Azərbaycan könüllüləri Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan silsilə tədbirlərdə iştirak ediblər
Sosial həyat

Azərbaycan könüllüləri Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan silsilə tədbirlərdə iştirak ediblər

Bu gün böyük fəxrlə xatırladığımız, Azərbaycan xalqının böyük oğlu dünya şöhrətli insan, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasından 100 il ötür.  2023-cü ilin “Heydər Əliyev ili” elan olunması ilə əlaqədar həyata keçirilən tədbir və layihələr də Ulu Öndərə olan böyük sevginin və dərin hörmətin təzahürüdür.

“Heydər Əliyev ili” çərçivəsində həyata keçirilən layihə və tədbirlərə Azərbaycan könüllüləri fəal şəkildə qoşulublar. Mayın 10-da Azərbaycan könüllüləri Fəxri xiyabanı ziyarət edərək xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və tər güllər qoyublar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığıyla ətraf mühitin mühafizəsinə hər zaman böyük önəm verən, Azərbaycan gənclərinə sağlam həyat buraxmaq üçün daima çalışan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək məqsədilə Müşfiqabad qəsəbəsində ağac əkmə aksiyası baş tutub. Ümumilikdə 100-dən çox könüllünün iştirakı ilə baş tutan aksiyada 700-dən çox zeytun və eldar şamı ağacları əkilib.

“Respublika”.