Ağstafa: Şəhid ailəsi ziyarət olunub
Region

Ağstafa: Şəhid ailəsi ziyarət olunub

Ağstafanın Xətai kəndindən olan Elşad Həsənovun şəhidlik zirvəsinə ucalmasının  yeddinci günündə ailəsi ziyarət olunub. Ziyarətdə Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Vətən oğlunun keçdiyi şərəfli ömür yolundan söz açaraq bildiriblər ki, Elşad hər zaman doğma yurduna məhəbbəti, müqəddəs torpaqlarımıza bağlılığı ilə, mərdliyi ilə seçilib. Məhz bu xüsusiyyətlər onu Azərbaycan Ordusu sıralarında Vətəninə qürurla, əsl qəhrəman kimi xidmət etməyə vadar etdi. O, həm də 44 günlük Vətən müharibəsinin iştirakçısı olub.

Qeyd olunub ki, Elşad Həsənov da şəhidlik zirvəsini fəth edərək digər Vətən oğullarımız kimi, hər bir azərbaycanlının ən böyük qürur mənbəyinə çevrildi və o, qəlblərdə daim yaşayacaqdır. Şəhidimizin ailə üzvləri dövlətimiz tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunacaqlar. Eyni zamanda şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıq nümunəsindən bəhs olunaraq bildirilib ki, 11 aprel 2023-cü il tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Laçın rayonu istiqamətində törədilən növbəti təxribatın qarşısı hərbçilərimizin sayıqlığı nəticəsində bu dəfə də qətiyyətlə alınıb, ordumuz tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən xeyli sayda itki verib. Şəhidlərimizin intiqamı layiqincə alınıb.

Şəhidlərimizin ruhuna dualar oxunub, əziz xatirələri dərin ehtiramla anılıb.

Şəhid Elşad Həsənovun valideynləri Prezident, Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə minnətdarlıq bildirmişlər.

Allah şəhidlərimizə rəhmət eləsin!

Vəli VƏLİYEV,

“Respublika”.