Azərbaycanın mövqeyi dəqiq və milli maraqlara uyğundur
Digər xəbərlər

Azərbaycanın mövqeyi dəqiq və milli maraqlara uyğundur

Ulu öndər Heydər Əliyevin "Azərbaycan dünyaya Günəş kimi doğacaq" kəlamı artıq öz təsdiqini tapdı. Belə ki, Azərbaycan Respublikası Cənubi Qafqazda lider dövlətə çevrildi. Dünya xəritəsində özünün layiqli yerini tuta bildi. Bu uğurun təməlində ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının həyata keçirilməsi dayanır. Ümummilli lider dövlətimizi beynəlxalq arenada tanıtdı, iqtisadiyyatımızın, hərbi uğurlarımızın əsasını qoydu, Azərbaycanımızı dünyanın sayılıb-seçilən ölkəsinə çevirdi.

Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə həyata keçirilən davamlı islahatlar nəticəsində Azərbaycan müstəqil dövlət kimi möhkəmləndi, inkişaf etdi və öz gələcəyinin əsasını qoydu. Ölkə başçımız beynəlxalq arenada, millətlərarası əlaqədə inkşaf prosesinin sürətlənməsi naminə atdığı addımlar onun dövlətimizin gələcəkdə beynəlxalq müstəvidə önəmli yer tutmasına qadir olduğunu birmənalı şəkildə sübut etdi. Cənab Prezidentin çevik, uzaqgörən həmlələri isə ölkənin müstəqilliyinin qorunmasına təminat yaradaraq regiondakı liderliyini davam etdirir.

Regionda və dünya miqyasında güclü olmağın ən əsas şərtlərindən biri də iqtisadiyyatın möhkəmləndirilməsidir. Belə ki, beynəlxalq maliyyə qurumları ilə sıx əməkdaşlıq iqtisadi inkişafda böyük əhəmiyyət kəsb edir. Son illər bu əlaqələrin möhkəmlənməsi onu sübut edir ki, Azərbaycan iqtisadiyyatı davamlı inkişaf edir və ölkəmizin ildən-ilə daha yüksək nailiyyətlər qazanacağına böyük ümidlər bəslənir. Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mahiyyəti davamlı və sabit irəliləyən iqtisadi sistemin formalaşdırılmasıdır. Bu isə neftdən asılılığı azaltmaqla ölkədəki inkişaf tempini yüksəltməyə imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tutur. Məlumdur ki, Prezident İlham Əliyev tərəfindən siyasi və sosial-iqtisadi təkmilləşməyə əsaslanan və yüksək əzmkarlıqla həyata keçirilən inkişaf strategiyası hazırda öz bəhrəsini verməkdədir. Ulu öndər Heydər Əliyevin özünəməxsus uzaqgörənliklə planladığı və həyata keçirilməsinin nəzəri və praktiki yollarını müəyyən etdiyi inkişaf xəttini Prezident İlham Əliyev reallığa çevirdi.

Bu gün demokratiya və humanistlik ideyalarına sadiq olan dövlətimiz öz milli mənafeyini yüksək səviyyədə qoruyur. Bununla yanaşı, Azərbaycan bölgənin lider dövlətlərindəndir. Həqiqətən də, Azərbaycanın vasitəçiliyi sayəsində bu gün dünyanın bütövlükdə geosiyasi mənzərəsinə təsir göstərmək gücündə olan Rusiya-Türkiyə münasibətləri formalaşdı. Azərbaycanın bu iki ölkə arasında 2015-2016-cı illərdə yaranmış gərginliyin aradan qaldırılmasında oynadığı rol bütövlükdə dünya müstəvisində öz izini qoydu. Bu da öz növbəsində ərazi bütövlüyünü bərpa etmiş dövlətimizin uğurlu xarici siyasətini əks etdirir.

Bütün bunlar göstərir ki, dövlət başçımız cənab İlham Əliyev dünyanın ən güclü diplomatlarından biridir. Dövlətlərarası münasibətlərin inkişaf perspektivlərini olduqca dəqiqliklə müəyyənləşdirir və dövlətimizin mövqeyini bu istiqamətdə formalaşdırır. Bunun nəticəsidir ki, 44 günlük Vətən müharibəsində ciddi siyasi-diplomatik elementlərə söykənən platforma üzərində hərbi qələbəmizi qazandıq. Habelə, beynəlxalq arenada ölkəmiz Qoşulmama Hərəkatı ilə yanaşı, digər beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, eləcə də Avropa İttifaqı ilə əməkdaşlığın mövcudluğu çərçivəsində öz mövqeyini daha da möhkəmləndirdi. Azərbaycan dövlətinin xarici siyasəti bir daha təsdiq etdi ki, dövlətimiz ümummilli maraqlarımıza xidmət edən siyasət yürüdür. Nəinki qonşu dövlətlər və Avropa, eləcə də dünyanın digər aparıcı dövlətləri ilə də bərabərhüquqlu əməkdaşlığın dərinləşməsinə xüsusi önəm verir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət kursu nəticəsində dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan, eyni zamanda beynəlxalq tranzit üzrə mühüm logistika mərkəzinə çevrilib. Ölkəmizdə müasir yol infrastrukturunun yaradılması, beynəlxalq hava limanlarının tikilməsi, eləcə də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi Azərbaycanın qlobal iqtisadi əlaqələrinin inkişafındakı mühüm rolunu təsdiq edir. Təsadüfi deyil ki, Azərbaycan regional və qlobal əhəmiyyətli enerji, eləcə də nəqliyyat layihələrinin müəllifi və təşəbbüskarıdır. Məhz bu layihələr regionun inkişafında vacib rol oynayır, həmçinin Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verir. Bütün bunlar isə dövlətimizin regionda, o cümlədən dünyadakı rolunu açıq şəkildə göstərir.

 Nurlan ABDALOV,

"Respublika".