AHİK-də Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib
Digər xəbərlər

AHİK-də Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib. Tədbirdə AHİK-in rəhbərliyi və kollektivi, üzv təşkilatların sədrləri və məsul əməkdaşları, həmçinin KİV nümayəndələri iştirak ediblər.

Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək Azərbaycanın dövlətçilik ənənələrindən, xalqımızın işğalçılara qarşı tarixən apardığı azadlıq mübarizələrindən, Ulu Öndər Heydər Əliyevin dövlətimizin müstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən danışıb. Bildirib ki, Azərbaycan 5 min illik dövlətçilik ənənələrinə sahibdir.

AHİK sədri qeyd edib ki, Ulu Öndər Heydər Əliyev ötən əsrin 70-ci illərində gördüyü strateji işlərin əsasını müstəqil yaşamağı bacaran, özünü hərtərəfli təmin edə bilən Azərbaycana nail olmaqla müstəqilliyə gedən yolun təməlini qoymuşdur. 1990-cı ildə Heydər Əliyevin sədrliyi ilə Naxçıvan parlamenti muxtar respublikanın adından "sovet sosialist" sözlərini yığışdırdı, ilk dəfə üçrəngli bayrağımız qaldırıldı. Bu, o dövr üçün son dərəcə cəsarətli addım idi. 1991-ci il oktyabrın 18-də Azərbaycan xalqı müstəqilliyini bərpa etdi. Amma müstəqilliyin ilk illəri dövlətimiz üçün o qədər də uğurlu olmadı, ölkənin ictimai-siyasi həyatında ağır böhran hökm sürürdü. Müstəqilliyimizi itirmək təhlükəsi yaranmışdı. Xalqın təkidli xahişi ilə müdrik siyasətçi Heydər Əliyevin hakimiyyətə gəlməsi nəticəsində müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu.

Konfederasiya sədri əlavə edib ki, biz müzəffər xalqıq, bizim müstəqil və qalib dövlətimiz var, ölkəmizin bütün ərazisində dövlətimizin suverenliyi tam təmin olunub. Artıq üçrəngli bayrağımız Xankəndidə, Ağdərədə, Xocavənddə, Əsgəranda, Xocalıda dalğalanır.

Tədbirdə Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Musa Mirzəyev, Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri Habil Qurbanov və Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Vaqif Bədəlov çıxış edərək Azərbaycanın müstəqillik tarixindən, Ulu Öndərin xilaskarlıq missiyasından, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə müstəqilliyimizin daha da möhkəmləndirilməsi istiqamətində görülmüş işlərdən danışıblar.

"Respublika".