Azərbaycan və İtaliya etibarlı tərəfdaşlardır
Siyasət

Azərbaycan və İtaliya etibarlı tərəfdaşlardır

Son illərin siyasi-iqtisadi gedişində dünya dövlətlərinin maraq dairəsində olan ölkələrdən biri də Azərbaycandır. Ölkəmiz siyasi meydanda yerini möhkəmləndirməklə yanaşı, iqtisadi inkişaf sahəsində də yeni mərhələyə yüksəlmişdir. Bu gün Azərbaycan dünya dövlətləri arasında söz sahibi olmaqla bərabər, həm iqtisadi cəhətdən inkişaf etmiş, həm də etibarlı tərəfdaş kimi öz mövqeyini qoruyub saxlaya bilmişdir. Artıq böyük dövlətlər və onların təmsilçiləri olan nəhəng şirkətlər Azərbaycanla əməkdaşlığa can atırlar. O səbəbdən də, ölkəmizdə istənilən qədər nüfuzlu şirkət və qurumlar fəaliyyət göstərir.  Müştərək işbirliyi sayəsində bu şirkətlər ölkəmizdə aparılan proseslərdə də yaxından iştirak edirlər. Belə dövlətlərdən biri də İtaliyadır.

Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il may ayının 8-də ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yüksələn xətlə inkişaf etmişdir. Həmçinin, İtaliya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuşdur. Ölkəmizin ərazi bütövlüyünü hər zaman müdafiə edən İtaliyanın respublikamızda kifayət qədər şirkətləri var. Həmin şirkətlər təkcə iqtisadi sahədə, həmçinin tikinti-quruculuq, təhsil sahəsinə də öz töhfələrini verirlər. Ümumilikdə, Azərbaycanda İtaliya şirkətləri Türkiyədən sonra ikinci yerdə qərarlaşır.  Bu əlaqələr həm də sırf dostluq münasibətləri üzərində qurulub.

Hələ 2012-ci ildə  İtaliya və Azərbaycan arasında əməkdaşlıq və dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün İTAZERCOM platforması yaradılmışdır. Platformanın yaradılmasında məqsəd iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsidir. Siyasi əlaqələrimiz kimi iqtisadi əməkdaşlığımız da yüksək səviyyədədir. Azərbaycan Prezidentinin İtaliyaya, İtaliya Prezidentinin isə Azərbaycana rəsmi səfərləri yaxın münasibətlərin bariz nümunəsidir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyaya 7 dəfə səfər etmişdir. Bu gün ölkəmizdə aparılan vacib, mürəkkəb layihələrin bir çoxunu İtaliya şirkətləri həyata keçirir. Həmin  layihələr və görülən işlər həm miqyasına, həm də dəyərinə görə çox önəmlidir. Məsələn, işğaldan azad olunmuş ərazilərdə Qələbə və İşğal muzeylərinin tikintisi və dizaynı,  Şuşa şəhərində 3 məscidin bərpa-quruculuq işləri bu ölkənin şirkətləri tərəfindən aparılır.

Bu gün Azərbaycan-İtaliya arasında həm də hərbi təlim və təhsil sahəsində də əməkdaşlıq həyata keçirilir. Ölkələrimiz arasında hərbi təhsil sahəsində və NATO çərçivəsində əməkdaşlıq sürətlə davam etdirilir. Bu il yanvar ayının 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının müdafiə naziri Quido Krosettonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Qeyd etdiyimiz kimi, ölkələrimiz arasında sıx münasibətlər illərin etibarına, güvəninə dayanır.  Belə ki, 2017-ci ildə “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC ilə İtaliyanın “IDROMECCANICA LUCCHINI SpA” şirkəti arasında anlaşma memorandumu imzalanmışdır. İmzalanan memorandum əsasında “AZTT-LUCCHINI” MMC adlı birgə müəssisə yaradılmışdır. Təhsil sahəsində də əhəmiyyətli və vacib addımlar atılmışdır. Belə ki, Azərbaycanın İtaliya ilə təhsil sahəsində əlaqələri 2002-ci il iyunun 1-də Bakıda Azərbaycan Respublikası hökuməti və İtaliya Respublikası hökuməti arasında mədəniyyət, elm və texnologiya sahəsində əməkdaşlıq haqqında Sazişin imzalanması ilə genişlənmişdir.

Prezident İlham Əliyevin 2020-ci ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı razılıq əldə olunmuşdur. Dövlət başçımız İlham Əliyevin təşəbbüsü ilə yaradılan universitet Bakıda ADA Universitetinin bazasında fəaliyyət göstərəcək. Universitetin təsis edilməsinə İtaliyanın beş aparıcı ali təhsil ocağı Luiss Universiteti, Bolonya Universiteti, Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti və Romanın Sapienza Universiteti cəlb edilib. Bu gün İtaliyanın bir sıra universitetlərində mindən çox azərbaycanlı tələbə təhsil alır. İtaliya dünyada rəqabətədavamlı və yüksək səviyyədə ixtisaslaşmış ali təhsil məkanı kimi də tanınıb. Bu ölkədə təhsil sahəsində tarixi ənənələrin bazasında formalaşmış müasir innovasiyalar mövcuddur. Görülən işlərlə yanaşı, hələ qarşıda nəzərdə tutulan bir çox planlar, layihələr var. Belə layihələrdən biri də yaxın gələcəkdə İtaliyanın paytaxtı Roma şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasıdır.

Azərbaycan İtaliyanın Cənubi Qafqaz ölkələri arasında ən böyük ticarət tərəfdaşıdır. Bölgədə İtaliyanın ticarət əlaqələrinin 90 faizdən çoxu Azərbaycanın payına düşür. Ölkəmiz İtaliyanın neft təchizatında birinci, qaz təchizatında isə üçüncü yerdədir. Azərbaycanın  gələcəkdə Avropaya nəql edəcəyi qazın həcminin artırılması ilə bağlı Avropa İttifaqı ilə əldə olunan razılaşmanın reallaşdırılması nəticəsində TAP vasitəsilə İtaliyanın qaza olan tələbatının ödənilməsinin iki dəfəyə qədər artacağı gözlənilir. Sənaye, tikinti, ticarət, kənd təsərrüfatı,  rabitə və digər sahələr üzrə 100 İtaliya şirkəti Azərbaycanda fəaliyyət göstərir.  Bütün bunlar iki dövlət arasında siyasi, iqtisadi və elmi, mədəni sahədə dostluq, qardaşlıq münasibətlərinin təcəssümüdür.

                                         Ramidə YAQUBQIZI,

                                                “Respublika”.