Gərginləşən münasibətlər qırılma nöqtəsində
Siyasət

Gərginləşən münasibətlər qırılma nöqtəsində

Dekabrın 26-da MDB-yə üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək. Bu barədə birliyin baş katibi Sergey Lebedev məlumat yayıb.

Ermənistanın baş naziri isə Avropa İqtisadi İttifaqının sessiyasında və MDB dövlət başçılarının bu toplantısında iştirak edib-etməyəcəyi ilə bağlı hələlik açıqlama verməyib. Paşinyan ofisinin yaydığı məlumata əsasən, baş nazir iclas tarixi yaxınlaşanda qərar verəcək. Bu qeyri-dəqiqlik isə Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın kəskin reaksiyasına səbəb olub. Rusiya rəsmisi bildirib ki, Kreml Paşinyandan konkret addımlar gözləyir.

Bu məsələ ümidlərlə deyil, faktlarla həll olunmalıdır. Zaxarova təkcə Paşinyanın dekabrda keçiriləcək iclaslardakı iştirakını nəzərdə tutmayıb, ümumi prosesdən narazılığını ifadə edib. Çünki İrəvan qərbyönümlü siyasət yürüdür, xarici siyasətini bu istiqamətdə yönləndirir. Amma Rusiya ilə bağlı da konkret addım atmır. Ermənistan KTMT-nin təlim və iclaslarına qatılmır. Bununla belə, təşkilatdan çıxmaq planının olmadığını da deyir. Bu isə ona işarə edir ki, İrəvanı Kremldən uzaqlaşmağa qoymayan səbəblər var.

Ermənistanın cari ildə Avrasiya İqtisadi İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 5 milyard dolları ötüb. Üstəlik, son iki ildə Rusiya ilə Ermənistan arasında iqtisadi-ticari əlaqələr 35 ilin maksimumuna çatıb. Ötən il fiziki şəxslərin Rusiyadan Ermənistana yalnız bank sistemi vasitəsilə pul köçürmələri təxminən 3,6 milyard dollar təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 32% çox olub. Elə bu pul Ermənistanın illik ÜDM-in 20%-nə bərabərdir. Eyni zamanda erməni fermerlərin kənd təsərrüfatı mallarının da əsas bazarı Moskvadır. Bu proses "Lars" keçid məntəqəsi üzərindən həyata keçirilirdi. Amma yol təxminən bir həftədir ki, bağlıdır. Səbəb kimi fitosanitariya qaydalarının pozulması göstərilsə də, bunun siyasi məqsədlə baş verməsi istisna deyil. Mümkündür ki, Kreml Paşinyan hökumətinə elan olunmamış sanksiya tətbiq edir. İrəvan isə sözügedən problemi həll etməkdə acizdir. Bunun üçün də erməni rəsmilər gülünc açıqlamalar verməyə məcbur olurlar. Onlar çağırış edirlər ki, Ermənistanda əhalinin yerli məhsullar alması vacibdir. Digər tərəfdən, sahibkarlar Avropa bazarına yönəlməlidirlər. Amma hökumət rəsmilərinin bu çıxışları yerli əhalidə qıcıq yaradır. Çünki Ermənistanın kənd təsərrüfatı məhsullarını Avropaya ixrac etmək mümkün deyil. Bu ölkənin göndərdiyi meyvə-tərəvəz qərb standartlarına cavab vermir. Ermənilər də 2 min ton çiyələk, 20 min ton pomidor ala bilməyəcəkləri üçün ölkədə iqtisadi münasibətlər dalana dirənib. Eyni zamanda yerli istehsalçıya kömək etmək üçün hökumət heç bir addım atmır. Bu da ona işarə edir ki, indi İrəvan rəsmilərinin fermerlərə iqtisadiyyatın stimullaşdırılmasına dair çağırışları gülüncdür. Bunların fonunda, Rusiya bazarını itirmək Ermənistan iqtisadiyyatı üçün fəlakətli olacaq. İndiki halda İrəvanın Moskva bazarından asılılığını qərblə əvəzləməsi də mümkün olmadığından, Paşinyan qəti olaraq Kremldən uzaqlaşa bilmir. Bu məqamda isə baş nazirin KTMT, MDB, Avrasiya İqtisadi İttifaqı platformalarında siçan-pişik oyunu oynamaqdan başqa şansı qalmır.

Yəni Birləşmiş Ştatlar ilə birgə təlimlərin keçirilməsi, Fransadan hərbi texnikanın alınması, eləcə də Avropa İttifaqının müşahidə missiyasının bölgəyə gətirilməsi İrəvanın Moskvaya "əzələ nümayişi" idi. Amma görünən odur ki, Paşinyan hökumətinin ata biləcəyi addımlar bununla kifayətlənəcək. İrəvan Kremlə qarşı açıq demarş etməyəcək. Çünki Ermənistan iqtidarı anlayır ki, Rusiya ilə əlaqələri tezliklə kəsmək onların ziyanına olacaq. Onsuz da kasıb olan xalq tamamilə müflisləşərsə, Paşinyanı kreslosunda saxlamayacaq.

Jalə QASIMZADƏ,

"Respublika".