Agentlik sədri: Qərbi Azərbaycan ərazisindən xalq mahnıları lentə alınaraq erməni nümunələri kimi təqdim edilib
Gündəm

Agentlik sədri: Qərbi Azərbaycan ərazisindən xalq mahnıları lentə alınaraq erməni nümunələri kimi təqdim edilib

Qərbi Azərbaycan torpaqlarında Ermənistan Respublikası yaradıldıqdan sonra, artıq 1925-ci ildə İrəvanda Elm və İncəsənət İnstitutunda xüsusi şöbə fəaliyyətə başladı. Onun vəzifəsinə xalq musiqisi və folklor nümunələrini toplamaq və tədqiq etmək daxil edildi. Onların toplanması və arxivləşdirilməsi keçmiş Azərbaycan torpaqlarında aparılırdı və təbii ki, onların mənşəyi türk-azərbaycanlı olmuşdu.

"Respublika" xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Agentliyin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qərbi Azərbaycan torpaqları nədən bəhs edir” mövzusunda konfransda söyləyib.

Kamran İmanov qeyd edib ki, 1959-cu ildə nəşr edilmiş “Ensiklopedik musiqi lüğəti”nə əsasən, “müasir erməni musiqisinin atası” Komitas tərəfindən ümumilikdə üç mindən çox mahnı lentə alınmışdı. Komitasın Azərbaycan xalq musiqisinin oğurluqlarından ibarət olan bu etnoqrafik toplusu S.Melikyan tərəfindən şərhlərlə nəşr edildi.

“Özününküləşdirilən əsərlər arasında “Es kes tesa” adı altında “Sarı gəlin” mahnısı da olub. Bu mahnın dəfələrlə oğurlanması hallarına bu günə kimi də rast gəlirik. 1970-ci ildə “SSRİ xalqlarının musiqi tarixi” I cildində qeyd olunduğu kimi, bu kompilyasiya K.Zaxaryan tərəfindən erməni mahnısı kimi ilə verilib”, - deyə Kamran İmanov bildirib.

Agentlik sədri qeyd edib ki, XIX əsrin sonlarında nəşr olunan kitablarda “Uzundərə”, “Ceyranı”, “Şalaxo” Azərbaycan folklor rəqsləri erməni nümunələri elan edilib, 1959-cu ildə buraxılmış “Musiqili ensiklopedik lüğət”də isə “həm də Azərbaycanda geniş yayılmış erməni solo rəqsləri” kimi təqdim edilib.

“A.Babacanyanın “Vaqarşapat rəqsi”nin plagiat kökləri dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili operettasına gedib çıxır.

Lakin ötən əsrin 80-ci illərində Mərkəzi Radio və Televiziyanın proqramlarından birində Babacanyan həyasızcasına bəyan etdi ki, o, Üzeyir bəyin başqa bir gözəl operettasının köklərini guya Qarabağın hansısa erməni kəndlərində oxunan melodiyalarda tapıb. Bununla o, dolayısı ilə dahi Azərbaycan bəstəkarını plagiatda ittiham etməyə çalışıb”, - Kamran İmanov qeyd edib.