Azərbaycanın uğurlarını həzm edə bilməyən İran terrora əl atır
Digər xəbərlər

Azərbaycanın uğurlarını həzm edə bilməyən İran terrora əl atır

Azərbaycan yanvarın 27-ni Tehrandakı səfirliyinə hücum xəbəri ilə açdı. Faciəli hadisə nəticəsində diplomatik nümayəndəliyimizin mühafizə rəisinin həlak olduğu, iki təhlükəsizlik əməkdaşının isə yaralandığı açıqlandı. “Kalaşnikov” ilə silahlanmış terrorçunu da elə səfirliyin mühafizə xidmətinin digər əməkdaşı zərərsizləşdirdi.

İrandakı səfirliyimizə edilən silahlı hücum Azərbaycan hökuməti və ictimaiyyəti tərəfindən kəskin tənqidlə qarşılandı. Hadisəyə ilk reaksiya Prezident İlham Əliyevdən gəldi. Dövlət başçısı baş verənləri birmənalı olaraq terror aktı adlandırdı, xain hücumla əlaqədar 44 günlük müharibə dövründə də haqq səsimizi dünyaya çatdırmaq üçün istifadə etdiyi sosial şəbəkədə - tvitterdə paylaşım etdi: “Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılacağını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!”. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva isə rəsmi instaqram səhifəsində ölkəmizin İrandakı səfirliyinə silahlı hücumla bağlı reaksiyasını bölüşərək, dünyanı hadisədən agah etdi. Cənab Prezident və xanımının sosial şəbəkələrdə başlatdığı müsbət tendensiya qısa zaman kəsiyində xarici ölkələrin də diqqətini cəlb etdi. Tehrandakı diplomatik nümayəndəliyimizi hədəf alan hücuma ilk reaksiya isə əlbəttə ki, daima Azərbaycanın haqlı mövqeyini dəstəkləyən, can bir qardaşımız Türkiyədən gəldi. İranda baş verən hücumu qətiyyətlə pisləyən Türkiyə Prezidenti Bakıya öz dəstəyini bildirdi. Türkiyə Xarici İşlər Nazirliyi yaydığı açıqlamada dünyanın türklərdən çəkindiyinə işarə edən bir başqa məqamı da vurğuladı. Rəsmi Ankara keçmiş dövrlərdən bəri özlərinin də analoji hücumlara məruz qaldığını bildirərək, bir növ baş verənlərin sıravi bir insident pəncərəsindən dəyərləndirilməsinə qarşı çıxdı. Eyni zamanda, hücumun təkrarlanmaması üçün bütün lazımi tədbirlərin görülməsinin vacibliyinə işarə etdi.

Zəruri prenventiv tədbirləri görməli olan məhz İrandır. Bu, həm də onun beynəlxalq hüquqa əsaslanan vəzifə borcudur. Diplomatik missiyalara edilən istənilən hücum zamanı ev sahibi olan ölkə Vyana Konvensiyasını yerinə yetirməklə bağlı öhdəliyini icra etməlidir. 1961-ci ildə Vyana konqresində qəbul olunan Diplomatik Əlaqələr Haqqında Konvensiyanın maddələrinə əsasən, diplomatların oturduğu səfirlik binaları toxunulmazdır. Təsadüfi deyil ki, bir çox ölkə də silahlı hücumu pisləyərkən məhz sözügedən beynəlxalq hüquq prinsiplərinə uyğun tədbirlər görməklə bağlı çağırışlar edib. Hadisədən sonra Prezident İlham Əliyevə zəng edən İsrailin dövlət başçısı Isaac Herzog da terrorizmin bütün forma və təzahürlərini pislədiyini bildirib. Hərbi texnika və mənəvi dəstəyi ilə Vətən müharibəsində mənfur düşmənlərimizə qarşı mübarizəmizdə də yanımızda olan Təl-Əviv hökuməti hadisənin araşdırılmasına töhfə verəcəyini də vurğulayıb. Britaniyanın Azərbaycandakı səfiri, Avropa Şurasının Baş katibi, Rusiya və Gürcüstanın yüksək səviyyəli rəsmiləri də İranda baş verən hadisənin sarsıdıcı olduğunu bildirərək Azərbaycanla həmrəy olduqları mesajını veriblər. Hadisənin qəbuledilməzliyini Fransanın bəyanatı da sübut edir. Son dövrlərdə qarşılıqlı diplomatik münasibətləri bilərəkdən korlamağa can atan rəsmi Paris bu dəfə ənənəsindən yayınaraq İrandakı səfirliyimizə hücumu pisləyib. Görünür, Yelisey sarayı söhbət təkcə “bacılaşdığı” Ermənistandan gedəndə rəsmi Bakıya qarşı aqressiya nümayiş etdirir.

