Amerikalı jurnalistlər Füzuli rayonunda və Zəngilanın Ağalı kəndində olublar
Digər xəbərlər

Amerikalı jurnalistlər Füzuli rayonunda və Zəngilanın Ağalı kəndində olublar

Azərbaycanın işğaldan azad edilmiş rayonlarına səfər çərçivəsində bir qrup amerikalı jurnalist və media eksperti Füzuli rayonunu ziyarət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Füzuliyə gedərkən qonaqlar yolboyu erməni barbarlığının təcəssümü olan dağıdılmış, viran qoyulmuş kəndləri, qəsəbələri seyr edib və Merdinli kəndindəki məscidə baxıblar. İşğal illərində Qarabağ ərazisində yerləşən bir çox məscidlərin erməni vandalları tərəfindən dağıdıldığı, onların bir qismindən başqa məqsədlər üçün istifadə olunduğu, bəzi məscidlərdə, o cümlədən Merdinli kənd məscidində mal-qara və donuz saxlanıldığı diqqətə çatdırılıb.

Qonaqlar Füzuli Beynəlxalq Hava Limanı və Füzuli şəhərində salınan yeni yaşayış kompleksi ilə də tanış olublar.

Daha sonra Zəngilan rayonunun Ağalı kəndinə gedən qonaqlara məlumat verilib ki, "ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış bu yaşayış məntəqəsinə Böyük Qayıdış Proqramına uyğun olaraq əhali köçürülüb və bu proses davam etməkdədir. Ağalı kəndində müasir şəhərsalma standartlarının tətbiq olunduğu, ən müasir texnologiyalardan istifadə edildiyi, köçürülmüş əhali üçün bütün infrastrukturun yaradıldığı vurğulanıb. Bildirilib ki, müvafiq qurumlar tərəfindən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun işlə təmin ediliblər.

Amerikalı jurnalistlərə müsahibəsində kənd sakinlərindən biri deyib ki, işğal zamanı Zəngilanı tərk edərkən 20 yaşı olub. Rayon azad edildikdən sonra isə 50 yaşında ailəsi ilə birlikdə Ağalı kəndinə qayıdıb. Qeyd edib ki, artıq 8 aydır doğma yurdunda yaşayır, çalışır və dövlətimizin Ağalı sakinləri üçün yaratdığı şəraitdən çox razıdır.