Azərbaycanın növbəti tarixi uğuru
Digər xəbərlər

Azərbaycanın növbəti tarixi uğuru

Azərbaycan təxminən 24 saat davam edən lokal antiterror tədbirlərindən sonra Qarabağda öz suverenliyini bərpa etdi. Bu, Azərbaycanın həm hərbi, həm diplomatik müstəvidə növbəti mühüm qələbəsidir.

İkinci Qarabağ müharibəsindən keçən üç ilə yaxın müddət ərzində Bakı həm İrəvanla sülh müqaviləsinin imzalanması, həm də Qarabağ ermənilərinin reinteqrasiyası üçün öz təşəbbüslərini, təkliflərini irəli sürdü. Təəssüf ki, ötən müddət ərzində Azərbaycanın bu təşəbbüslərinə adekvat reaksiyalar olmadı. Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmaq istəyənlər, Qarabağda separatizmə dəstək verən bəzi xarici güclər düşünürdülər ki, mənfur planlarını gerçəkləşdirə biləcəklər. Ermənistan və onun  Fransa kimi havadarları bölgədə yeni müharibə şəraiti yaratmaq üçün ardıcıl olaraq hərbi təxribatlara əl atır, təzyiqlər göstərməklə nələrəsə nail olacaqlarına  ümid edirdilər. Azərbaycan son üç ildə öz addımları ilə sübut etdi ki, ərazi bütövlüyü və suverenliyinə xələl gətirilməsinə heç cür imkan verməyəcək və onunla təhdid, güc dili ilə danışmaq mümkün deyil. Azərbaycan dövləti öz ərazisində separatçı xunta rejiminin, qanunsuz silahlı dəstələrin olmasına uzun müddət dözməyəcək.

Lokal xarakterli  antiterror tədbirlərini analiz etdikdə, yüksək peşəkarlıqla həyata keçirildiyi, strateji hədəflərə tam nail olunduğu aydın görünür. Prezident İlham Əliyev xalqa müraciətində bu məqama toxunaraq deyib: "Antiterror tədbirləri nəticəsində hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdilər. Ağır relyef şəraitində düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz  qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır".

Antiterror tədbirləri zamanı Azərbaycan Prezidentinin birbaşa tapşırığı ilə ordu bölmələrimiz heç bir halda mülki obyektləri və mülki əhalini hədəf götürmədi, yaşayış məntəqələrinə daxil olmadı. Yalnız hərbi hədəflər vuruldu.

Azərbaycan mərkəzi hakimiyyəti Qarabağın erməni sakinlərinin nümayəndələri ilə dialoq aparmaq üçün dəfələrlə təklif edib. Bu ilin fevralında Xocalıda Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin qərargahında müzakirələr aparılsa da, növbəti dialoq təkliflərindən Qarabağdakı separatçı xunta rejiminin və Ermənistan hakimiyyətinin təzyiqi altında imtina edilib. Sentyabrın 21-də Yevlaxda növbəti dialoq baş tutdu. Bu, reinteqrasiya üçün mühüm addımdır. Azərbaycan dövləti özünün Qarabağ ərazisindəki erməni sakinləri ilə heç bir vasitəçi olmadan görüş keçirməklə bunun öz daxili işi olduğunu bir daha bəzi kənar qüvvələrə nümayiş etdirdi.

Ermənilər əmin olmalıdırlar ki, onlar üçün ən doğru seçim məhz Azərbaycan Respublikasının üçrəngli bayrağı altında, Azərbaycan qanunvericiliyinə uyğun yaşamaqdır. Şübhəsiz ki, güclü ölkənin vətəndaşı kimi, qalib ölkənin nümayəndəsi kimi onlar da bu inkişafdan, bu tərəqqidən faydalanacaqlar.

Eyyub ABBASOV,

Rusiya Federasiyası

Novosibirsk vilayəti, iş adamı.