Ailənin sevgi və iftixar mənbəyi
Sosial həyat

Ailənin sevgi və iftixar mənbəyi

11 Dekabr Uşaqların Beynəlxalq Televiziya və Radio Günüdür

Uşaq bir ailənin təməli, sevincidir. Təkcə bir ailəninmi, yox elə bir elin-obanın, ölkənin, dünyanın sevincidir uşaqlar. Uşaqlar dünənimiz, bu günümüz, sabahımızdır.

Ailənin, xalqın, dövlətin ən qiymətli sərvəti olan uşaqları fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətə faydalı vətəndaş, Vətənə sadiq övlad kimi böyütmək çətin və məsuliyyətli olduğu qədər də şərəflidir.

Ötən əsrin sonlarından BMT tərəfindən hər il dekabrın 11-i Uşaqların Beynəlxalq Televiziya və Radio Günü kimi qeyd olunur.

Ölkəmizdə də hər il mütəmadi olaraq bu əlamətdar günlə bağlı tədbirlər keçirilir. 1997-ci il dekabrın 14-də Bakıda Uşaqların Beynəlxalq Televiziya və Radio Günü münasibətilə keçirilən şənlikdə iştirak edən ulu öndər Heydər Əliyev demişdir: "Siz müstəqil, azad Azərbaycan Respublikasının övladlarısınız. Siz bizim demokratik cəmiyyətimizin, demokratik dövlətimizin gələcək qurucularısınız. Siz bizim işimizin davamçılarısınız. Biz gələcəyi sizə tapşırırıq. Sizi ürəkdən təbrik edirəm. Sizi bağrıma basıram, sizi öpürəm. Sizə xoşbəxtlik arzulayıram". Bu səmimi fikirlərdən aydın olur ki, həqiqətən də uşaqların əzizi, doğması hesab edən ulu öndər bir Prezident kimi onlara xüsusi diqqət ayırmaqla Azərbaycanın təkcə bu günü haqqında yox, gələcəyi haqqında düşünürdü.

Ümummilli lider Heydər Əliyev uşaqları çox sevir və hər il uşaqlarla bağlı xüsusi əlamətdar günlər münasibətilə keçirilən tədbirlərdə şəxsən iştirak edir, sevincini onlarla bölüşürdü. Ölkəmizdə uşaqlara diqqət və qayğı ulu öndərin hələ Azərbaycana ilk dəfə rəhbərliyi dövründən başlamışdır. Ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il mayın 19-da imzalanan "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində deyilir: "Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir".

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə daim xalqın xoşbəxtliyi uğrunda çalışaraq uşaqların xoşbəxt həyatını təmin etməyi özünün müqəddəs vəzifəsi hesab edirdi. Bu baxımdan, uşaqlara qayğı göstərmək, təhsili, tərbiyəsi üçün şərait yaratmaq, onlara həyatda sərbəst yaşamaq, sərbəst inkişaf etmək adət-ənənələrini aşılamaq uşaqlarla aparılan işi prioritet məsələ kimi gündəmdə saxlayırdı.

Eyni zamanda Azərbaycanın beynəlxalq uşaq konvensiyasına qoşulması və bu beynəlxalq təşkilatın üzvü olması ölkəmizdə uşaqlara qayğının artırılmasına, hüquqlarının qorunmasına, cəmiyyətdə onlara münasibətin dövlət konstitusiyası əsasında qurulmasına zəmin yaradır.

Ümummilli lider Heydər Əliyevin ənənələrinə sadiq qalan, dahi şəxsiyyətin siyasi kursunu layiqincə həyata keçirən, ideyalarını yaşadan möhtərəm Prezidentimiz İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva bu sahəni daim diqqət mərkəzində saxlayırlar. Dövlət başçımızın müvafiq Sərəncamı ilə 2009-cu ilin ölkəmizdə "Uşaq İli" elan olunması onların sosial rifah halının daha da yaxşılaşdırılması məqsədini daşıyırdı. Heydər Əliyev Fondunun bu sahədə gördüyü işləri isə sadalamaqla bitməz. Fond yalnız Azərbaycan uşaqlarına deyil, müxtəlif ölkələrin uşaqlarının da qayğısına qalır. Məhz bütün bunların nəticəsidir ki, BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəsi Mark Herevard tərəfindən Azərbaycanda uşaqların müdafiəsi sahəsindəki nəcib fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya UNİCEF-in xüsusi mükafatı təqdim edilib.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun davamı olaraq bu gün də uşaqların rifahının yüksəldilməsi, onların intellektual səviyyəsinin artırılması və hərtərəfli qayğı ilə əhatə olunması dövlət siyasətinin baslıca vəzifələrindən biridir.

Bu gün ölkəmizin televiziya və radio məkanında uşaqlarla bağlı maraqlı verilişlər nümayiş etdirilir, əyləncəli proqramlar reallaşdırılır. Bütün bunlar isə onların inkişafına, intellektual səviyyəsinin yüksəldilməsinə təsirsiz qalmır. İstedadlı uşaqların üzə çıxarılması, onların yaradıcılıq potensialının düzgün istiqamətləndirilməsində televiziya və radio işçilərinin böyük rolu var.

Nurəngiz ADİLQIZI,

"Respublika".