Azərbaycanın suverenliyinə təhdidlərin qarşısı qətiyyətlə alınır
Siyasət

Azərbaycanın suverenliyinə təhdidlərin qarşısı qətiyyətlə alınır

2020, 2023-cü illər... Ölkəmiz məhz bu illərdə erməni separatçılarına lazımi cavablar verib.

Lakin görünür, onlar "ağıllanmaq" istəmirlər. Qarabağdakı qondarma rejim özünü buraxdıqdan sonra bəzi qüvvələrin məkrli planları alt-üst olub. İndi bu meyillər Ermənistanda yenidən özünü göstərir. Paşinyan hakimiyyəti Qərbin ağlı ilə hərəkət edərək, revanşist qüvvələrin fəaliyyətinə gizli dəstək verir. Buna görə də separatçılar fəaliyyət dairələrini genişləndirmək həvəsinə düşüblər. Belə ki, onlar Qərbin rəsmi, qeyri-rəsmi qurumları ilə görüşlər keçirməyi planlaşdırırlar.

Paşinyan əvvəllər bu rejimin Ermənistanda fəaliyyətini davam etdirməsinə imkan verməyib, aksiya keçirmələrini qadağan edib. İndi isə buna göz yumur. Bu isə o deməkdir ki, yalnız qondarma rejimin tör-töküntülərində deyil, bütün Ermənistanda revanş meyli artmaqdadır. Onları buna həvəsləndirən qüvvələr isə hər kəsə məlumdur. Uşağın əlinə şirni verib istədiyini dedirtmək istəyən böyüklər kimi, Qərb də Ermənistanı silahlandırıb onu öz maraqları naminə separatizmə sürükləyir. İrəvan isə bu qüvvələrə güvənərək geosiyasi reallığı öz lehinə dəyişə biləcəyini düşünür. Lakin Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallığı dəyişmək artıq mümkün deyil. Bu kimi xəyallara qapılanlar Ermənistanı parçalanmağa, məhvə doğru aparır.

İrəvan separatizmlə bağlı planlar qurur. Belə ki, hakimiyyət Şahramanyanın dəstəsinə qarşı çıxır, lakin S.Babayan üzərindən separatizmi nəzarətə alır. Paşinyan separatçı rejimin ləğvi ilə bağlı qərardan imtina edən Şahramanyana qarşı olsa da bu qərarın qüvvədə olmadığını dilə gətirən Samvel Babayana güzəştə gedir. Yenə də Ermənistan baş nazirinin dediyi ilə əməli düz gəlmir. Paşinyan sülhdən uzaq, revanşa yaxın olduğunu martın 12-də bir daha təsdiq edib. O bildirib ki, Azərbaycanın hazırda Ermənistanın işğalında qalmış kəndlərini geri qaytarmaq niyyətində deyillər. Erməni mediasında yayılmış xəbərlərdə deyilir ki, Ermənistan hakimiyyəti separatçılardan ibarət "xüsusi komitə" yaratmaq niyyətindədir. Həmçinin bu qurumun beynəlxalq arenada fəaliyyətini genişləndirməyə cəhd edir. "Hraparak" nəşri yazır ki, Vardan Oskanyan və komitənin bəzi "başçı"ları Avropada səfərdədir. Onlar müxtəlif siyasi xadimlər, beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirirlər. Digər dırnaqarası deputatlar isə Oskanyanın Ermənistana qayıtmasını və keçirilən görüşlərlə bağlı məlumat verməsini gözləyir. "Hraparak" qeyd edir ki, Oskanyan xarici işlər naziri olduğu dövrdə Avropada qurduğu əlaqələri bərpa edə bilib, əsas fiqurlarla görüşüb. Onlardan biri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Tovio Klaardır.

2020-ci il noyabrın 10-da Ermənistan silahlı qüvvələrinin bölgədən çıxarılmasını tələb edən üçtərəfli Bəyanatın imzalanmasına baxmayaraq, Qarabağda möhkəmlənmiş qondarma revanşist xunta rejimi torpaqları təhvil verməkdə inadkarlıq nümayiş etdirib. Müxtəlif xarici himayədarların dəstəyilə Qarabağdakı separatçılar öz "hakimiyyət"ini saxlamağa cəhd göstərib. Lakin bu əksinə, Azərbaycanın öz əraziləri üzərində suverenliyini bərpa etmək əzmini artırıb. İkinci Qarabağ müharibəsinin toz-dumanı çəkilməmiş Ermənistan yeni revanşa cəhd edib. Nəticədə Azərbaycan öz suverenliyini möhkəmləndirmək üçün 2023-cü ilin sentyabrında antiterror tədbirləri ilə separatizmin kökünü kəsib.

Ölkəmizin dəfələrlə separatçılara lazımi cavab verib yerinə otuzdurmasına baxmayaraq, Ermənistan onu yenidən diriltməkdə qərarlı görünür. Alova meyil edən pərvanə kimi, bu təhlükəli addımı atır. Bir tərəfdən də onların cəhdləri "Titanik" gəmisi batarkən skripka çalmağa davam edən şəxsin çabasına oxşayır. Şahidlərin dediyinə görə, orkestr gəmi batan ana qədər musiqi çalmağa ara verməyib. Görünür, Ermənistan da tamamilə məhv olana qədər təhlükəli ritorikadan əl çəkmək istəmir.

Azərbaycan separatizmin qarşısında qətiyyətlə dayanır. Ermənistanın separatçı əhvali-ruhiyyəni yenidən alovlandırmaq cəhdləri uğursuzluqla nəticələnək. Bu gün Xankəndidə vaxtilə məkrli planlar qurulmuş binalar darmadağın edilir. Azərbaycan erməni separtizminin izlərini yox edir. Onlar isə hələ sovet dövründə təsdiqlənmiş Xankəndinin baş planında yer almayan bu tikililərin sökülməsini öz xislətlərinə uyğun şəkildə təqdim edirlər. Bu təbii ki, Azərbaycanın ölkə qanunvericiliyinə uyğun daxili işidir.

Azərbaycan İkinci Qarabağ müharibəsində qazandığı qələbədə ərazi bütövlüyünü, antiterror tədbirlərində isə öz suverenliyini tam təmin edib. Bununla da erməni separatçılarının xəyalları puç olub. Lakin İrəvan məğlubiyyətlə barışmayıb, separatizm alovunu yenidən gücləndirməyə cəhd edir. Görünür, əvvəlki dərslərdən nəticə çıxarmayıb. Dərs isə aydındır: separatizm meyilləri alovlana bilər, amma sonda bu alovda yanan yenə də Ermənistan olacaq.

Nurcan SÜLEYMANOVA,

"Respublika".