Aydın məntiqə əsaslanan qətiyyətli mövqe
Siyasət

Aydın məntiqə əsaslanan qətiyyətli mövqe

ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" mövzusunda keçirilən Forumda cənab İlham Əliyevin çıxışı əslində bölgədə marağı olan beynəlxalq subyektlərin region dövlətləri ilə maraqlarını uzlaşdırmaqla əməkdaşlığın inkişaf direktivlərinin müəyyən edilməsi istiqamətində yol xəritəsi hesab edilməlidir.

Çünki qütbləşmənin dərinləşdiyi, o cümlədən bir sıra beynəlxalq subyektlərin Cənubi Qafqaz bölgəsində öz maraqlarını işğal, təcavüz və separatizm faktorları üzərindən təmin etməyə çalışdığı bir dövrdə Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda münasibətlərə ən ali səviyyədə aydınlıq gətirilməsinə ciddi ehtiyac var idi. Azərbaycan Prezidenti bölgədə işğal və təcavüzə, həmçinin separatizm faktoruna son qoymaqla region dövlətləri üçün yeni əməkdaşlıq formatı müəyyən edib. Eyni zamanda beynəlxalq hüququn normalarında əksini tapan prinsipləri rəhbər tutmaqla Azərbaycan bütün dünya dövlətləri ilə sülh və əmin-amanlıq şəraitində yaşamağı və bu istiqamətdə fəaliyyət göstərməyi arzu edir.

Qalib tərəf olmasına baxmayaraq, dövlətimiz Vətən müharibəsindən sonra Ermənistanla yekun sülh müqaviləsinin bağlanması, regionda xalqların birgəyaşayış formulunun tapılması istiqamətində təşəbbüslərə liderlik edir. Belə bir şəraitdə bir sıra qlobal subyektlərin regiona müdaxilə cəhdləri, sülhü və sabitliyi təhdid edən davranışlar qəbuledilməzdir.

Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla sülh gündəliyinə hazır olduğunu bəyan edərək açıq formada bildirdi ki, əgər Ermənistan tərəfindən hər hansı formada təhdid müşahidə olunarsa, Azərbaycan beynəlxalq normaları rəhbər tutaraq bu təhlükələri aradan qaldırmaqda qətiyyətlidir. Bu, əslində son dövrlər bəzi Qərb dairələrinin Ermənistanda revanş ritorikasına dəstək verməsi, onu yeni münaqişəyə təşviq etməsi, həmçinin İrəvanın sürətlə silahlandırılması fonunda Azərbaycanın aydın və qətiyyətli mövqeyinin ifadəsi idi.

Prezidentin nitqində diqqətçəkən əsas məqamlardan biri də Azərbaycanın Qərblə, xüsusən Avropa İttifaqı və ABŞ ilə münasibətlərindəki hazırkı ritorika ilə bağlı oldu. Xüsusən Avropa İttifaqının bir sıra strukturlarının ölkəmizə münasibətdə qərəzli yanaşma fonunda İlham Əliyevin cavabı kifayət qədər aydın oldu - ya həmin adamlar reallıqları başa düşmür, ya da bütövlükdə Azərbaycanın regional və qlobal müstəvidə əhəmiyyətini dərk etmirlər.

ABŞ ilə münasibətlərə gəlincə, Azərbaycan ABŞ da daxil olmaqla, dünyanın heç bir dövləti ilə münasibətlərin gərgin olmasında maraqlı deyil və mövcud situasiya Azərbaycandan yox, məhz Vaşinqtondan, ayrı-ayrı siyasilərin səbatsız bəyanatlarından qaynaqlanır.

Prezident İlham Əliyevin ADA Universitetindəki çıxışının məğzini ümumiləşdirsək, bu, qalib tərəfin milli maraqlarının ən yüksək səviyyədə təmin edilməsinə yönəlik Zəfər ritorikası hesab oluna bilər.

Bəhruz MƏHƏRRƏMOV,

Milli Məclisin deputatı.