Azərbaycanın at polosu üzrə millisi 14-cü Avropa çempionatına qələbə ilə başlayıb
İdman

Azərbaycanın at polosu üzrə millisi 14-cü Avropa çempionatına qələbə ilə başlayıb

Sentyabrın 3-də Almaniyanın Düsseldorf şəhərində at polosu üzrə 14-cü Avropa çempionatının ilk qrup oyunları təşkil olunub.

Dövlət Sərhəd Xidmətidən (DSX) “Respublika”-ya verilən məlumata görə, heyətində kapitan Elçin Camallı, oyunçular Tərlan Qurbanəliyev, Joaqin Kopello və Andres Ernesto Lorentonun yer aldığı millimiz ilk qrup oyununu turnirin favoritlərindən sayılan İspaniya yığmasına qarşı keçirib və 6:5 hesabı ilə qələbə qazanaraq aktivinə 1 xal yazdırıb. Gərgin mübarizədə kapitan Elçin Camallı qollardan ikisini aktivinə yazdıraraq dubl edib.

Millimizin çıxış etdiyi “A” zona qrupunun digər görüşündə isə İtaliya millisi İsveçrə üzərində 6:2,5 hesabla inamlı qələbə qazanıb. İlk görüşün nəticələrinə əsasən aktivlərində 1 xal olan İtaliya və Azərbaycan yığmaları qrupda ilk iki, İspaniya 3-cü, İsveçrə isə 4-cü yerdə qərarlaşıb.

Təmsilçilərimiz qrupun ikinci matçını sentyabrın 4-də yerli vaxtla saat 14:00-da son Avropa çempionu İtaliyaya qarşı oynayacaq. Yığmamızın həlledici adlandırıla biləcək qarşılaşmaya eyni heyətlə çıxması planlaşdırılıb.