AMEA-nın prezidenti İsa Həbibbəyli Bolqarıstanda səfərdədir
Elm və təhsil

AMEA-nın prezidenti İsa Həbibbəyli Bolqarıstanda səfərdədir

Respublika-news.az www.science.gov.az saytına istinadən xəbər verir ki, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Bolqarıstan Elmlər Akademiyasının prezidentinin dəvəti ilə Bolqarıstanda səfərdədir. Səfər zamanı Azərbaycan Milli Elmlər Akademiyası ilə Bolqarıstan Elmlər Akademiyası arasında qarşılıqlı elmi əməkdaşlığa dair Anlaşma memorandumu imzalanacaq. Həmçinin səfər çərçivəsində akademik İsa Həbibbəyli Bolqarıstan EA-nın bir sıra elmi-tədqiqat institutlarının iş təcrübəsi ilə də tanış olacaq.

Akademik İsa Həbibbəyli əvvəlcə Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində olub. Mərkəzin direktoru Sofiya Şiqayeva-Metriska qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, Sofiya Universitetində türkologiya və şərqşünaslıq ixtisasları üzrə təhsil alan tələbələrə 2013-cü ildən Azərbaycan dili, 2015-ci ildən Azərbaycan multikulturalizmi fənləri tədris olunur, yeni dərs ilindən isə Azərbaycan ədəbiyyatı fənninin tədrisinə başlanılacaqdır.

Sonra o, Bolqarıstan Elmlər Akademiyasının Milli Arxeologiya İnstitutunun Arxeologiya Muzeyini də ziyarət edib. Muzeyin direktoru, professor Stefan Aleksandrov AMEA rəhbərinə Bolqarıstanın tarixi mədəniyyət nümunələrinin nümayiş olunduğu muzey eksponatları barədə ətraflı məlumat verib.

Səfəri çərçivəsində akademik Bolqarıstan Elmlər Akademiyasının Etnologiya və Folklor İnstitutunun rəhbərliyi ilə də görüşüb, elmi-tədqiqat müəssisəsinin tərkibində fəaliyyət göstərən Etnoqrafiya Muzeyini ziyarət edib. Etnologiya və Folklor İnstitutunun direktoru, professor Vladimir Pençev AMEA prezidentini rəhbərlik etdiyi elmi müəssisənin iş şəraiti və tədqiqat istiqamətləri ilə tanış edib. Görüş zamanı müasir mərhələdə etnoqrafiya və etnologiya elmlərinin funksiyaları, Akademiyanın elmi bölmələrindəki yeri və əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparılıb, bu istiqamətdə Azərbaycan və Bolqarıstan alimlərinin qarşılıqlı elmi əməkdaşlıq perspektivləri barədə danışılıb.