Azərbaycanın tacı, Qarabağın incisi – ŞUŞA
Siyasət

Azərbaycanın tacı, Qarabağın incisi – ŞUŞA

XVIII əsrin ortalarında əsası qoyulmuş Şuşa şəhəri, dəniz səviyyəsindən 1300-1600 metr hündürlükdə yerləşib və üç tərəfdən sıldırım qayalarla əhatə olunub. Mürəkkəb relyefinə görə, bölgənin işğalı çətin olduğundan Pənahəli xan şəhəri elə burada salmağa qərar verib. Şəhər ilk vaxtlar xanın şərəfinə, Pənahabad adlandırılıb.

Xanlıq və sovet hakimiyyəti dövründə Şuşa əhalisinin çoxunu azərbaycanlılar təşkil edib. Şuşa öz təbiəti, saf havası ilə hər kəsi heyran edib, hətta müalicə əhəmiyyəti baxımından sovet illərində kurort şəhəri hesab edilib. Burada kilsə, məscid, karvansaray və muzeylər hələ keçən əsrlərdən fəaliyyət göstərib. Mədəniyyətimizin beşiyi Şuşada Üzeyir Hacıbəyov, Bülbül, Xan Şuşinski, Firudin bəy Köçərli, Əbdürrəhim bəy Haqverdiyev, Xurşudbanu Natəvan kimi məşhur ziyalılar anadan olub.

Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, əhali doğma yurdlarından didərgin salınıb. Hər tərəfdən raket, top atəşinə tutulan şəhər, axşama qədər müdafiə olunsa da, silah-sursat və canlı qüvvə cəhətdən üstün olan işğalçıların qarşısında davam gətirə bilməyib. Şəhərin müdafiəsi zamanı 195 dinc sakin şəhid olub, 165 nəfər isə yaralanıb. İşğaladək burada 25 minə yaxın insan yaşayıb. 114 nəfər azərbaycanlı ermənilər tərəfindən əsir götürülüb, vəhşicəsinə qətlə yetirilib.

Birinci Qarabağ müharibəsindən sonra ermənilərin xəyali, tanınmamış "dövlət"inin paytaxtı, mərkəzi Xankəndi idi. Ermənistanda Nikol Paşinyan baş nazir vəzifəsinə seçildikdən sonra Şuşanın əhəmiyyəti daha çox vurğulanmağa başlayıb. 2019-cu ilin mayında Nikol Paşinyan Şuşada şəhərin ələ keçirilməsinin 27-ci ildönümünü qeyd etmək üçün təşkil edilmiş məclisdə yallı gedib. Müharibə dövründə, Azərbaycan Prezidenti İlham Əliyev xarici mediaya verdiyi müsahibələrinin birində bu epizodu xatırladıb: "Paşinyan Şuşada, Cıdır düzündə sərxoş halda rəqs edəndə özünə bu gün baş verənlər barəsində hökm imzalamışdı".

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri 2020-ci il noyabrın 7-də şəhərin qayalıqlarını dırmaşaraq yüngül silah-sursatla Şuşaya daxil olublar. Cəsarətli, qəhrəman əsgərlərimiz bir güllə atmadan, düşmənlə əlbəyaxa döyüşə girərək Şuşanı nəzarət altına alıb. Şəhərin azad edilməsi ilə, separatçı rejimə böyük zərbə vurulub, müharibənin taleyi həll edilib. Bu gün Şuşada, Cıdır düzündə beynəlxalq əhəmiyyətli tədbirlər keçirilir.

Prezident İlham Əliyev Şuşanın azad olunması xəbərini verərkən deyib: "Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!".

Qeyd edib: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!". Bəli, bu gün Şuşa və bütün Qarabağ regionu canlanır, dirçəlir, beynəlxalq layihələrin mərkəzi olur.

Təkcə Azərbaycanın deyil bütün türk dünyasının mədəniyyət mərkəzi olan Şuşa ölkəmizin döyünən ürəyi, hər birimizin qürur yeridir. Uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı, əsas mədəni-iqtisadi mərkəzi olmuş, Şuşa bu gün də ölkənin, hətta türk dünyasının paytaxtı kimi böyük əhəmiyyətə malikdir. Belə ki, beynəlxalq tədbirlərə evsahibliyi edən şəhər, 2021-ci il mayın 7-də ölkənin mədəniyyət paytaxtı elan edilib. 2022-ci il isə Azərbaycanda “Şuşa ili” elan edilib.

Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatında mühüm rolu olan Şuşa təkcə ölkəmiz üçün deyil bütün türk və islam dünyası üçün də əhəmiyyətlidir. 2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Şuşa şəhəri 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilib. İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında ICESCO-nun İslam dünyasının mədəniyyət paytaxtı proqramına Şuşanın 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtına namizədliyi təqdim edilib. Konfrans iştirakçılarının yekdil rəyi ilə Şuşa 2024-cü il üçün İslam dünyasının paytaxtı elan edilib. Həmçinin 4-5 oktyabrda İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilən Yüksək Vəzifəli Turizm Ekspertlərinin 7-ci görüşü və Turizm Nazirlərinin 5-ci iclasında qəbul edilmiş Ərdəbil Bəyannaməsində Şuşa şəhərinin İqtisadi Əməkdaşlıq Təşkilatının 2026-cı il üzrə turizm paytaxtı seçilməsi də yer alıb.

Nurcan SÜLEYMANOVA,

"Respublika".