AŞPA-nın addımı şok effekti yaratmadı
Siyasət

AŞPA-nın addımı şok effekti yaratmadı

Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini Qərbin bir çox dövlət və təşkilatları həzm edə bilmədilər.

24 yanvar tarixində AŞPA-da nümayəndə heyətimizin səsvermə hüququnun 2025-ci ilin yanvar ayına kimi məhdudlaşdırılması haqqında qəbul edilən qətnamə Avropa institutlarında beynəlxalq hüquq və ədalət anlayışlarının sadəcə hansısa konkret dövlətlərin siyasi ambisiyalarına xidmət etdiyini göstərir. Nəzərə almaq lazımdır ki, Fransa ilə ölkəmiz arasında gərginliyin yaranmasının ardından Avropa Parlamentinin millət vəkilləri başda olmaqla kontinental səviyyədə ölkəmizə qarşı siyasi qarayaxma kampaniyası başladıldı və AŞPA-da qəbul edilmiş qətnamə bu mənfur kampaniyanın nəticəsidir. Bu kimi addımlar təbii ki, haqlı mövqeyimizə heç bir təsir edə bilməz. Çünki bütün bunlar sadəcə bir neçə şəxsin öz siyasi maraqları naminə qərəzli şəkildə münasibətləri gərginləşdirmək məqsədinə xidmət edir. Buna qarşılıq isə Azərbaycan Respublikası özünün siyasi-diplomatik mövqeyini ortaya qoydu və AŞPA ilə əməkdaşlıq məhdudlaşdırıldı.

AŞPA-nın belə bir addımı təbii ki, gözlənilən idi və heç də şok effekti yaratmadı. Çünki 2023-cü ilin 12 oktyabr tarixində AŞPA həqiqətləri təhrif edən və kəskin ermənipərəst mövqedən yazılmış cızma-qaralar qəbul etmişdi. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən dərhal reaksiya verilmiş və bu addım şiddətlə qınanılmışdı. Sözügedən qətnamə isə bir daha sübut etdi ki, AŞPA nə lokal antiterror tədbirlərinin ardından Qarabağa səfər edən BMT missiyasının gəldiyi nəticələri, nə BMT-nin Qaçqınlar üzrə Ali komissarının rəyini, nə də Laçındakı sərhəd-buraxılış məntəqəmizlə bağlı 6 iyul 2023-cü il tarixli Beynəlxalq Ədalət Məhkəməsinin qərarını nəzərə alır. Avropalı millət vəkillərinə hər hansı qərarı diktə edənlərin özləri belə qərar mexanizmlərində heç bir beynəlxalq-hüquqi norma və ya konkret faktı hesaba almırlar.

24 yanvar tarixli iclasda Azərbaycan nümayəndə heyətinin mövqeyinə dəstəyini ifadə edənlər Ukrayna və Türkiyə nümayəndə heyətləri oldu. Təbii ki, AŞPA-da baş verən heç bir hadisə gözlənilməz olmadığı kimi, bu iki dövlətin dəstəyi də təəccüb doğurmadı. Xalqımız xüsusilə Vətən müharibəsi zamanı Türkiyə dövlətinin, ictimaiyyətinin, hətta jurnalistlərinin ölkəmizin haqlı mövqeyi uğrundakı mübarizəsini, siyasi və mənəvi dəstəyini heç bir zaman unutmayacaq. Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı səviyyəsi Qərbin bir çox dövlətinin qorxulu yuxusudur və onlar qardaşlıq münasibətlərimizin gələcək inkişaf perspektivləri haqqında düşünməkdən belə ehtiyat edirlər. Bütün bunları nəzərə alaraq qeyd etmək istərdim ki, Türkiyə və Ukrayna nümayəndə heyəti iclasda ölkəmiz üçün əlindən gələni etdi.                                 

Naqif HƏMZƏYEV,

Milli Məclisin deputatı.