Azərbaycan komandası avarçəkmə üzrə “Mingəçevir reqatası-2022
İdman

Azərbaycan komandası avarçəkmə üzrə “Mingəçevir reqatası-2022"ni 26 medalla başa vurub

Avarçəkmə üzrə "Mingəçevir reqatası-2022"yə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, yarışın son 2 gününə "Kür" Olimpiya Tədris-İdman Mərkəzi ev sahibliyi edib.

Reqatanın sonuncu günündə kayak, kanoe və avarçəkmə üzrə daha 8 kateqoriyada qaliblər müəyyənləşib. Azərbaycan təmsilçiləri yarışı 26 medalla başa vurublar. Bunların 5-i qızıl, 10-u gümüş, 11-i isə bürünc medal olub.

Reqata başa çatdıqdan sonra ölkələrin nümunəvi paradı gerçəkləşib. Daha sonra isə qaliblər mükafatlandırılıb.

Mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) prezidenti Vüqar Əhmədov, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, deputat Elman Nəsirov və digər rəsmi şəxslər təqdim ediblər.

Beynəlxalq reqatanın açılış mərasimi və birinci mərhələsi Suqovuşanda təşkil olunub.

Reqatada Azərbaycanla yanaşı, Türkiyə, Bolqarıstan, İtaliya, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Özbəkistan və Ukraynadan 150-dək idmançı medallar uğrunda mübarizə aparıb.

AZƏRTAC