Rusiya vətəndaşı Mixail Aleksandrov barəsində beynəlxalq axtarış elan edilib
Digər xəbərlər

Rusiya vətəndaşı Mixail Aleksandrov barəsində beynəlxalq axtarış elan edilib

Rusiya Federasiyasının Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun hərbi-siyasi tədqiqatlar mərkəzinin aparıcı eksperti, hüquq elmləri doktoru Mixail Aleksandrovun bu il dekabrin 13-də müxtəlif kütləvi informasiya vasitələrində verdiyi geniş auditoriya kütləsinə ünvanlanan audiomüraciətində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərə xələl gətirməyə cəhd göstərərək "Azərbaycanın bütün neft sənayesinin, enerji sisteminin raketlərlə bombalanması və tamamilə məhv edilməli olmasını" bildirməklə açıq çağırışlar edib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Mixail Aleksandrovun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 101.2-ci (kütləvi informasiya vasitələri ilə təcavüzkar müharibəni başlamağa açıq çağırışlar), 214.2.3-cü (odlu silahdan istifadə etməklə terrorçuluğun törədiləcəyi ilə hədələmə) və 283.2.1-ci, 283.2.2-ci (qulluq mövqeyindən yararlanaraq zor tətbiq etməklə milli nifrət və düşmənçiliyin salınması) maddələrinin tərkib əlamətləri olduğundan dekabrın 19-da Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən həmin maddələrlə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.

İttiham üçün əsas verən kifayət qədər sübutlar toplandığından Mixail Aleksandrovun Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul olunub, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə İNTERPOL vasitəsilə beynəlxalq axtarışı elan edilib.

Eyni zamanda bir sıra tərəfdaş dövlətlərin səlahiyyətli orqanlarına təqsirləndirilən şəxsin həmin ölkələrin ərazisinə daxil olduqda dərhal tutularaq istintaqa cəlb edilməsi üçün Azərbaycan Respublikasına verilməsinin təmin olunması məqsədilə müraciətlər göndərilib.

Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir.

Baş Prokurorluq bəyan edir ki, ölkəmizin milli mənafeyi, təhlükəsizliyi və ərazi bütövlüyü əleyhinə yönələn istənilən təxribat xarakterli fəaliyyətlə bağlı qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin olunacaq.