AQTA təsdiqdən keçməyən qida obyektlərindən məhsul idxalına məhdudiyyət qoyulacağı ilə bağlı xəbərdarlıq edib
Digər xəbərlər

AQTA təsdiqdən keçməyən qida obyektlərindən məhsul idxalına məhdudiyyət qoyulacağı ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin təsdiqi prosesini davam etdirir.

“Qida Təhlükəsizliyi haqqında” Qanunun 20.3, 24.5 və 24.8-ci maddələrinin tələblərinə əsasən, risk dərəcəsi nəzərə alınmaqla ölkəmizə qida və yem məhsullarının idxalı zamanı həmin məhsulların istehsal və emal edildiyi qida obyektləri təsdiq edilməlidir. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, xarici ölkələrdə fəaliyyət göstərən qida obyektinin təsdiq olunması üçün obyektin Azərbaycan Respublikasında qida təhlükəsizliyi sahəsində mövcud olan tələblərə uyğunluğu agentlik tərəfindən yerində qiymətləndirilmə aparılmaqla və ya vizualizasiya yolu ilə qiymətləndirilir. Qiymətləndirilmə nəticələrinə əsasən, obyektin təsdiq edilməsi, şərti təsdiq edilməsi və ya təsdiqdən imtina edilməsi barədə qərar qəbul edilir.

Bununla əlaqədar, Hindistanın səlahiyyətli dövlət qurumuna bu ölkədə fəaliyyət göstərən qida obyektləri agentlik tərəfindən təsdiq edilmədiyi halda, yüksək riskli qida və yem məhsullarının idxalına 2023-cü il avqustun 1-dən etibarən məhdudiyyətin tətbiq olunacağı barədə rəsmi məktub ünvanlanıb.

“AQTA bir daha ölkəmizə qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edərək bildirir ki, müvafiq qanunvericiliyin tələbinə əsasən, təsdiq üçün müraciət etməyən şirkətlərin xüsusi risk qrupuna daxil olan baytarlıq nəzarətinə aid qida məhsullarını idxal etməsi mümkün olmayacaq. Bu sıraya mal və mal əti, quş və quş əti, balıq və dəniz məhsulları, konservləşdirilmiş balıq və dəniz məhsulları, süd və süd məhsulları və heyvan yemi üçün istifadə edilən digər məhsullar aiddir. Agentlik növbəti dəfə qida məhsullarının idxalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müraciət edərək, onları “Qida təhlükəsizliyi haqqında” Qanunun tələblərinə ciddi şəkildə riayət etməyə çağırır. Sahibkarlar qanunvericiliyin tələbləri ilə agentliyin veb-saytı, həmçinin sosial media səhifələrindən tanış ola, sualları yarandığı təqdirdə “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlaya bilərlər”, - deyə agentliyin yaydığı məlumatda deyilir.