..

Ramidə YAQUBQIZI,

"Respublika".