Aİ-nin
Siyasət

Aİ-nin "təbliğat maşını"

Regionda sülhə və təhlükəsizliyə əngəl törədən Fransa ilə yanaşı, bir sıra beynəlxalq qurumlar da var. Bu gün Ermənistanı "təbliğat maşını"na çevirən və Fransanın təsiri altında olan Avropa İttifaqı (Aİ) da bu mənada xüsusi fəallığı ilə fərqlənir.

Həm İkinci Qarabağ müharibəsindən, həm də 23 saatlıq lokal antiterror tədbirlərindən sonra Cənubi Qafqazda yeni düzən formalaşdı. Bu, bir çoxlarının qısqanclığına səbəb oldu. Hazırda Avropa İttifaqı selektiv yanaşma sərgiləyərək İrəvanı müdafiə edir, hətta onu silahlandırmağa da cəhd göstərir. Fransanın əlində alətə çevrilən qurum hətta Ermənistandakı mülki missiyasının sayının 138 nəfərdən 209 nəfərə çatdırılması barədə qərar qəbul edib. Bütün bunlar Cənubi Qafqazda sülh prosesinin Qərbin müxtəlif strukturlarını, o cümlədən Brüsseldə oturan siyasətçiləri narahat etdiyini bir daha təsdiqləyir. Təsadüfi deyil ki, bu gün sözügedən qüvvələr Fransanın təsiri ilə hər vəchlə bölgədə gərginliyə yönəlik tədbirlər həyata keçirirlər. Ermənistandakı Aİ missiyasının sayının artırılmasına gəldikdə isə qurum bunu "ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsi" kimi qələmə verib. Maraqlıdır, Aİ kimi kimdən qoruyur? Ermənistanın təhlükəsizliyinə təhdid yaradan kimdir? Əslində, bu addımın arxasında Avropa İttifaqının, eləcə də Qərbin məkrli planı dayanır və sözügedən plan Rusiya və İranla əlaqəlidir. Bu gün həm Fransa, həm də Qərb adıçəkilən ölkələrin Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasını istəyir.

Məlum olduğu kimi, bu yaxınlarda Aİ-nin Avropa Xarici Əlaqələr Xidmətinin (EEAS) rəhbəri Rorb Dommi Ermənistanın müdafiə naziri Suren Papikyan ilə görüşüb. Görüş çərçivəsində iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Aİ İrəvana 10,45 milyon avro humanitar yardım, büdcə dəstəyi kimi isə 15 milyon avro ayırıb. Eyni zamanda qurum vacib infrastruktura və digər layihələrə sərmayə qoyuluşu üçün 2,6 milyard avronun ayrılmasını nəzərdə tutan İqtisadi və İnvestisiya Planını da yeniləyib.

Bundan başqa, R.Dommi Ermənistan XİN rəhbəri Ararat Mirzoyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşü zamanı Avropa Sülh Fondu vasitəsilə Ermənistana dəstək məsələsini də gündəmə gətirib. Əslində, bunun Ermənistanı növbəti dəfə alət kimi istifadə etməyə yönəlmiş addım olduğu da aydındır. Xatırladaq ki, Avropa Sülh Fondu illərdir Ermənistanı silahlandırmaqla məşğuldur. Qurum, həmçinin özünü daha çox qlobal təhlükəsizliyin qarantı kimi göstərməyə çalışır. 2021-ci ildə avropalı məmurlar tərəfindən yaradılan təşkilatın 2021-2027-ci illər üçün büdcəsi 12 milyard avro təşkil edir.

Şübhəsiz, Ermənistana dəstək göstərənlər bunu qarşılıqsız etmir. Aİ və Fransa ilə sıx əməkdaşlığın nəticəsi kimi İrəvan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna, Ukrayna ilə bağlı humanitar konfranslara qoşulub, ABŞ ilə hərbi təlimlər də həyata keçirib. Paşinyana gəldikdə isə o, Brüsselə istənilən formada inteqrasiyaya hazır olduğunu bildirib. Bunun əvəzində Paşinyan Rusiyanın moderator olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bütün tədbirləri də təxirə salır. İrəvanın Qərbin təsiri ilə Moskvaya xəyanəti Rusiyanın qıcığına səbəb olub. Rusiya xarici işlər naziri Sergey Lavrovun bu yaxınlarda Ermənistanın Qərbin şirin vədlərinə uyduğunu və Rusiyadan uzaqlaşmağa çalışdığını bildirməsi bunun əyani sübutudur.

Bir məqamı da qeyd edək ki, Almaniya da Aİ üzvü kimi Ermənistanda son dövrlərdə aktiv fəaliyyətə keçib. Rusiya mediasında yayılan xəbərlərdə qeyd olunur ki, rəsmi Berlin "Qarabağ ermənilərini Avropa İttifaqı ölkələrinə kütləvi mühacirətdən saxlamaq" üçün maliyyə yardımı və dəstək müqabilində Ermənistanı Rusiya sərhədçilərini öz ərazilərindən çıxarmağa təhrik edir. Hətta, bu yaxınlarda İrəvana səfəri baş tutan Almaniyanın İqtisadi İnkişaf Nazirliyinin dövlət katibi Nils Annen ölkəsinin Ermənistana 85 milyon avro yardım göstərəcəyini bəyan edib. Şübhəsiz bu da Ermənistanı anti-Rusiya "girdabında" boğmağa, İrəvanla Moskvanın arasını vurmağa yönəlmiş addımdır. Beləliklə, Qərbin, xüsusilə də Fransanın Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq üçün Ermənistana "əl tutduğu" bir daha bəlli olur. Ermənistana gəldikdə isə, rəsmi İrəvan Qərbin "havasına oynamaqdan" yorulmur.

Nəzrin ELDARQIZI,

"Respublika".