Azərbaycanda İKT sahəsində ciddi addımlar atılır
Sosial həyat

Azərbaycanda İKT sahəsində ciddi addımlar atılır

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən biridir. XX əsrin son onilliyindən başlayaraq geniş yayılan İKT iqtisadi və sosial, elm və təhsil, mədəniyyət və s. sahələri əhatə edir və insanların həyat tərzinə çevrilib.

İKT-ni insana bənzətmək lap yerinə düşər. Ötən əsrdə yavaş templə addımlamağa başlayan kommunikasiya texnologiyaları bu gün artıq idman termini ilə desək, "kros qaçışı" edir. Dərəli-təpəli yerlərdə maneələri rahatlıqla aşaraq finala qaçan İKT bəşəriyyətin inkişafına yol açır. Belə ki, qlobal informasiya mühitinin, sosial və iqtisadi fəaliyyətin yeni formalarının yaranması, informasiya və kommunikasiya texnologiyalarından kütləvi istifadə, həmçinin təhsil sisteminin təkmilləşdirilməsi, beynəlxalq, milli və regional səviyyədə informasiya mübadiləsi sistemlərinin imkanlarının genişlənməsi hesabına ümumi səviyyənin artmasını hədəf seçir.

İKT-nin tətbiq səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın və demokratiyanın inkişafının əsas göstəricilərindəndir. Ölkəmizdə bu sahədə müəyyən addımlar atılıb, bir sıra sahələrdə bu texnologiyaların tətbiqində ciddi uğurlar qazanılıb. Ümumiyyətlə, qeyd etməliyik ki, İKT-nin inkişaf istiqaməti dövlət siyasətinin prioritetlərindən birinə çevrilib. Hazırda Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının vəziyyətində müsbət nüanslar var. Əhalinin savadlılıq və təhsil səviyyəsinin yüksək olması, internet şəbəkəsindən ölkə miqyasında istifadə edilməsi üçün münasib imkanlarla yanaşı, milli özəl telekommunikasiya operatorlarının mövcudluğu və onların inkişafı əsas göstəricilərdəndir.

Əlbəttə, öz həllini tapmayan problemlər də mövcuddur. Bu istiqamətdə ölkəmiz əhəmiyyətli addımlar atır, çətinliklərin aradan qaldırılması üçün əlindən gələni edir. Azərbaycanda artıq üç ildir ki, keçirilən "InMerge Innovation Summit" dünyanın aparıcı texnologiya şirkətlərini, bu sahənin liderlərini, startapları və innovatorları bir araya gətirir. Layihənin əsas məqsədi innovasiya texnologiyaları sahəsindəki yenilikləri bölüşmək, sıx əlaqələr yaratmaq və İKT-nin ölkəmizdəki inkişafına təkan verməkdir. Sammitdə bir çox tanınmış beynəlxalq ekspertlər də iştirak edir. Noyabrın 30-u başlayan növbəti sammit dekabrın 1-də sona çatacaq. Bu müddət ərzində elektron ticarət, sığorta texnologiyaları, süni intellekt, telekommunikasiya və bir çox mövzuda təqdimatlar ediləcək, müzakirələr və seminarlar baş tutacaq. Bütün bunlarla yanaşı, sammit çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yerli innovasiya ekosisteminin inkişafına yönəlik "IDDA Awards" müsabiqəsinin qalibləri mükafatlandırılacaq.

Sammitin açılış mərasimində Azərbaycanın İKT məhsullarının ixracı üzrə haba çevrilə biləcəyi açıqlanıb. Ölkəmiz bu istiqamətdə bir sıra işlər aparır. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev açılışda iştirak edərək bildirib ki, İKT məhsullarının ixracı üzrə habla yanaşı, "outsorsing hub", innovasiya və biznes habı istiqamətində də tədbirlər görülməlidir: "Adətən, biznes habına əhalisi çox olan ölkələr çevrilir. Amma Azərbaycanda əhalinin az olması, ölkənin dünya okeanına birbaşa çıxışının olmaması səbəbindən bizə innovasiya habına çevrilmək daha sərfəlidir. Bu baxımdan, beynəlxalq icmanı da cəlb etməliyik, bunun üçün isə hüquqi bazamız olmalıdır. İnnovasiya habının bir neçə əsas komponenti var. Bunlar bazara ədalətli çıxışın təmin edilməsi, qanunun aliliyi, mədəniyyətin, müxtəlifliklə bağlı düşüncə tərzinin formalaşması, lazımi infrastrukturun, o cümlədən internetin olmasıdır. Bu ilin sonuna qədər ölkədə 100% yüksəksürətli internet təchizatını təmin edəcəyik. Həmçinin ali təhsil müəssisələri və investorlarla onların sayının artırılması üçün danışıqlar aparırıq. Biz beynəlxalq şirkətlərə müraciət etmişik. Onların əsas tələbləri avtomobil yollarında təhlükəsizlikdir və bunun üçün çalışırıq".

Sammitin ölkəmizdə keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Tədbir çərçivəsində Azərbaycanın İKT sahəsində inkişafı üçün ciddi addımlar atılacağı gözlənilir.

Töhfə SƏMƏDOVA,

"Respublika".