Ağstafaçay su anbarı bölgə üçün xüsusi əhəmiyyət daşıyır
Region

Ağstafaçay su anbarı bölgə üçün xüsusi əhəmiyyət daşıyır

Respublikamızda əsasən isti havaların üstünlük təşkil etdiyi məlumdur. Buna görə istər içməli, istərsə də suvarma suyuna olan tələbat yayda artır. Bir məsələni xüsusilə vurğulamaq lazımdır ki, ölkəmizə daxil olan çayların əksəriyyəti mənbəyini qonşu ölkələrdən götürür. Belə olan halda çaylardakı suyun miqdarının artıb-azalması yalnız hökumətlərarası tənzimlənən müqavilədən asılı olur.

Yayda çaylarda suyun miqdarı istər-istəməz azalır. Yeganə çıxış yolu bolsulu çaylar üzərində iritutumlu su anbarlarının inşa olunması və mövcud resurslardan səmərəli istifadə etməkdir. Planetimizdə kəskin iqlim dəyişməsi, qlobal istiləşmə qeyd olunan tədbirlərin həyata keçirilməsini daha da aktuallaşdırır.

Məlumdur ki, 1970-ci illərədək Azərbaycan su çatışmazlığı ilə üz-üzə qalmışdı. Ölkədə mövcud olan əkinəyararlı torpaqlardan tam gücü ilə istifadə etmək mümkün olmurdu. Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbər təyin olunduqdan sonra isə tam başqa bir mənzərə yarandı. Sovetlər birliyi dönəmində SSRİ rəhbərliyinin Azərbaycana rəğbəti o qədər də yaxşı olmamışdır. Lakin Heydər Əliyevin şəxsi nüfuzu sayəsində bir sıra irimiqyaslı layihələrin Azərbaycanda həyata keçirilməsinə nail olundu. Bütün sahələrdə olduğu kimi, meliorativ tədbirlərin həyata keçirilməsi geniş vüsət aldı. Çaylar üzərində bir neçə strateji əhəmiyyətli iri sututumu olan anbarlar inşa olundu. Eyni zamanda rayonlarda suvarma suyuna olan tələbatın ödənilməsi üçün kanallar inşa olunaraq istifadəyə verildi. Beləliklə, aqrar sahənin sürətli inkişafına şərait yarandı.

1980-ci illərədək bu proseslər uğurla davam etdirildi. Ölkəmiz müstəqilliyini yenidən bərpa etdikdən sonra müəyyən səbəblər üzündən meliorasiya sistemi tənəzzül dövrünü yaşadı. Ümummilli Liderin siyasətini uğurla davam etdirən İlham Əliyevin bu gün respublikanın sürətli tərəqqisinin təmin olunması üçün misilsiz xidmətləri danılmazdır. İşğaldan azad olunan ərazilərdə, həmçinin respublikanın digər bölgələrində irimiqyaslı layihələrin həyata keçirilməsi davam etdirilir. Aqrar sahənin yüksək təşəkkül tapmasında suvarma suyuna olan tələbatın ödənilməsi üçün bir sıra meliorativ tədbirlər həyata keçirilir.

Su itkisinin qarşısının alınması və eləcə də sahələrə suyun itkisiz və tez çatdırılması üçün mütəmadi olaraq müxtəlif meliorativ tədbirlər həyata keçirilir. Görülən işlərlə tanış olmaq üçün Ağstafaçay Hidroqovşağı İstismarı İdarəsinin rəisi Rövşən Lətifovla həmsöhbət olduq. İdarə rəisi bildirdi ki, Ağstafaçay Su Anbarı Ulu Öndər Heydər Əliyevin 1971-ci ildə açılışını etdiyi strateji əhəmiyyətli obyektlərdən biridir. Anbar mənbəyini Qərbi Azərbaycandan götürmüş Ağstafaçay üzərində qurulmuşdur. İlin istənilən fəsillərində anbarda su olur. Adıçəkilən obyekt Ağstafa və qonşu rayonların ümumilikdə 57,5 min hektar əkin sahəni suvarma suyu ilə təmin edir.

Uzunluğu 10,99 km olan Sol sahil magistral kanalı tamamilə beton üzlüklə örtülmüşdür. Kanal uzunluğu boyu trapesiya şəklindədir. Kanalın başlanğıcında suburaxma qabiliyyəti saniyədə 25 kubmetr, sonunda isə 2,5 kubmetrdir. Sol sahil magistral kanalı üzərində 4 ədəd dükker, 14 ədəd selötürən, 3 ədəd piyada və avtomobil körpüləri mövcuddur. Bütün sistemin istismarı Ağstafaçay Hidroqovşağı İstismarı İdarəsi tərəfindən aparılır və idarə öz işinin öhdəsindən layiqincə gəlir.

Bu ilin 8 ayı ərzində idarə tərəfindən 16 ədəd hidrotexniki qurğu, 6 ədəd hidropost, 12 kilometr beton kanal, 4 km istismar yolu, 2 ədəd bina cari təmir olunmuşdur.

2023-cü ilin 8 ayında suvarma kanallarında 161 min kubmetr həcmində lildən təmizləmə işləri aparılmışdır ki, bunun da 81 kubmetri ekskavatorlarla, 80 kubmetri isə buldozerlə görülmüşdür.

Suvarma mövsümünü mütəşəkkil keçirmək üçün 01.04.2023-cü il tarixə anbarda 35,5 milyon kubmetr həcmində ehtiyat su yığılmışdır. Su anbarından istehlakçılara suyun verilməsi Qazax, Ağstafa və Tovuz Suvarma Sistemləri İdarələri vasitəsilə həyata keçirilmişdir. 2023-cü ilin 8 ayında suvarma məqsədilə rayonlara ümumilikdə 64,6 milyon kubmetr su verilmişdir ki, bunun da 25,5 milyon kubmetri (39%) Qazax, 28,1 milyon kubmetri (43%) Ağstafa, 28,1 milyon kub metri (18%) Tovuz rayonunun payına düşmüşdür. 2022-ci ildə su itkisi 15% olduğu halda, görülmüş işlər nəticəsində 2023-cü ildə bu rəqəm 8%-ə enmişdir. Hazırda idarədə 2023-cü ilin payız suvarma mövsümünə mütəşəkkil hazırlıq işləri aparılır. Bunun üçün idarənin maşın-mexanizmləri saz vəziyyətə gətirilmiş, mühəndis-texniki işçilər hidrotexniki qurğulara təhkim olunmuş, su itkisinin qarşısının alınması və suyun hesabatının düzgün və dəqiq aparılması üçün lazımi tədbirlər görülür ki, bunun da nəticəsində fermerlər, kənd təsərrüfatı ilə məşğul olanlar suvarma suyu ilə tam, vaxtında və itkisiz təmin olunsunlar.

Rövşən Lətifov söhbət zamanı bildirdi ki, idarənin üzləşdiyi ən böyük problem Sağ SMK PK 167+00-PK 418+00 olan hissəsinin beton üzlüyə alınmamasıdır. Bunun üçün həmin hissələrin layihə-smeta sənədinin hazırlanması istiqamətində işlər aparılır, növbəti ilin əsaslı təmir planına salınması nəzərdə tutulur.

Vəli VƏLİYEV,

"Respublika".