Azərbaycanın parlaq diplomatiyası Cənubi Qafqaza sülh gətirir
Siyasət

Azərbaycanın parlaq diplomatiyası Cənubi Qafqaza sülh gətirir

ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" Forumunda iştirak edən Prezident İlham Əliyevin Ermənistanla bağlı dediyi fikirlər bir daha göstərdi ki, Azərbaycan sülh sazişinin imzalanmasında daha maraqlı tərəfdir. Bu bir həqiqətdir ki, müharibədən əvvəlki dövrdə də Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazisi üzərində suverenliyini tam bərpa etmək niyyətində olub. Amma bunu sülh yolu ilə etmək istəyirdi. Təqribən 30 il ərzində Ermənistan ilə münaqişəni dinc yolla həll etmək məqsədilə təkliflər verilmişdi. Lakin təəssüf ki, bu mümkün olmadı. Nəticədə Ali Baş Komandan ordumuzun, xalqımızın gücü ilə məsələni kökündən birdəfəlik həll etdi.

Baş verən proseslər onu göstərir ki, artıq sülh müqaviləsinin bağlanmasına şərait var. Prezident İlham Əliyevin parlaq diplomatiyası Cənubi Qafqaza sülh gətirir. Çünki artıq bu bir reallıqdır ki, Azərbaycan rəhbərliyi qarşısına qoyduğu bütün məqsədlərə çatmağa qüdrəti olan bir dövlət başçısıdı. Prezidentin də qeyd etdiyi kimi uzun illər danışıqlar və işğal zamanı Minsk qrupunun həmsədrləri - üçü bir ağızdan qeyd edirdilər ki, münaqişənin hərbi yolla həlli yoxdur. Belə məlum oldu ki, onların hər üçü səhv edirdi. Çünki Ali Baş Komandan Cənubi Qafqaza sülhü hərbi yolla gətirdi. Bu isə həm diplomatiyamızın, həm də ordumuzun gücü idi. Bu gün Ermənistan üçün başqa yol qalmayıb. Yaxşı olardı ki, Ermənistan rəhbərliyi artıq öz müqəddəratını özü təyin etməklə bağlı qərar versin. Azərbaycan sülh sazişi bağlamaqla Ermənistandakı revanşizm cəhdlərinin qarşısını almaq istəyir və buna da zəmanət tələb edir. Çünki biz bilirik ki, Ermənistan özbaşına bir dövlət deyil. Onun Avropadakı havadarları ona doğru yol göstərmir. Təxribatçı məsləhətlər verir. Ancaq hər kəs bilməlidir ki, cənab prezidentin rəhbərliyi ilə arxasında kimin durmasından asılı olmayaraq, Azərbaycan onlara öz yerini göstərəcək.            

Vüqar İSKƏNDƏROV,

Milli Məclisin deputatı.