Azərbaycan Prokurorluğunun beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığı uğurla davam etdirilir
Digər xəbərlər

Azərbaycan Prokurorluğunun beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığı uğurla davam etdirilir

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair qarşıya qoyulmuş hədəflərə uyğun olaraq Azərbaycan Respublikasının prokurorluq orqanları bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Misir Ərəb Respublikasının Şarm-əş-Şeyx şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsi tərəfindən yaradılmış "Təmiz İpək Yolu Pekin Təşəbbüsü" Şəbəkəsinin ilk iclası keçirilib.

Qeyd edək ki, 2019-cu il noyabrın 14-15-də Çinin paytaxtı Pekində təşkil olunmuş II "Bir Kəmər, Bir Yol" Beynəlxalq Əməkdaşlıq Forumu zamanı irəli sürülən "Təmiz İpək Yolu Pekin Təşəbbüsü" region ölkələrində korrupsiyaya qarşı mübarizə və aktivlərin bərpası üzrə əməkdaşlıq, habelə səmərəli və şəffaf təsisatların yaradılması çağırışlarına uyğun olaraq yaradılmış layihədir.

BMT-nin nümayəndələrinin, Türkiyə, Çin, İran, Albaniya, Qırğızıstan, Monqolustan, Özbəkistan və digər dövlətlərin təmsilçilərinin qatıldıqları tədbirdə ölkəmizi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Kamil Kamilli təmsil edib.

Bu təşəbbüsə qoşulmuş üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də beynəlxalq investisiyalar sahəsində korrupsiya hüquqpozmalarının qarşısının alınması və digər aktual mövzular ətrafında geniş müzakirələrin aparıldığı görüşdə K.Kamilli çıxış edərək ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş effektiv tədbirlər haqqında iştirakçıları məlumatlandırıb. Tədbir iştirakçılarına, həmçinin ölkəmizdə biznesin inkişafına əlverişli şəraitin yaradılması, hüquqi şəxslərin cinayət məsuliyyəti institutunun tətbiqi vəziyyəti, eləcə də digər yeniliklər barədə də ətraflı məlumat verilib.

AZƏRTAC