Multikulturallıq və birgəyaşayış həyat tərzimizdir
Siyasət

Multikulturallıq və birgəyaşayış həyat tərzimizdir

Çoxəsrlik tarixi ilə bir çox mədəniyyətlərin yaranma mərkəzi olan Cənubi Qafqazın lider dövləti Azərbaycan regionun inkişafına mühüm töhfələr verir. Əfsuslar olsun ki, Azərbaycanın sülhsevər, multikultural yanaşmasından tarix boyu sui-istifadə edilmiş, əmin-amanlığın bərqərar olmasında əngəllər törədilmişdir.

Son 200 illik erməni qəsbkarlığı nəticəsində xalqımızın maddi-mədəni irsi darmadağın edilmişdir. Birgə və firavan yaşayışa kölgə salanların, regiondakı inkişafı qısqananların xain cəhdləri Azərbaycanda yaşayan digər etnik millətlərə də təsirsiz ötüşməmişdir.

Azərbaycançılıq ideologiyası iki təməl prinsipi - "dövlətçilik" və "vətənpərvərliyi" özündə birləşdirir. Ulu öndər Heydər Əliyevin ən böyük tarixi xidmətlərindən biri kimi bu mühitin formalaşdırılması Azərbaycan dövlətinin sərvətidir. Heydər Əliyev hər zaman bu fikirdə olmuşdur ki, "Azərbaycanın çoxmillətli, tolerant ölkə olması bizim böyük sərvətimizdir, üstünlüyümüzdür...".

Dövlətimiz tarix boyu Azərbaycanı doğma evi hesab edən xalqların təhlükəsiz yaşamaları və adət-ənənələrini qorumaları üçün bütün imkanlarını səfərbər etmişdir. Bu gün dünya üçün multikultural dəyərlər yeni olsa da, Azərbaycan ərazisində yaşayan müxtəlif xalqların mədəni hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasəti ilə min illərdir bəşəriyyətə nümunə göstərməkdədir. Azərbaycanda belə bir gerçəklik dərk edilir ki, düşünülmüş multikulturalizm siyasəti olmadan ölkə sabit inkişaf yoluna qədəm qoya bilməz. Azərbaycanın birgəyaşayış modelini formalaşdırması və dünyaya təqdim etməsi bunun əyani təzahürlərindəndir. Bütün dünyada milli və dini münaqişələr fonunda artan fobiyaya, qarşıdurmaya yol verməmək üçün birgəyaşayışın Azərbaycan modelinin bütün ölkələrdə də tətbiq edilməsi ancaq bəşəriyyətə uğur gətirər.

Lokal antiterror tədbirlərinin uğurlu nəticəsi kimi, separatçıların suveren ərazilərimizdən çıxarılması, xunta rejiminin iflası reinteqrasiyaya "yaşıl işıq" yandırdı. Qeyd edək ki, ilk dəfə bu il martın 1-də Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilmiş və Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşmüşdür. Görüş zamanı etnik ermənilərin Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq ölkəmizə reinteqrasiyasına dair ilkin müzakirələr aparılmışdır. Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmasların davam etdirilməsi haqqında razılıq əldə olunsa da, öz xislətinə sadiq qalan separatçılar sonrakı proseslərin müzakirəsi üçün görüşlərdən imtina etmişlər. Belə ki, Azərbaycan Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ilk görüşdən qısa müddət sonra ikinci görüşə dəvət etdi. Bu dəvət riyakarcasına rədd edildi.

Həmçinin cari il avqust ayının əvvəlində Azərbaycanın xüsusi nümayəndəsi ilə yerli erməni sakinlərinin nümayəndələri arasında görüşün təşkili ilə bağlı razılıq əldə edilməsinə baxmayaraq, növbəti dəfə son anda erməni tərəfi bu görüşdən də imtina etdi. Bundan sonra üçüncü dəvətin olmayacağını bildirən dövlət başçımız bu cür riyakarlığa qarşı öz yanaşmasını ortaya qoydu. Nəticədə antiterror tədbirlərindən sonra özlərinin təklifi ilə Yevlaxda dialoq masasına əyləşənlər Azərbaycanın qətiyyətli mövqeyinin bir daha şahidi oldular. Belə ki, sentyabrın 21-də Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirildi. Azərbaycan mərkəzi hakimiyyətini görüşdə Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov, Qarabağın erməni sakinlərini isə Sergey Martirosyan və David Melkumyan təmsil ediblər.

Ermənistanın təcavüzkar siyasətindən bezmiş erməni xalqı artıq reinteqrasiya çağırışlarına cavab verir. Belə ki, son bir neçə gündə ard-arda Ermənistan vətəndaşları Azərbaycan Prezidentinə müraciət edərək onlara Azərbaycan vətəndaşlığı verilməsini xahiş edirlər. Məsələn, erməni bloger, İstanbulda ailəsi ilə müvəqqəti yaşayan İşxan Verdyan ona Azərbaycan vətəndaşlığının verilməsi xahişi ilə Prezident İlham Əliyevə müraciət etmişdir. O, Xankəndidə yaşamaq niyyətində olduğunu bildirmişdir.

Ermənistan vətəndaşı Vaqe Qambaryan da eyni xahişlə Azərbaycan Prezidentinə videomüraciət ünvanlayıb. O, Ermənistan vətəndaşlığından imtina edərək, Azərbaycan vətəndaşlığı almaq istədiyini, Bakıya gələrək yaxınlarını ziyarət etmək arzusunu ifadə edib. Qambaryan, həmçinin Xankəndidə yaşamaq niyyətini və Azərbaycan xalqını sevdiyini, hörmət etdiyini bildirib.

Dövlətimiz Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin edilməsi və ölkəmizin himayəsindən istifadə etmələrinə imkan yaradılması məqsədilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli üzrə İşçi qrupa həmin şəxslərin hüquqi statusunun müəyyən olunması ilə bağlı müvafiq tapşırıqlar da vermişdir. Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilkin qeydiyyata alınmaq üçün könüllü şəkildə reintegration.gov.az portalı vasitəsilə müraciət edə bilərlər. Bu, bir daha müxtəlif aspektlərdən reinteqrasiyanın əlçatan olmasını asanlaşdırır.

Nurlan ABDALOV,

"Respublika".