Ana dilimizə qayğı
Digər xəbərlər

Ana dilimizə qayğı

2001-ci il iyun ayının 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman imzalanıb

Azərbaycan dili ta qədimlərdən ölkəmizdə və ondan kənarda yaşayan Azərbaycan türklərinin əsas ünsiyyət vasitəsi olmuşdur və olmaqdadır. Tarixin müəyyən dövrlərində ərəb, sonra fars və rus dillərinin təsirinə məruz qalan dilimiz öz təmizliyini, ahəngdarlığını qoruyub saxlaya bilmişdir. Hazırda Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dilidir və bu, Əsas Qanunumuz olan Konstitusiya aktı ilə də tənzimlənmişdir.

Azərbaycan dili ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət dili kimi işlədilməyə başlanmış, Azərbaycan Sovet Sosialist Respublikası elan olunduqdan sonra, xüsusilə 20-30-cu illərdə Azərbaycan (türk) dili dövlət dili olaraq inkişaf etmişdir. 30-cu illərin sonlarından etibarən dövlət dilinin həm adı, həm də əlifbası dəyişdirilmişdir. Təbii ki, bu da Azərbaycan xalqına, ümumən türkçülüyə qarşı aparılan repressiya təzyiqinin göstəricisi idi.

50-ci illərdə Azərbaycan dili xüsusilə rəsmi dövlət idarələrində tamamilə sıxışdırılırdı. Elə həmin dövrdə milli kommunist ziyalılar bu hala qarşı etiraz səsini ucaltmağa çalışırdılar. O zaman yüksək dövlət vəzifəsində olan yazıçı-akademik Mirzə İbrahimovun imzası ilə rəsmi dövlət idarələrində yalnız respublikanın dövlət dilini işlətmək barədə ümumi milli mövqeyi əks etdirən qərar qəbul olundu. Lakin Moskva onu həyata keçirməyə imkan vermədi, onların təbirincə "günahkarlar" isə cəzalandırıldılar.

Ulu öndər Heydər Əliyevin 1969-cu ildə respublikaya rəhbərliyə gəlməsindən sonra onun Moskva ilə "diplomatik" üsulla anlaşmaq yolunu seçməsi nəticəsində tədricən Azərbaycan dilinin dövlət dili olaraq hüquqları bərpa olunmağa başladı. Azərbaycan SSR-in 1978-ci ildə qəbul olunmuş konstitusiyasına bu barədə xüsusi maddə əlavə edildi.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə dil məsələsi daha çox müzakirə obyekti oldu. Dövlət dilinin adı böyük mübahisələr doğururdu. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikası Konstitusiyası bu mübahisələrə son qoydu. Dil məsələsi geniş şəkildə müzakirə olunmağa başladı. Bu da onu göstərirdi ki, Azərbaycan dövlət dili quruculuğuna milli dövlət quruculuğu prosesinin mühüm tərkib hissəsi kimi baxır.

Azərbaycan dilinin dövlət dili kimi inkişafına çalışan ulu öndər 2001-ci il iyunun 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman imzaladı. Fərman dil quruculuğu ilə bağlı ən müxtəlif məsələləri əhatə edirdi. Sənəddə Azərbaycan dilinin mənşəyi məsələsinə geniş yer ayrılmışdı. Burada qeyd olunur: "Azərbaycan dili dialekt və şivələrinin geniş Avrasiya məkanına yayılan türk xalqlarının az qala bütün dil xüsusiyyətlərini əks etdirəcək qədər rəngarəng olmasının da başlıca səbəbi ta qədimlərdən bu torpaqlarda etnik baxımdan eyni köklü türk etnoslarının mövcud olmasıdır".

Fərmanda, həmçinin Azərbaycan dili tarixinin bir sıra mübahisəli və ya uzun illər hansısa ideoloji məqsədlə mübahisə obyektinə çevrilmiş problemlərinə aydınlıq gətirilir, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi üçün bir sıra konkret tədbirlərin görülməsi də irəli sürülür: "Ölkəmizin orta və ali məktəblərində Azərbaycan dilinin müasir dünya standartlarına, milli-mədəni inkişaf tariximizin tələblərinə cavab verən tədrisi işinin təkmilləşdirilməsinə ehtiyac vardır. Bir çox kütləvi informasiya vasitələrində, rəsmi yazışmalarda, kargüzarlıq və s. sahələrdə Azərbaycan ədəbi dilinin normalarına lazımınca əməl olunmur. Azərbaycan dilinin reklam işində istifadə edilməsində ciddi qüsurlar müşahidə olunur".

Fərmanın 9-cu bəndində isə deyilir: 2001-ci il avqustun 1-dən respublikada bütövlükdə latın qrafikasına keçirilsin.

"Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidməti idi. Burada ulu öndərin qurduğu dövlətin milli dil siyasəti əks etdirilir, həmin dövlət (və dil) uğrunda aparılmış mübarizənin tarixi və gələcəyi ifadə olunurdu. Ona görə də fərmanda irəli sürülmüş ideyalar aşağıdakı kimi ümumiləşdirilir: Azərbaycan dilinin bir dövlət dili olaraq qorunması; Azərbaycan dilinin bir dövlət dili olaraq inkişaf etdirilməsi.

Ümummilli liderin milli dil siyasətinin ideya-məzmunu qədər mənbələri də zəngindir. Heydər Əliyevi əlinə təbaşir alıb millətinə yeni əlifbanı (dili!) öyrədən böyük Atatürklə müqayisə edənlər tamamilə haqlıdırlar. Mümkün olan hər bir şəraitdə Azərbaycan dilindən bəhs etmək, onun qüdrətindən danışmaq, onu sevdirmək Heydər Əliyevin daxilindən, təbiətindən, milli lider olaraq şəxsiyyətindən irəli gəlirdi.

Ümummilli liderin "Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında" 2001-ci il 9 avqust tarixli Fərmanı da Azərbaycan dilinə, onun inkişafına dövlət qayğısının bariz nümunəsidir. Heydər Əliyevin qətiyyəti, siyasi iradəsi və prinsipiallığı nəticəsində respublikamız həmin tarixdən etibarən tam şəkildə yeni əlifbaya - latın qrafikalı Azərbaycan əlifbasına keçdi.

Zümrüd QURBANQIZI,

"Respublika".