Sözsüz ki, hadisədən sonra ən çox İranın reaksiyası gözlənilən idi. Çünki hücumdan sonra tələm-tələsik açıqlama verən Tehranın polis rəisi hadisənin motivini təhrif etməyə cəhd göstərmişdi. Üstəlik, yalandan bildirmişdi ki, guya hadisəni törədən şəxs səfirliyə iki uşağı ilə gəlib, hücum ailə-məişət zəminində baş verib. Lakin rəsmi Tehran bəlkə də günahkar olduğunu bildiyindən çaşqınlığa qapılıb unutdu ki, motivindən asılı olmayaraq səfirliyə hücuma görə məhz İran dövləti  məsuliyyət daşıyır. Qeyd etdiyimiz kimi, səfirliklərin mühafizəsi onların yerləşdiyi ölkələrin öhdəliyindədir, İran isə bu öhdəliyi nəinki yerinə yetirir, əksinə, diplomatik nümayəndəliklərə hücumlara özü şərait yaradır. Hadisə anının video görüntülərindən də aydın şəkildə məlum olur ki, İran polisinin fəaliyyəti ən aşağı səviyyədə olub. Daha dərindən analiz edəndə isə anlaşılır ki, bu, məişət zəminində baş verən cinayət yox, sırf terror aktıdır. Bununla belə, hadisədən bir gün sonra Prezident İlham Əliyevə zəng edən İranın dövlət başçısı İbrahim Rəisi bir cümləsində belə həqiqətləri demədi. Həlak olan soydaşımıza rəhmət diləməkdən başqa sözü də olmadı. Rəisi nitqində İran və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin ayrılmaz mədəni və tarixi bağlara əsaslanması kimi özlərinin belə inanmadığı ifadələrə yer verdi. İran lideri hücumun müvafiq qurumlar tərəfindən araşdırıldığını deyərək Bakını prosesdən kənarda saxlamağı da hədəflədi. Lakin hadisənin baş verdiyi andan terrorun ört-basdır edilməsi, hadisənin mahiyyətinin təhrif olunması üçün bir-birinin ardınca yalan məlumatlar yayan molla rejiminin nə qədər obyektiv tədqiqat aparacağı sual altındadır.

Sözsüz ki, rəsmi Bakı proseslərdən kənarda qalmayacaq. Araşdırmaların aparılacağının mesajını artıq Xarici İşlər Nazirliyi və digər müvafiq qurumlar verib. Çünki Azərbaycan ictimaiyyəti bu hücumun da, son zamanlar İranda ölkəmiz əleyhinə anti-Azərbaycan kampaniyasının aparılmasının da məqsədinin gün kimi aydın olduğunu bilir. Rəsmi Bakının 44 günlük müharibədə zəfər qazanması, bununla da regionun əsas siyasi gücünə çevrilməsi, eləcə də Rusiya-Ukrayna müharibəsindən sonra dünyada yaranan enerji probleminin həllində effektiv rol oynaması İranın siyasi dairələri tərəfindən həzm edilmir. Layiqli rəqabət aparmaqda aciz qalan rejim isə son variant kimi terrora əl atır.

Jalə QASIMZADƏ,

“Respublika”.