Siyasət

"Regionun ən zəif bəndi"ndən istifadə edilir

Məlum olduğu kimi, Ermənistanın Rusiya ilə münasibətlərinin gərginləşdiyi bir dövrdə Nikol Paşinyanın Strasburqa səfəri baş tutub.

Burada Avropa Parlamentinin iclasında çıxış edən Paşinyan Azərbaycanla münasibətlərin normallaşması məsələsinə də toxunub. Baş nazir, həmçinin ilin sonuna kimi ölkəsinin Azərbaycanla sülh sazişini imzalamağa hazır olduğunu da diqqətə çatdırıb. Nikol Paşinyan deyib ki, münasibətlərin normallaşmasının bir neçə prinsip üzrə həyata keçirilməsi nəzərdə tutulub. Bura ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, regional kommunikasiyaların açılması və s. kimi məsələlər daxildir.

Ermənistanın baş naziri bu çıxışı ilə əslində özünü Avropanın gözündə "sülh göyərçini" kimi göstərməyə çalışıb. Çünki onun sülh tərəfdarı olmadığı hər kəsə bəllidir. Yada salsaq görərik ki, bu Paşinyanın ilk sülh vədi deyil. Belə ki, o keçən il də sülh sazişinin imzalanmasının mümkünlüyünü qeyd etmişdi. Amma bu sadəcə "havaya atılan fikir" olaraq qaldı. Əslində Paşinyan beynəlxalq ictimaiyyətə bu cür "xoş gələn" bəyanatlar səsləndirməklə öz destruktiv mövqeyini davam etdirir.

Ermənistanın mövqeyinə daha çox üçüncü tərəfləri, o cümlədən Fransa, erməni lobbisi, habelə daxildəki radikallar da təsir edir. Bütün bunların fonunda Avropanın regionun "ən zəif bəndi" olan  Ermənistandan öz maraqları naminə istifadə etdiyini deyə bilərik. Çünki iclasda Avropa Parlamentinin açıq şəkildə Ermənistana dəstəyi hiss olunurdu. Belə ki, Parlament tərəfindən Paşinyana xüsusi münasibət göstərilirdi. Şübhəsiz, bu, təsadüfi deyil. Bu gün tamamilə korrupsiyalaşmış quruma çevrilən Avropa Parlamentinə Fransa daha çox təsir edir. Məhz bu səbəbdən, AP Ermənistana qarşı jestləri ilə onu bir növ öz xain xislətini davam etdirməyə şirnikləndirir. Bir məsələni də qeyd edək ki, Avropa Parlementi uzun illərdir islamofob mövqeyi ilə seçilir. Əslində, qurum öz ənənəsinə sadiq qalaraq Ermənistanın vəkili rolunda ölkəmizə qarşı qərəzli mövqeyini bir daha ortaya qoyur. Təşkilatın bundan əvvəl dəfələrlə əsassız qətnamələr qəbul etdiyi də məlumdur.

Avropa Parlamenti, həmçinin Ermənistanın işğalçılıq siyasətini davam etdirdiyi illərdə də ona dəstək göstərib. Qurumun bu yaxınlarda ölkəmizə qarşı qəbul etdiyi qətnamədə də ermənipərəstlik özünü büruzə verir.

İclasda diqqətçəkən digər məqamlardan biri Paşinyanın məhz İkinci Qarabağ müharibəsində Ermənistanın Gəncəyə terror hücumunun üçüncü ildönümü günündə çıxış etməsi idi. Şübhəsiz, bu təsadüf deyil. Ermənistan və onun havadarları bunu əvvəlcədən planlamışdılar. Üç il öncə törədilmiş Gəncə terrorunda 15 nəfər mülki insan həyatını itirmiş, 55 nəfər isə yaralanmış, çoxlu sayda  mülki infrastruktura ziyan dəymişdi. Belə bir gündə Avropa Parlamentinin iclasının keçirilməsi və qərəzli bəyanat qəbul etməsi qurumun demokratik dəyərlərdən, obyektivlikdən və beynəlxalq hüquqdan tamamilə uzaq olduğunu göstərməklə yanaşı, onun bölgədə gedən proseslərdə işğalçıya dəstək verdiyini də göstərir. Məsələnin digər tərəfi isə Avropa məkanının bir sıra iqtisadi və təhlükəsizlik yönümlü təşkilatları hazırda Azərbaycanla enerji təminatı sahəsində əməkdaşlıq edir. Belə ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında aparıcı dövlətlərdəndir. Həmçinin Avropa İttifaqının Brüssel sülh gündəliyi çərçivəsində ölkəmizin mövqeyini dəstəklədiyi bir zamanda, AP-nin belə qərəzli mövqe nümayiş etdirməsi bütün addımları şübhə altında qoyur və erməni lobbisinin əlində alətə çevrildiyini bir daha təsdiqləyir.

Cənubi Qafqazda Azərbaycan tərəfindən sülh gündəliyi üzrə təşəbbüslər irəli sürüldüyü bir zamanda belə addımlar sadəcə vəziyyəti qarışdırmaq məqsədi daşıyır. Qurumda korrupsiya faktlarının aşkara çıxarılması, bu təşkilatın birbaşa sifarişlər əsasında qətnamələr hazırlandığının sübutudur. Bu məqsədlə, təşkilat regionun istər iqtisadi, istərsə də siyasi vəziyyətinə görə "ən zəif bəndinə" çevrilən Ermənistandan fikirləri öz üzərindən yayındırmaq üçün istifadə edir.

Nəzrin ELDARQIZI,

"Respublika".