Şəhid ailələri üzvlərinin Suqovuşan qəsəbəsinə səfəri
Region

Şəhid ailələri üzvlərinin Suqovuşan qəsəbəsinə səfəri

2020-ci il sentyabrın 27-də düşmənin növbəti təxribatına cavab verən əsgər və zabitlərimizin hünəri tariximizin şanlı səhifəsini yaratdı. Vətən müharibəsi 44 gün davam etdi və ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu Zəfər əldə etdi. 2020-ci il noyabr ayının 8-də qədim Şuşa şəhərinin azad edilməsi Azərbaycan xalqının vətənpərvərliyini, rəşadətini dünyaya nümayiş etdirdi.

Noyabrın 10-da isə üçtərəfli Bəyanatın imzalanması, Azərbaycan Respublikasının Qələbəsi, Ermənistanın isə məğlub olaraq kapitulyasiyaya uğraması ilə nəticələndi. Bu gün, Azərbaycanın ən yeni tarixini, Qələbə sevincini yaşayırıq. Hazırda azad olunan torpaqlarda aparılan tikinti-quruculuq işləri sürətlənir. Şəhidlərimizin hər birinin xatirəsi bizim üçün əzizdir. Onların örnək, mübarizlik dolu həyat yolu gənc nəslə təbliğ edilir. Vətən müharibəsində həlak olan Mingəçevir şəhidlərinin məzarları daim ziyarət olunur.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin qarşısına toplaşan şəhidlərin ailə üzvlərinin Suqovuşan qəsəbəsinə səfərlərinin təşkili üçün keçirilən mərasimdə çıxış edən şəhər icra hakimiyyətinin  başçısı İlham İsmayılov ərazi bütövlüyümüzün bərpası, işğal altında qalan yurd yerlərimizin azad olunması yolundakı döyüşlərdə canlarından keçən şəhidlərin hər birinin xatirəsinin əziz olduğunu qeyd etdi. Sonra 42 şəhid ailəsinin nümayəndəsi Suqovuşan qəsəbəsinə yola düşdü.

Zabit XƏLİLOV,

 "Respublika".