Qəlb çırpıntısı, yurd sevinci, ocaq istisi
Sosial həyat

Qəlb çırpıntısı, yurd sevinci, ocaq istisi

Ötən gün respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 68 nəfər, Laçın rayonunun Zabux kəndinə isə 4 ailə - 11 nəfər köçürülüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər. Bununla da ümumilikdə Laçın şəhərində 472 ailənin, yəni 1773 nəfərin, Zabux kəndində isə 215 ailənin - 819 nəfərin daimi məskunlaşması təmin edilib.

Füsunkar təbiətə malik olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi var.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 1992-ci il mayın 18-də Laçın rayonu işğal edilmiş, 77 min nəfərdən artıq rayon əhalisi erməni qəsbkarları tərəfindən etnik təmizləməyə məruz qalmışdı. İşğal illərində Ermənistan tərəfindən rayonun dövlət və özəl mülkiyyətinə ciddi zərər yetirilib. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri vandalizmə məruz qalıb.

28 il düşmən işğalı altında qalan Laçının azad edilməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi-siyasi liderlik qabiliyyəti və Silahlı Qüvvələrimizin İkinci Qarabağ müharibəsindəki şücaəti nəticəsində mümkün olub. Azərbaycan Ordusu tərəfindən Ermənistanın 2020-ci il sentyabrın 27-dəki növbəti təcavüzünə qarşı başlanan əks-hücum əməliyyatı 2020-ci il noyabrın 10-da böyük Zəfərlə başa çatıb. 44 günlük Vətən müharibəsində Şanlı Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edib, həmin ərazilərdə üçrəngli şanlı bayrağımız ucaldılıb.

Noyabrın 8-də ordumuzun bölmələrinin Şuşanı fəth etməsi Ermənistanı çıxılmaz vəziyyətə salıb. Müharibədə məğlub olduğunu qəbul edən Ermənistan rəhbərliyi məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atıb. Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistanın liderlərinin imzaladığı bəyanata əsasən 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu, bəyanatın 6-cı bəndinə əsasən, 25 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonu Azərbaycana qaytarılıb. Bununla da Laçının 28 ilik işğalına 2020-ci il dekabrın 1-də son qoyulub. Dövlət başçısının müharibədə qazanılmış qələbəni diplomatik masada davam etdirməsi nəticəsində Azərbaycan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsinə heç bir itki vermədən, bir güllə atılmadan nail olub. Amma ermənilər Azərbaycan tərəfinin humanist yanaşmasına öz xislətlərinə uyğun olaraq cavab veriblər. Üçtərəfli bəyanata görə, 20 gün müddətinə Laçını tərk etməli olan ermənilər bu zaman kəsiyində rayon ərazisində dağıntılar törədib, binaları, evləri yandırıb, ağacları qırıb, ətraf mühitə ziyan vurub, ekoloji terror törədiblər.

44 günlük Vətən müharibəsi dövründə, eləcə də döyüşlər başa çatdıqdan sonra hər zaman xalqımıza xoş xəbərlər verən dövlətimizin başçısı 1 dekabr 2020-ci ildə televiziya ilə müraciətində Laçın rayonunun işğaldan azad edilməsini bu sözlərlə bəyan edib: "Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz - Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq".

Prezident İlham Əliyev imzaladığı Sərəncama əsasən Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.

2021-ci il fevralın 14-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Laçın rayonunda olublar. Müzəffər Ali Baş Komandan Güləbird kəndində Azərbaycan bayrağını ucaldıb.

Laçın rayonu 2020-ci il 1 dekabr tarixindən Azərbaycanın nəzarətində olsa da Laçın şəhəri, Zabux və Sus kəndləri 26 avqust 2022-ci il tarixində geri qaytarılıb. Prezident İlham Əliyev həmin tarixi ötən ilin iyulun 31-də imzaladığı Sərəncamla əbədiləşdirib. Belə ki, hər il 26 avqust ölkəmizdə təntənəli surətdə "Laçın Şəhəri Günü" kimi qeyd olunur.

Ötən il 28 May - Müstəqillik Günü ölkəmizdə ikiqat bayrama çevrildi. Dövlət başçısının 27-28 may tarixlərində Laçına səfəri zamanı doğma yurda qayıdan əhali ilə görüşməsi və onlara mənzillərinin açarlarını təhvil verməsini bütün laçınlılar hər zaman xoş xatirə kimi yada salacaq.

Qeyd edək ki, Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Laçın rayonuna səfər edib, rayon ərazisində gedən bərpa və yenidənqurma işləri ilə maraqlanıblar. 2023-cü il avqustun 25-də Prezident İlham Əliyev Laçında olarkən "AzərEnerji" ASC-nin "Mişni" və "Alxaslı" Kiçik Su Elektrik stansiyalarının açılışlarında iştirak edib və birinci xanım Mehriban Əliyeva ilə birgə Laçın Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olub. Bundan başqa, dövlət başçısına Kəlbəcər-Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində həyata keçirilən işlər barədə məlumat verilib. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın şəhərinə yaxın ərazidə inşa ediləcək mehmanxana kompleksinin təməlqoyma mərasimində, rayonun sənaye zonasında mebel fabrikinin açılışında iştirak edib, prefabrik modul evlərin istehsalı müəssisəsinin və xırdabuynuzlu heyvanların saxlanılması məntəqəsinin fəaliyyəti ilə tanış olub, "Hoçazfilm" yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, Laçın rayon 2 nömrəli tam orta məktəbin və "Həkəri Balıq Təsərrüfatı"nın açılışlarında iştirak ediblər.

Musa BAĞIRLI,

"Respublika".