İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Sərbəst güləşçilərimiz MDB Oyunlarını 6 medalla başa vurublar

Azərbaycanın sərbəst güləş millisi Belarusda keçirilən II MDB Oyunlarını 6 medalla başa vurub. Yığmamız yarışda 2 qızıl, 3 gümüş, 1 bürünc medal əldə edib.

Cəbrayıl Qadjiyev (74 kq) və Arseniy Djioyev (86 kq) 1-ci, Ayxan Abdullazadə (61 kq), Murad Yevloyev (70 kq) və Abdulcəlil Şabanov (92 kq) 2-ci, Rəşid Babazadə (65 kq) isə üçüncü yeri tutublar. Qeyd edək ki, sərbəst güləş yığmamız II MDB Oyunlarına 9 nəfərlə yollanmışdı.

 

İdmançımız bürünc medal qazanıb

Azərbaycanın paracüdoçusu Avropa Paralimpiya Çempionatında medal qazanıb. İsmayıl Muradov (-60kq) Avropa Paralimpiya Çempionatının bürünc medalına sahib olub. Qeyd edək ki, bu, Azərbaycan millisinin yarışdakı üçüncü medalıdır.

 

Azərbaycan məktəbliləri Aktauda keçirilən şahmat turnirində beşinci olublar

Qazaxıstanın Aktau şəhərində məktəblilər arasında dünya şahmat turniri keçirilib. Turnirdə Azərbaycanı Sumqayıt şəhəri İsmət Qayıbov adına liseyin şagirdləri təmsil ediblər. Turnirdə 50 ölkədən 70-dən çox komandanın mübarizə apardığı turnirdə Azərbaycan şahmatçıları uğurla çıxış edərək yarımfinala qədər yüksəliblər. Sumqayıt məktəbliləri turniri beşinci pillədə başa vurublar.

Turnirin qalibi Türkiyə şahmatçıları olub.

 

Qadın voleybolçularımız finalda

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi ardıcıl onuncu dəfə Avropa çempionatının final mərhələsində iştirak edəcək. "Avro-2023" oyunları avqustun 15-dən sentyabrın 3-dək keçiriləcək. Komandamız C qrupunda Almaniya, Çexiya, İsveç, Türkiyə və Yunanıstan yığmaları ilə mübarizə aparacaq.

Nərgiz İSMAYILOVA,

"Respublika".