Azərbaycan əsla dinc əhalini hədəf almır
Digər xəbərlər

Azərbaycan əsla dinc əhalini hədəf almır

Sentyabrın 19-da Azərbaycan Müdafiə Nazirliyi Qarabağda "lokal xarakterli antiterror tədbirlərinə" başlanıldığını elan edib. Mövzu ilə bağlı deputat Naqif Həmzəyev bildirib ki, Ermənistan Azərbaycanın sülh əlini geri çevirməyə davam edir:

- Ermənistan hərbi siyasi rəhbərliyi və rus sülhməramlılarının fəaliyyət göstərdiyi ərazilərdəki separatçı qüvvələr təxribat törətməyə davam edirlər və demək olar ki, Azərbaycan və Ermənistan şərti sərhəddə, eyni zamanda rus sülhməramlılarının fəaliyyət göstərdiyi ərazilərdən mütəmadi olaraq atəşkəsi pozurlar. Bütün bunlarla yanaşı, məhz həmin ərazilərdə humanitar böhranın olmasına dair yalançı, həqiqətə uyğun olmayan informasiyaların yayılmasını təmin etmək və bu ərazilərdə məhz humanitar böhran şousu adı altında yalançı təxribatlar törətməklə Azərbaycana təzyiqləri artırmaq niyyətlərini ortaya qoyublar. Eyni zamanda, Azərbaycanla şərti sərhəd ərazilərinə silah-sursatın yığılması və erməni hərbi birləşmələrinin cəmləşdirilməsini də həyata keçirirlər.

Açıq bəlli idi ki, ermənilər irimiqyaslı hərbi təlimlər keçirmək adı altında əslində iğtişaş və münaqişəni alovlandırmaq niyyətindədirlər və bu günlərdə azərbaycanlılara qarşı terror aktının törədilməsi, növbəti dəfə mina terrorunun həyata keçirilməsi bir daha ermənilərin əsl niyyətlərini aşkar formada ortaya qoydu. Azərbaycan hərbçiləri tərəfindən lokal hərbi antiterror tədbirlərinin keçirilməsi yerində atılmış addımdır. Çünki faktiki olaraq ermənilər və separatçılar, Ermənistan hərbi siyasi rəhbərliyi reallıqları dərk edə bilmirlər. Azərbaycanın humanist addımlarını düzgün dəyərləndirmirlər, əksinə, vaxt qazanmaqla, təxribatlar törətməklə buna cavab verirlər. Bir sözlə, sülh yolu ilə deyil, hərbi münaqişə yolu ilə Azərbaycandan qisas almaq, ölkəmizə qarşı ərazi iddialarının olduğunun hələ də davam etdiyini bu formada bəyan etmək istəyirlər. Unutmamalıyıq ki, 30 ilə yaxın Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal altında saxlanıldı, azərbaycanlılara qarşı ermənilər tərəfindən soyqırımı, hərbi cinayətlər törədildi, soydaşlarımızın evləri, infrastruktur, mədəni, tarixi, dini abidələri darmadağın edildi. Ancaq bütün bunlara baxmayaraq, 44 günlük Vətən müharibəsində Azərbaycan zəfər çaldıqdan sonra belə Ermənistana sülh təklif etdi. Prezident İlham Əliyev humanist addım ataraq regionda uzunmüddətli və dayanıqlı sülhün əldə olunması üçün sülh yolunu seçdi. Ancaq təəssüflər olsun ki, erməni hərbi siyasi rəhbərliyi hər dəfə sülhə hazır olduqlarını söyləsələr də, real addımlarda bunu etmədilər, mütəmadi olaraq Azərbaycan ərazilərində təxribatlar və terror aktları törətdilər.

