Azərbaycan “TEKNOFEST Türkiyə - 2023
Digər xəbərlər

Azərbaycan “TEKNOFEST Türkiyə - 2023"də milli pavilyonla təmsil olunur

Aprelin 27-də Türkiyənin İstanbul şəhərində "TEKNOFEST Türkiyə" festivalına start verilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) təşkilatçılığı ilə ölkəmiz festivalda 200 kvadratmetr ərazini əhatə edən milli pavilyonla təmsil olunur.

RİNN-dən AZƏRTAC-a bildirilib ki, festival çərçivəsində Azərbaycanın Kosmik Agentliyi - Azərkosmosun da yer aldığı milli pavilyonda gənc tədqiqatçılar və tələbələr üçün oktyabrın 2-6-da Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresi haqqında təqdimatlar nümayiş etdirilir.

Bundan əlavə, ziyarətçilərə "Onno", "PENÇE", "Uvodo" və "WakeX" adlı startap-layihələr, eləcə də "Kızılelma" interaktiv oyunu və "VR Ay səyahəti" virtual oyunu təqdim olunur.

Festival çərçivəsində Türkiyənin İstanbul Texniki Universiteti, Qalatasaray Universiteti, Yeditepe Universiteti, Boğaziçi Universiteti, İstanbul Nişantaşı Universiteti, Mərmərə Universiteti, Bahçeşehir Universiteti və İbn Haldun Universiteti kimi aparıcı təhsil müəssisələrinin müəllim və tələbə heyəti ilə də görüşlər keçiriləcək.

Qeyd edək ki, "TEKNOFEST Türkiyə - 2023" Aerokosmik və Texnologiya Festivalı mayın 2-dək davam edəcək.

"TEKNOFEST" Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi ilə Səlcuq Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı, qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

2022-ci il mayın 26-29-da "TEKNOFEST" ilk dəfə Türkiyədən kənarda - Azərbaycanda keçirilib. "TEKNOFEST Azərbaycan" festivalını 300 minə yaxın insan ziyarət edib. Festival çərçivəsində üç beynəlxalq tədbir və səkkiz texnoloji müsabiqə təşkil olunub.