AZƏRBAYCANDA UŞAQ HÜQUQLARI ETİBARLI TƏMİN OLUNUR
Sosial həyat

AZƏRBAYCANDA UŞAQ HÜQUQLARI ETİBARLI TƏMİN OLUNUR

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun möhtəşəm qələbəsi xalqımıza misilsiz sevinc bəxş etdi. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən yeni tarixi dövr başlanıb. Uzun illər işğaldan əziyyət çəkən və fundamental hüquqları pozulan keçmiş məcburi köçkünlərimiz fəxarətlə öz doğma torpaqlarına, əsrlər boyu xalqımızın yaşadığı ərazilərə geri qayıdırlar. Qürur hissi ilə qeyd etməliyik ki, bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında uzun illərdən sonra uşaqlar ümumtəhsil məktəblərində təhsil alırlar.

Ölkəmizdə uşaq hüquqlarının qorunması məqsədilə qanunvericiliyin və institusional mexanizmlərin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində də müntəzəm olaraq tədbirlər həyata keçirilir. Əsas məqsəd uşaqların xoşbəxt böyümələrinin, həmçinin onların hüquq və azadlıqlarının təmin edilməsidir. Cəmiyyətin sağlamlaşması, tərəqqisi hər bir ölkənin gələcəyi olan gənc nəsli ilə bağlıdır. Uşaq hüquqlarının müdafiəsi, onların layiqli vətəndaş kimi yetişməsi, zəruri ehtiyaclarının ödənilməsi Azərbaycan Respublikasında həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir.

Cəmiyyətin həssas təbəqəsi olan uşaqların müdafiəsi siyasətinin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu gün yüksək insanpərvərlik və humanizmə əsaslanan bu siyasəti dövlət başçısı İlham Əliyev inamla davam etdirir və artıq dövlət uşaq siyasəti milli strategiya kimi formalaşmaqdadır. Ölkə başçısı dəfələrlə vurğulamışdır ki, yalnız təhsilli, savadlı, intellektual səviyyəli və ictimai həyatda fəal uşaqlar sabahın layiqli gəncliyi kimi dövlətə və xalqa xidmət göstərə bilər. Təsadüfi deyil ki, ölkədə gələcəyin vətənpərvər, yüksək zəkalı, intellektual gəncliyi olan bugünkü uşaqların firavan həyat səviyyəsinin, təlim-tərbiyəsinin, fiziki-mənəvi sağlamlığının təmini istiqamətində sistemli və ardıcıl siyasət həyata keçirilir. Uşaqların əsrlərin sınağından çıxmış zəngin milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz əsasında, vətənpərvər ruhda tərbiyəsi, cəmiyyətdə layiqli şəxsiyyət kimi formalaşması bu siyasətin əsas qayəsini təşkil edir.

Uşaq hüquqlarının qorunması istiqamətində çoxşaxəli siyasətin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi vurğulanmalıdır. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində müasir tipli orta məktəb binaları inşa olunaraq istifadəyə verilmişdir, "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" və "Məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması" layihəsi əsasında körpələr evi-uşaq bağçaları və internat məktəbləri təmir olunmuşdur.

Uşaqların təhsili ilə yanaşı, sağlamlığı da Heydər Əliyev Fondunun diqqət mərkəzindədir. "Diabetli uşaqlara ən yüksək qayğı" və "Talassemiyasız həyat naminə" layihələri cəmiyyətin diqqətinin uşaqların sağlamlığına yönəldilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Ürək xəstəliklərindən əziyyət çəkən uşaqların müalicəsi də Fondun yüksək humanizm ideyalarına sadiqliyindən xəbər verir. Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyeva humanizm və insanpərvərlik prinsipləri baxımından yardıma ehtiyacı olan uşaqlara həmişə qayğı ilə yanaşmışdır. Məhz bunun bariz nümunəsidir ki, son illərdə milyonlarla azərbaycanlı uşağın həyatının yaxşılaşdırılması istiqamətində mühüm irəliləyişlərin şahidi olmuşuq. Yoxsulluq səviyyəsinin, ölüm hallarının azalması, məktəbə gedən uşaqların sayının artması, uşaqların və anaların sağlamlığının yaxşılaşdırılması, uşaqlara əhəmiyyətli diqqət göstərildiyinin əyani sübutudur.

Dövlət başçısının 2008-ci il 22 dekabr tarixli sərəncamı ilə 2009-cu ilin "Uşaq ili" elan edilməsi uşaq hüquqları sahəsində həyata keçirilən dövlət siyasətinin ardıcıl və məqsədyönlü xarakter daşıdığını bir daha nümayiş etdirmişdir. Sərəncam uşaqlara dövlət qayğısının gücləndirilməsi, onların problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi daşımışdır. Uşaq hüquqlarının səmərəli müdafiəsi və təşviqinə nail olmaq məqsədilə hər il olduğu kimi, bu ildə də "Uşaq hüquqları haqqında" Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində Ombudsman tərəfindən ölkədə 20 oktyabr - 20 noyabr tarixləri "Uşaq Hüquqları Aylığı" elan edilir. Aylıq çərçivəsində uşaqların iştirakını təmin etməklə uşaq hüquqlarının müxtəlif aspektləri üzrə araşdırmalar aparılır, maarifləndirmə, təşviqat və digər tədbirlər keçirilir. Dövlət və yerli özünüidarə orqanları, vətəndaş cəmiyyəti institutları, o cümlədən həmkarlar ittifaqları, qeyri-hökumət təşkilatları, media və digər qurumlar tərəfindən uşaq hüquqlarının mühafizəsi prinsipi əsas tutulmaqla bu istiqamətdə həyata keçirilən tədbirlər əhəmiyyətli rol oynayır.

Bəli, hər bir uşağın hüquqlarının qorunması istənilən ölkənin inkişafı üçün vacibdir. Bu baxımdan, müvafiq qurumların uşaqların müdafiəsi sahəsində səmərəli və əlaqəli şəkildə fəaliyyət göstərməsi uşaqların hüquq və maraqlarının daha etibarlı təmin olunmasına xidmət edir.

Səbinə ƏHMƏDOVA,

2 saylı Gəncə Asan Xidmət Mərkəzi,

Ədliyyə Nazirliyi qeydiyyat şöbəsinin rəisi.