Düşünürəm ki, beynəlxalq ictimaiyyət Ermənistanın bu əməllərini nəhayət ki, görməlidir. Ermənistanın havadarları və düşmənə dəstək olan beynəlxalq təşkilatlar, beynəlxalq güclər Ermənistanın əsl simasının nədən ibarət olduğunu anlamalıdırlar. Azərbaycan Ermənistandan fərqli olaraq yalnız lokal antiterror tədbiri keçirir. Antiterror tədbiri ilə qanunsuz hərbi silahlı dəstələrinin yerləşdiyi ərazilər, onlara məxsus hərbi texnikalar, onların formalaşdırdığı müşahidə və təhlükə hesab edilən ərazilər məhv edilir. Burada hərbi güclərin cəmləşdiyi ərazilər nəzərdə tutulur. Qətiyyən dinc sakinlər və vətəndaşlar hədəfə alınmır. Düşməndən fərqli olaraq, biz yalnız əli silah tutan və azərbaycanlılara təhlükə mənbəyi hesab olunan hərbi birləşmələrin, separatçıların, quldur dəstələrinin zərərsizləşdirilməsini həyata keçiririk. Bununla yanaşı, Azərbaycan bütün humanitar qaydalara, beynəlxalq hüquq və konvensiyalara riayət edir. Ermənistanın və separatçıların yaydıqları dezinformasiyalar həqiqətə uyğun deyil. Azərbaycan keçirdiyi tədbirlərin bir qisminin videogörüntülərini media vasitəsilə yayıb və düşünürəm ki, bu, kifayət qədər tutarlı faktlardır. Buna əsaslanaraq biz deyə bilərik ki, lokal tədbirlər keçirilməklə Azərbaycanın konstitusion hüquqları bərpa edilir, hərbçilərə və vətəndaşlara təhlükə mənbələri aradan qaldırılır. Eyni zamanda Azərbaycan ilk gündən humanitar yolu açıq saxlayıb. Xankəndi və onun ətrafında yaşayan erməni əsilli əhali asanlıqla Azərbaycan ərazilərindən çıxaraq Ermənistana gedə bilirlər. Bu ərazilərdə Azərbaycan qanunlarına riayət edərək yaşamaq niyyətində olan vətəndaşlar öz həyatlarını, yaşamlarını davam etdirirlər. Bir sözlə, separatçılar erməni əsilli əhalini əsarətdə saxlayır və öz qanunsuz rejimlərini, vəzifələrini və qondarma qurumlarının dövrünü və müddətini uzatmaq istəyirlər. Azərbaycan tərəfi isə buna üç ilə yaxındır səbir edir, humanistlik göstərir. Ancaq ermənilər bundan sui-istifadə edirlər. Bu baxımdan da Azərbaycan beynəlxalq hüquq və konvensiyalara söykənərək lokal xarakterli antiterror tədbirləri keçirməkdə düzgün və haqlı mövqe sərgiləyir. Biz Azərbaycan vətəndaşlarının və hərbçilərinin şəhid olmasına göz yuma bilmərik. 44 günlük Vətən müharibəsi bitdikdən sonra məhz 300-dən çox Azərbaycan vətəndaşı və hərbçisi mina terroru nəticəsində şəhid və əlil olub. Ermənistanı üçtərəfli Bəyanatın müddəalarına əməl edərək Azərbaycan ərazilərində saxladıqları qanunsuz silahlı birləşmələrini bu ərazilərdən çıxarmağa çağırır. Əks təqdirdə, azərbaycanlılara qarşı cinayət törətmiş hər bir erməni silahlı dəstələrinə məxsus hərbçilər Azərbaycan qanunları qarşısında cavab verəcəklər. Necə ki, bu günə qədər də həmin qəbildən olan şəxslərin Azərbaycan qanunları qarşısında cavab verdiyinin şahidi olmuşuq. Düşünürəm ki, lokal xarakterli antiterror tədbirləri qısa bir müddətdə yekunlaşacaq. Çünki Azərbaycan hərbçiləri bütün təhlükə mənbəyi olan əraziləri və hərbi texnikaları hədəf alaraq sərrast atışlarla onları sıradan çıxarırlar. Ən qısa zamanda Ermənistan hərbi siyasi rəhbərliyi bu antiterror tədbirindən düzgün nəticə çıxaracaq.

Töhfə SƏMƏDOVA,

"Respublika".